Ağdaş rayonunda şəhidlərin xatirəsinə həsr olunan film nümayiş etdirilib

Ağdaş rayonu Heydər Əliyev Mərkəzində film nümayiş etdirilib. 3 mart 2022-ci il tarixdə Heydər Əliyev Mərkəzində 89 saylı Göyçay-Ağdaş seçki dairəsinin Ağdaş rayonu ərazisindəki yaşayış məntəqələrindən könüllü olaraq cəbhəyə yollanmış 44 günlük Vətən Müharibəsi şəhidlərinin xatirəsinə həsr olunan filmin nümayişi keçirildi.

Bu barədə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Ağdaş rayon şöbəsinin sədri İlham Beydullayev məlumat verib.

İlham Beydullayev bildirdi ki, nümayişdə rayon ictimaiyyəti ilə yanaşı müharibə veteranları da yaxından iştirak ediblər. Nümayiş etdirilən film Azərbaycan Respublikası Milli Məclisinin deputatı Məzahir Əfəndiyevin təşəbbüsüylə ərsəyə gətirilmişdir. Filmin nümayişini müharibə veteranları təqdir etdilər və məmnunluqla qarşıladılar.

Heydər Əliyev Mərkəzinin konfrans zalında keçirilən tədbirdən öncə respublikamızın ərazi bütövlüyü və suverenliyi uğrunda şəhidlik zirvəsinə ucalan vətən oğullarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə Azərbaycan Respublikası Milli Məclisinin deputatı Məzahir Əfəndiyev çıxış edərək, hazırlanmış filmin gənclərin vətənpərvərlik ruhunda böyüməsi üçün mühüm əhəmiyyətə malik olduğunu qeyd etdi. Bildirib ki, Azərbaycan Silahlı Qüvvələri Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Ordumuz 44 gün davam edən Vətən müharibəsində düşmən üzərində qələbə çalaraq tarixi nailiyyətə imza atdı. Ölkənin 30 ilə yaxın, pozulmuş ərazi bütövlüyünün bərpası və xalqımızın mədəniyyət beşiyi hesab olunan Şuşanın azad olunması Prezident İlham Əliyevin Zəfər zirvəsidir. 300 ilə yaxın idi ki, böyük qələbəyə ehtiyacı olan və on illər idi ki, ermənilərin hər dəfə müxtəlif azğınlıqları ilə qarşılaşan xalqımız və dövlətimiz nəhayət ki, qələbəyə imza ataraq tarixi ədaləti bərpa etməyə müvəffəq oldu. Belə ki, 2020-ci ilin 27 sentyabrında başlanan Vətən müharibəsi Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, xalqın birliyi və Ordumuzun gücü nəticəsində Zəfərlə sona çatdı.

Tədbirdə şəhid atası Ayaz Vəliyev çıxış edərək şəhidlərin xatirəsinə göstərdiyi diqqət və qayğıya görə ilk növbədə ölkə Prezidenti cənab İlham Əliyevə və Milli Məclisin deputatı Məzahir Əfəndiyevə şəhid ailələri adından minnətdarlıq hisslərini ifadə etdi.

Şəhidlərin qəhrəmanlığına həsr olunan filmin nümayişi keçirildi.Tədbirdə rayon ictimaiyyətinin nümayəndələri, şəhid ailələri, qazilər, Vətən Müharibəsi iştirakçıları iştirak edirdilər.

Bu xəbəri paylaşın: