
Rəfail Tağızadə
Şair-publisist
Ağdam sofuluları Ağdam rayonunun şimali-qərbində, Ağdam şəhərindən 16 km şimalda, Ağdam-Ağdərə yolunun üstündə, Qabartı çayının sahilində, Nəzər dağı, Boz dağ, Qaraman dağının ətəyindən başlayaraq düzənliyə doğru uzanan ərazidə məskunlaşmışlar.
Ərazinin qışı nisbətən soyuq, yayı mülayimdir.
Sofulular əsasən üç kəndən ibarətdilər: Sofulu, Şəfibəyli (indiki Boyəhmədli) və Mollalar. Boyəhmədli sovetliyinin, indi isə Boyəhmədli icra nümayəndəliyinin tərkibində olan bu kəndlər biri-biri ilə qonşudurlar. Keçən əsrin 80-çi illərin sonlarında əhalinin, evlərin artımı ilə əlaqədar artıq kəndlər birləşmişdilər.
Sofulu kəndi iki obadan ibarətdir: Sofulu və Sarı Məmmədli.Boyəhmədli kəndi (Sofulular və bu əraziləri yaxşı tanıyanlar bu kəndi indi də Şəfibəyli kimi adlandırırlar. Ancaq sənəddə Boyəhmədli yazılır) Ağdam-Ağdərə yolunun üstündə — Nəzər dağının lap ətəyindən düzənliyə doğru ərazidə yerləşir. Boyəhmədli kəndi qurtaran kimi Sofulu kəndi başlayır. Mollalar kəndini Sofulu və Boyəhmədli kəndləri ilə Qabartı çayı ayırır. Bu kəndlər cənubdan Qızıllı (Kəngərli), Salahlı (Kəngərli), şimaldan Papravənd və Qaraprimli kəndləri ilə qonşudular. Bu kəndlərin ərazisi Dərəarası sahəsi ilə qərbdən Qalayçılar kəndinə, şərqdən isə Qaraağac sahəsi ilə Güllücə kəndinə kimi uzanır.

Kəndi yaxından tanıyanlar “Böyəhmədlinin harasındansan? Sofuludan, Şəfibəylidən, Mollalardansan?” deyə, soruşurlar. (1973-cü ildə Boyəhmədliyə Cəbrayıldan bir tayfa gəldi. Biz onlara “Gəlmələr” deyirik. Sonradan onların uşaqlarının pasportlarına Boyəhmədli kəndi yazıldı).
Sofuluların yerləşdiyi ərazi Azərbaycanın qədim yaşayış məskəni sayılır. Ona görə də bunlara diqqət yetirmək maraqlı olardı.1958-ci ildə rayonun Sofulu kəndi ərazisində aparılan arxeoloji qazıntılar zamanı böyük şəhər tipli yaşayış məskəni aşkar edilmişdir.
Gavurqala adlanan bu yaşayış məskənində qazıntılar zamanı insanların burada III əsrdən başlayaraq X-XV əsrlərə qədər yaşadıqlarını sübut edən mədəni təbəqələr aşkar edilmişdir. Burada olan antik və xristian dövrünə aid məbədlər, binalar, su yolları, toxuculuq, dulusçuluq, şüşə istehsalına dair əmək alətləri bir daha Gavurqalanın tarixi inkişafı haqqında müəyyən təsəvvürlər yaradır. Arxeoloq, tarix elmləri doktoru, professor Rəşid Göyüşov özünün “Azərbaycan arxeologiyası” adlı kitabında qeyd edir ki, Gavurqala sakinləri Yaxın Şərqin bir çox ölkələri ilə iqtisadi və mədəni əlaqədə olmuşlar. Qazıntılar zamanı Suriyadan gətirilmiş şüşə qablar, Bizans imperatorları adından zərb edilmiş pullar, İran mənşəli bəzək əşyaları və s. aşkar olunmuşdur.
Alban hökmdarları Qriqor Hammamın qardaşının qəbri olan möhtəşəm məbədin qalığı da məhz Govurqalada aşkar edilmişdi. Alban hökmdarının qardaşının qəbrinin burada olması da təsadüfi deyildir. Çünki Aluen şəhəri qafqaz albanlarının dini və ictimai tədbirlərinin keçirildiyi əsas yer idi.
G. Məmmədova isə qeyd edir ki, “tikilinin memarlıq-kompozisiya xüsusiyyətləri və analoqlarını nəzərə alaraq demək olar ki, bina ərəb işğalından əvvəlki dövrdə, təxminən VI əsrdə inşa edilmişdir.”Aluen şəhərinin xarabalığı olduğu ehtimal edilən Gavurqala şəhəri ətraf ərazidən 6–8 metr yüksəklidəki təpə üzərində salınmış narın qaladan və ətraf şəhərdən ibarətdir. Dərəarsından gətirilən su təchizatı sistemi olan bu şəhərin abad küçələri, xüsusi sənətkarlıq məhəllələri, dini ibadət kompleksi vardı. Şəhərdə böyük məbəd fəaliyyət göstərmişdir.
Gavurqalanın cənubda «Xırmanlar yeri» deyilən sahədə tədqiq edilmiş əzəmətli məbəd kompleksi son antik dövrə aiddir.Govurqalanı digər həmdövr abidələrindən fərqləndirən burada xırda-nəfis sənətkarlığın və toxuculuğun geniş yayılmasıdır. Axtarışlar zamanı zərgərliyə və toxuculuğa dair əmək alətləri kolleksiyası toplanmışdır.
Aluen şəhəri orta əsrlərdə Bərdədən Dəbilə (Dvinə) gedən ticarət yolunun üstündə yerləşmişdir. Həmin yolun izlərinə indi də təsadüf edilir. Bu yol üstündə ilk şəhər tipli yaşayış yeri də məhz Govurqaladır.
VII əsrdə yaşamış Alban tarixçisi Moisey Kalankatlı özünün “Avqan tarixi” əsərində göstərirdi ki, Aluen (bəzən Aquen də deyilir) Alban çarlarının yay iqamətgahı idi. Tarixdə məhşur hadisələrdən biri olan Aluen yığıncağının 488-ci il 13 mayda keçirildiyi deyilir. Tədqiqatçı alimlərin apardıqları çoxsaylı axtarışlardan sonra belə ehtimal olunur ki, Gavurqala yaşayış məskəni elə Aquenin özüdür.Deyilənlərə bunu da əlavə etmək lazımdır ki, Gavurqalanın yaxınlığındakı bir ərazi indi də «Əlvənd» dərəsi adlanır ki, bu da çox güman Aluen sözünün qismən dəyişilmiş formasıdır. (Sofulu kəndində “Əlvənd dərəsi”, Əlvəndlər tayfası və “Əlvəndlərin bağı” da var).
Tarixi məqamlara nəzər yetirərək belə fikir söyləmək olar ki, bu ad dəyişikliyi XI-XII əsrlərə təsadüf etmiş olur. Və həmin vaxtlardan sonra bəzi tarixi hadisələrdə Ağdamın adı çəkilməyə başlayır.Ağdam tarixi sənədlərdə ilk dəfə 1357-ci ildə xatırladılır.
Akademik Ziya Bünyadovun «Azərbaycan Atabəyləri dövləti» adlı monoqrafiyasında XIII əsrin əvvəllərində Xarəzmşah Məhəmmədin oğlu Cəlaləddinin monqollar tərəfindən pərakəndə salınmış qoşunlarının Ağdam yaxınlığındakı Qarqar çayı ətrafında məskən salması haqqında məlumat verilir. Digər bir mənbədə Ağdamın adı Əmir Teymurun Azərbaycana və Türkiyəyə hərbi yürüşü dövrü çəkilir. Qeyd olunur ki, Teymur 1402-ci ildə Osmanlı sultanı I Bəyazidi Ankara döyüşündə məğlub etdikdən sonra Azərbaycana dönərək Ağdamda öz qoşunu ilə dayanır. Və burada qurultay çağıraraq Cənubi Qafqazda zəbt etdiyi ərazilərin nəvəsi Ömər Mirzəyə (Miranşahın oğlu) tapşırılmasını qərara aldığını bildirir. Burada iki il qaldıqdan sonra 1404-cü il martın 27-də Ağdamdan Ərdəbil-Sultaniyyə-Həmədan yolu ilə Səmərqəndə qayıdır. Yuxarıda göstərilən tarixi faktlardan belə məlum olur ki, həmin dövrlərdə yerin adı Aquen yox, Ağdam adlanırmış.

XI əsrin məşhur dilçisi M. Kaşğarlının “Divanü lüğat-it-türk” (Türk dillərinin sözlüyü) əsərindən, başqa lüğətindən, klassik şairimiz Nəsimidən nümunələr gətirərək ağ sözünün “yuxarı” mənasında, xüsusən türk dillərində qədimdən işləndiyi qeyd edərək, Ağdamın “uca qala”, “yuxarı qala” anlamında olması əsas götürülə bilər. Ağdamın Bərdədən nisbətən yuxarı ərazidə yerləşməsi faktı da bunu təsdiq etmiş olur. Bir də Ağdam adının mənşəyi iki geniş yayılmış «ağ» və «dam» türk-azərbaycan sözlərinin birləşməsindən götürülə bilər. Çünki Govurqaladakı tikilinin başqa tikililərdən əsas fərqi istifadə edilmiş daşların yaxşı yonulmuş olmasıdır.
Bəziləri bu adın yaranmasını XVIII əsrdə mövcud olmuş Qarabağ xanlığı ilə, o cümlədən, xanlığın banisi Pənah xanın adı ilə bağlayırlar. Guya, Pənah xanın «İmarət» deyilən yerdə tikdirdiyi binanın damı ağ olduğu üçün xalq tərəfindən ona «ağ ev» və yaxud «ağ dam» adı verilmişdir. Əgər rayon ərazisində aparılan arxeoloji qazıntılar nəticəsində bəzi maddi sübutlar olmasaydı və yaxud mənbələrdə Ağdam adı erkən orta əsrlər dövrlərində çəkilməsəydi, onda bu deyilən sözlərlə razılaşmaq olardı. Gavurqala yaşayış məskənində alimlər tərəfindən bünövrəsi çay daşından, üst hissəsi isə ağ daşdan tikilmiş məbəd və bir neçə ev aşkar edilmişdir. Bu da əyani surətdə onu göstərir ki, yerli əhali ta qədimdən rayonun ərazisində mövcud olan əhəng tərkibli dağ mənşəli ağ daş mədənlərindən öz təsərrüfat işlərində geniş istifadə etmişlər.Qədim qəbiristanlıqda qalmış 1174-cü il tarixli daş lövhədən aydın olur ki, burada qədim qala olmuşdur.
İlk orta əsrlərdə Azərbaycanın hər yerində olduğu kimi Ağdam ərazisində də türkdilli tayfalara məxsus yeni abidələr, xüsusilə, daş heykəllər burda da aşkar edilmişdir.
Gavurqala tarixi abidə kimi qorunurdu.
Sofulu kəndindəki evlərin, qəbiristanlığın qədimliyi, yerləşdiyi yer və ad baxımından demək olar ki, sofulular əvvəlcə Sofulu kəndində məskunlaşıblar. Sonralar bəziləri Şəfibəyli və Mollalar ərazisinə köçərək orada yaşamağa başlayıblar. Sofulu kəndinin dörd bir tərəfi sıx-meşəyə oxşar bağlarla əhatə olunmuşdu.
Bu ərazilərin tədqiqatçısı olan professor Rəşid Göyüşov Sofulu kəndindəki qəbiristanlıqdakı qəbirlərin qədim olduğunu söyləyirdi. Onu da qeyd edim ki, bu qəbiristanlıqda bir künbəz də vardır. AXC-nin xəritəsində Sofulu kəndi Cavanşir qəzasının inzibati ərazisində yer almışdır.
Qarabağ bəylərbəyliyinin tarixini öyrənmək baxımından çox mühüm sənəd olan 1727-ci il “Gəncə-Qarabağ əyalətinin müfəssəl dəftəri”ndə aşağıdakı kimi yazılır: “Sofulu oymağı Xaçın nahiyəsinə tabe olan Tərnəküd torpağında əkinçiliklə məşğul olur, Muxur (dağının) ətəyində qışlayır, İrəvan torpağında olan Qızıltəpə adlı yerde yaylayır”. Sənəddə göstərilən vergi ödəyicilərinin sayına və ümumi verginin miqdarı haqda məlumata istinadən demək mümkündür ki, Sofulu böyük kəndlərdən biri olmuşdur. Vergi verənlər:
İsmayıl İbrahimoğlu, (İsmayılın qardaşı Aşur), Mikayıl, İsmayıl sofulu, Xanməmməd İbrahimxəliloğlu, Qasım, Nəqdəli Novruzoğlu.Bəyəli Seyfullah oğlu, (Bəyəlinin oğlu Bünyad), Əliqulu Seyfiquluoğlu, (Əliqulunun qardaşı Aşur), Həsənxan Sofuoğlu, (Həsənxanın oğlu Məhəmmədxan) və b. cəmisi 31 nəfər.
Gəlir:
Bennak və subay vergisi — 31 nəfər — 3.720 axça
Rusumlar — 6.080 axça
Qoyun vergisi — 12.700 axça
Gəlinlik vergisi — 300 axça
Badi-hava, işlənmiş gunah və törədilmiş cinayət üçün — 1200 axça
Yekun: 24.000 axça
Bu kəndlərin ərazisində Osmanlı qəbirləri də var ki, bu da təsadüfi deyildi. Sofuluların məzhəb baxımından da daha yaxın olması, yəqin ki, 1918-ci ildə köməyə gəlmiş Osmanlı ordusunun buranı özləri üçün daha münasib və təhlükəsiz yer seçmələrinə əsas verib. Osmanlı əsgərlərindən qalıb kənddə evlənəni olub. Onun uşaqları və nəvələri Boyəhmədlidə (Şəfibəylidə) yaşayırdılar.
Bu kəndlərin ərazisində Qarabağ düzünün gözəli sayılan 80-ə yaxın ilk tunc dövrünə aid kurqanlar var.

Ən hündür kurqan yeddi ədəd yan-yana düzülmüş hündür “Yeddi təpə” kurqanı idi.
Qarabağ ərazisində, xüsusilə düzən hissədə və dağ zirvələrində insan formasında hazırlanmış və ya üzərində insan təsviri həkk edilmiş daşlara təsadüf edilir.
Ağdam rayonu Sofulu kəndi ərazisində tarixi mənbələrdə göstərilən “Üçqız” yerləşir. (Əfsanəyə görə guya üç bacı olan bu qızlar boranlı bir gündə azırlar. Məhz bu yerdə onların üzərinə canavarlar hücuma keçir. Qızlar Allaha yalvarırlar ki, onları xilas etsin. Allah isə bu qızları daşa döndərməklə, onları canavarlardan xilas edir.)
Boyəhmədli kəndi yaxın kəndlərin mərkəzi hesab olunur.
Yeddi kəndi: Boyəhmədli, Sofulu, Mollalar, Papravənd, Qaraprimli, Qızıllı (Kəngərli), Salahlı (Kəngərli) kəndlərini özündə birləşdirən “Qarabağ” üzümçülük sovxozunun idarə binası, əvvəllər bu yeddi kəndin, sonralar Boyəhmədli, Sofulu, Mollalar, Qızıllı (Kəngərli), Salahlı (Kəngərli) kəndlərinin sovetliyi-icra nümayəndəliyi Boyəhmədli kəndində yerləşir.
Boyəhmədli kəndində iki şərab zavodu da vardı.
1930-cu illərdə Sofulu kəndində Aleksandr Zildxiyev tərəfindən ilk şərab zavodu fəaliyyətə başlamışdı. Kənddə şərab quyuları keçən əsrin 60-cı illərinsonuna kimi qalırdı. Yəqin, Sofulu bağlarındakı ağaclarda üzüm tənəklərinin çox olduğunu nəzərə alaraq zavod burada qurulub. Sonralar şərab istehsalının artdığını nəzərə alaraq mərkəzi yola daha yaxın olan Böyəhmədli kəndinə köçürülür.
“Qarabağ” üzümçülük sovxozu yaradıldıqdan sonra üzüm plantasiyalarının salınması ilə əlaqədar olaraq daha müasir tipli yeni üzüm emalı zavodu da tikildi. Əvvəllər ancaq “Ağdam” şərabı istehsal edən zavod, sonralar araq istehsal etməyə başladı. Zavod İtaliya texnologiyası ilə konyak istehsal etməyə tam hazır olan ərəfədə kənd ermənilər tərəfindən işğal olundu.
Bundan başqa kənddə üzüm saxlamaq üçün o vaxtlar nadir obyektlərdən olan böyük soyuducu anbar da vardır.
1903-cü ildən fəaliyyət göstərən, o dövrün bölgə üzrə ilk tədris ocaqlarından olan Boyəhmədli məktəbinə təkcə yeddi kənddən deyil, bütün ətraf kəndlərdən oxumağa gəlirdilər. 1985-çi ildən professor Ziyəddin Göyüşovun adını daşıyan Boyəhmədli kənd orta məktəbi yeni tipli üç mərtəbəli binaya köçdü və köhnə məktəb xəstəxana kimi fəaliyyətə başladı.
Məktəbin nəzdində musiqi məktəbi yaradıldı. Musiqi məktəbinə Sofulu kəndindən olan Ağdamın məhşur xanəndələrindən sayılan Ramiz Bəşirov rəhbərlik edirdi.
Boyəhmədli məktəbinin direktoru olmuş şəxslər:
Hakı Əfəndiyev, Vəliyəddin Əfəndiyev, Möhlət Allahyarov, Qaçay Ağayev, Əliş Abdullayev və Əkbər Vəliyev (Sofulu kəndindən olan Əkbər Vəliyev 1964-cü ildən kənd işgal olana – 1993-cü ilə kimi məktəbə rəhbərlik etmişdir.)

Onu da qeyd edim ki, məhşur xanəndə Şahmalı Kürdoğlu rus dilindən, prosessor Rəşid Göyüşov tarixdən Boyəhmədli məktəbində dərs demişlər.
Boyəhmədlilərdən, Sofululardan savayı Azərbaycanın xalq yazıçısı Bayram Bayramov, kimya elmləri doktoru Oktay Əliyev və başqa elm adamları da bu məktəbdə oxumuşlar.
Sofulu və Mollalar kəndlərinin uşaqlarının oxuduğu Sofulu kənd səkkizillik məktəbinin ilk direktoru Ziyəddin Həsənov olub. Sonra Oktay Həmidov kənd işğal olana kimi əvvəlcə səkkizillik məktəbin, sonra isə Sofulu kənd orta məktəbinin direktoru olub. Hər iki direktor Sofulu kəndindəndilər.
Tanınmış Ağdam sofuluları:
Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü, fəlsəfə elmləri doktoru, professor, filosof Ziyəddin Göyüşov (Sofulu kəndi); Tarix elmləri doktoru, professor Rəşid Göyüşov (Sofulu kəndi), AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun şöbə müdiri, APDU-nin professoru olub;
Biologiya üzrə fəlsəfə doktoru Məhəmməd Bəşirov (Sofulu kəndi), BDU-nun müəllimi olub;
Fizika-riyaziyyat üzrə fəlsəfə doktoru Nəsib Şəfiyev (Şəfibəyli kəndi) Xankəndi Pedaqoji İnstitutunun dosenti, Ağdam Təhsil Şöbəsinin müdiri olub;
Fizika-riyaziyyat üzrə fəlsəfə doktoru Elşad Həmidov (Sofulu kəndi) APDU-nin müəllimi;
Uzun müddət rus dili-ədəbiyyat müəllimi, Ağdam Təhsil Şöbəsində rus dili fənni üzrə metodist-müəllim, çoxlu sayda şeirlər kitabının müəllifi – şair Fəxrəddin Sofulu (Məmmədov), (Sofulu kəndi);Azərbaycan Yazıçılar Birliyinin üzvü, Beynəlxalq Rəsul Rza mükafatı laureatı, prezident təqaüdçüsü, şair-publisist Rəfail Tağızadə (Sofulu kəndi).
Bunlardan başqa professor Rəşid Göyüşovun oğlu, Azərbaycanın dünyada tanınmış tarixçilərindən sayılan, araşdırmaçı alim Altay Göyüşov, Tarix üzrə fəlsəfə doktoru, dosent, AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun baş elmi işçisi, Tükəzban Göyüşova da Bakıda doğulan sofululardılar.
Tayfalar:
Sofulu kəndi: Molla Vəlilər, Hacılar, Tağılar, Qara Məmmədlilər (Oruclar), Təpişlər, Hacı Əhmədlər, Göyüşlər, Alyarlar, Əlvəndlər, Çil Əhmədlər, Mehralılar, Hacı Bəşirlilər-Albalılar.
Şəfibəyli kəndi: Şəfilər, Səlimuşaqları, Alılar, Pirilər, Səfəralılar, Cəfərqulular, Salamuşağı, Dostular, Rəcəblər, Qulular, Doşanlar, Qurbanlar, Dadaşlar.
Mollalar kəndi: Dəlləklilər, Hacı Hüseynlər, Molla Cəbilər, Səmədlər.
Bağlar:
Sofulu kəndindəki: Əlvəndlərin bağı, Göyüşün Dərəbağı, Qulular bağı, Zoğallı bağ, Abbasın bağı, Hacı Hüseynin bağı, Orucların Dərəbağı, Saqqızlar bağı, Nərgizin bağı, Gülgəzin bağı,Hacıların bağı, Hacı Əhmədli bağı, Cabbarın bağı, Xəlilin bağı, Məmmədin bağı.
Boyəhmədli kəndində: Böyük bağ, Qovqalıq, Şölünün bağı, Astanın bağı, Hümbətin bağı, Baxışın bağı, Kişmişin bağı.
Mollalar kəndində: Dəlləkli bağı.
Bağlardan az bir qismi son vaxtlara kimi qorunub saxlanılmışdır.
Dağlar: Qaraman dağı, Nəzər dağı, Boz dağ,. Qaraman, Nəzər və Boz dağ arasında yerləşən Dərəarası gözəl istirahət məkanı idi.
Dərəarasında iki bulaq vardı: Ağ bulaq və Qara bulaq.
Sofulu kəndinin ərazisində tarixi yerlər də vardır:
Gövurqala, Yedditəpə, Çataltəpə, Əlvənd dərəsi, Təknar, Qarağac, Üçqız, Xırmanlar yeri.
Şəfibəyli kəndində Qədim Mələkmollalı qəbiristanlığı vardır.
Kəndlərin arasından axan Qabartı çayı öz suyunu əsasən Dərəarasındakı Ağ və Qara bulaqlarından götürürdü.
Sofulular yaylağa Kəlbəcərin Murov dağına, Sarıyel yaylağına çıxardılar.
Ziyarətgahlar:
Qonşu Papravənd kəndindəki Qara Pirim türbəsi;
Sofulu qəbiristanlığındakı Hacı Şəfi baba piri;
Nəzər dağının arxasındakı Qaraman dağında Qaraman baba piri.
Qaraman baba piri dağın yüksəkliyində yerləşdiyindən və maşın yolunun olmağından ora ancaq atla çıxırdılar. İki böyük çınar (qovaq) ağacının altında üç yonulmuş iri daş və bir qədim qəbirdən ibarət olan bu yerdə bir bulaq və balaca göl vardı. Su elə orada da qalırdı.
Yüksəkliyin başqa heç bir yerində bulaq yox idi.
Sofulular “Qara Pirim haqqı”, “Hacı Şəfi baba haqqı” deyib, and içirlər. Maraqlı bir faktı da qeyd etmək lazımdır ki, Sisianın Ərəfsə kəndi camaatının hörmətini qazanmış Mədinə adlı mömün qadın (onun adını daşıyan Mədinə piri də vardır) uzaq məsafəni qət edərək Qara Pirim ziyarətgahına gələrmiş. Qara Pirimin adı həmişə bütün sofulular üçün ehtiramla yad olunardı.
Sofulular xaraktercə sakit, mehriban, qonaqpərvər, elmə meylli, dostcanlı, yurdunu, torpağını sevən, insana və qonşulara diqqət və qayğıyla yanaşan, xeyirxahdırlar.

1886-cı il Çar Rusiyasının siyahıyaalma sənədində Yelizavetopol quberniyasınin Cavanşir qəzasının II sahəsinin (indiki Bərdə rayonun) Alpoit-Boyəhmədli kənd icmasına daxil olan və Mərcanlı-Sofulu adlanan kənddə 17 evdə (tüstü) 61 kişi, 40 qadın olmaqla 101 nəfərin yaşadığı göstərilmişdir, həmçinin Mollu-(Məmmədli) kəndində 30 evdə 112 kişi, 80 qadın olmaqla 192 nəfər qeydə alınmışdır.
Ağdam rayonunda Ağdamın Quzanlı, Sarıcalı, Bərdənin Xanərəb, Şahvəlilər, Lənbərən kəndləri arasında başqa bir Sofulu kəndi də olub.
Hakimiyyətə tabe olmadıqlarına görə kənd camaatı Bərdənin Xanərəb, Şahvəlilər və Təhlə kəndlərinə köçürülüblər. Kənddə böyük qəbiristanlıq olub. Qonşu kəndlər də vəfat edənlərini Sofulu kəndinin qəbiristanlığında dəfn edirlərmiş.
Kəndin imkanlı adamları, bəyləri olub. Əhəd bəy, Muxtar bəy və başqaları.
Çərkəz bəy Səfərəliyevin malikanəsi olub.
Sofulular əsasən əkinçilik və maldarlıqla məşğul olublar. 1964-cü ildən pambıqçılıq üzümçülüklə əvəz olundu və üzümçülük daha çox inkişaf etməyə başladı. “Qarabağ” üzümçülük sovxozu nəinki rayonda, eləcə də Azərbaycanda tanınmış təsərrüfatlardan birinə çevrildi. Boz dağın Papravənd kəndinə uzanan hissəsində daş karxanası vardır ki, bu da nəinki yaxın ətrafı, eləcə də qonşu rayonları da ağ hörgü daşları və əhənglə təmin edirdi.
İnzibati binalar:
Məktəblər:
Böyəhmədli kənd orta məktəbi;
Sofulu kənd orta məktəbi;
Musiqi məktəbi
Xəstəxana
Uşaq bağçası
“Qarabağ” üzümçülük sovxozunun idarə binası
İki Üzüm Emalı zavodu
Poçt
Klub
ATS
1993-ci il iyunun 26-da Ermənistan Ordusu tərəfindən işğal olunana kimi kəndlərin əhalisi belə idi:
— Boyəhmədli kəndi 409 ailə 1632 nəfər 26 iyun 1993-cü il
— Sofulu kəndi 154 ailə 521 nəfər 26 iyun 1993-cü il
— Mollalar kəndi 148 ailə 539 nəfər
26 iyun 1993-cü il Böyük Vətən Müharibəsində (1941-1945) sofululardan da xeyli sayda həlak olanlar olub.
Birinci Qarabağ müharibəsində (savaşında) demək olar ki, əli silah tuta bilən bütün sofulular ilk vaxtlar özünümüdafiə dəstələrində, sonralar isə Müdafiə və Daxili İşlər Nazirliklərinin qoşun birləşmələrində rəşadətlə döyüşdülər. Çoxlu sayda yaralananlar və şəhid olanlar oldu.
