MİF DAĞILDI, AMMA…

ELBARİZ Məmmədli

Ukrayna savaşı Rusiyanın bütün mövcudluğunu sual altına saldı. Dünya ilə hədə dilində danışmaq imkanlarını heçə endirdi. Bütün bəşəriyyətin nifrətini qazanmış yeni faşizm ( neofaşizm ) ünvanını formalaşdırdı.Rus hərbi arsenalının və kontingentininnə nə qədər keyfiyyətsiz və yararsız olduğunu ortaya qoydu. Rus siyasi və hərbi düşüncəsinin namərd həmlələrdən başqa heç nəyə yaramadığını göstərdi. Aydın oldu ki, onlar razinlərin və puqaçovların quldur təfəkküründən uzağa gedə bilməyiblər. Bütün xalqları onlar üçün müqəddəs olan dəyərlərindən çarmıxa çəkib istismar ediblər. Dövlət və dövlətçilik düşüncəsinə köklənmək əvəzinə, əsrlər boyu məkr və xəyanət üzərində işləyiblər. Özlərini və qonşularını sivil dünyadan təcrid ediblər.

Özündən razı halda Ukraynaya hücum çəkən Kreml xuntası əslində, bu ölkənin işğalı üçün iki-üç günlük bir zaman kəsiyi nəzərdə tutmuşdu. Özlərinə oxşayan kəşfiyyat məlumatları da xuntanı buna kökləmişdi. İlk həmlədə burunları ovulan kimi, Gəncə, Bərdə variantına əl atdılar. Ağır tipli silahlarla şəhər və kəndləri bombalamağa başladılar. Bu cəhdlər də onların əleyhinə işlədi. Bir az pərakəndə olan Ukrayna xalqı bütövləşdi. Belə çıxdı ki, rular özlərinin yaratdıqları ədəbiyyatdan da xəbərsizdirlər. Əks halda, təkcə A. Fadeyevin «Molodaya qvardiya» romanını oxuyub, ukrayna xalqının nəyə qadir olduğunu bilərdilər.

Deməli, Karlikin (Putin) ədabaz davranışı və yekə danışığı bunlar üçün daha önəmli imiş. Amma bu gün Ukrayna çöllərində tökülüb qalan, yırtıcılara yem olan rus balalarının haqqı bu deyildi. Siyasi oyunun qurbanına çevrilmiş rus əsgəri ölkəsini viran qoysa belə, ukraynalılar tərəfindən işgəncəyə məruz qoyulmadı. Kremlin faşist adlandırdığı xalq, öz böyüklüyü ilə təkcə ruslara deyil, bütün insanlığa dərs keçdi. Dünya siyasi arenasında Rusiyanın bu özbaşınalığını əsasən NATO-nun genişlənməsinə əks həmlə kimi dəyərləndirənlər çoxdu. Amma son onilliyin siyasi proseslərinə diqqət yetirdikdə, reallıq başqa şeyləri diqtə edir.

Rusiyada şovinist millətçi qrupların yaradılması, SSRİ-yə qayıdış şüarlarının get-gedə qabardılması, digər postsovet ölkələrinin varlığına qarşı qara niyyətlərin dilə gətirilməsi və təbliğat şüarına çevrilməsi hər şeyi açıb ortaya qoyurdu. Xalqlar koloniyasının yenidən formalaşdırılması üçün ciddi iş aparılırdı. 44 günlük Qarabağ savaşımızda qardaş Türkiyə başda olmaqla, bir çox sanballı dövlətlərin açıq və ya dolayı yolla bizi müdafiə etməsi, rusları əndişələndirdi. Niyyətlərində daha hərəkətli olmağa məcbur etdi. Sonra Qazaxıstan hadisələri və nəhayət Ukrayna…

İndi davam edən müharibən rusların bircə qazancı var. Artıq zaman keçdikcə, yeni nəsillər tərəfindən unudulmaqda olan Hitler faşizminin adını başqa formatda öz ünvanına köçürdü. Adına slavyan deyilən, əslində fərqli genə malik olan xalqları əbədi düşmən elədi. İndi törədilən cinayətlərin fonunda çox güman ki, kimsə rus faşizmini qoyub, hitlerizmi xatırlamayacaq. Ən başlıcası Ukrayna xalqının yazdığı qəhrəmanlıq tarixi buna imkan verməyəcək.

Artıq İmperiyanı böyütmək cəhdləri xeyli uğursuz görünür. Amma ilan ulduz görənədək bu məkrli niyyətlərdən əl çəkiləcəyi inandırıcı görünmür. Avropa Birliyi zirvəsindən Moldova və Gürcüstanın qorunmasına ünvanlı fikirlərin səsləndirilməsi də bununla bağlıdır. Orta Asiya ölkələrində gələcəklə bağlı qeyri müəyyənlik hələ davam etməkdədir. Ermənistan və Belorusun artıq əjdahanın mədəsində olduğu şübhə doğurmur. Meydanda Türkiyə, Pakistan, İsrail kimi tərəfdaşı olan Azərbaycana həmlə etmək isə, hələlik ruslara sərf etmir. Hələ Ukrayna savaşından hansı durumda çıxacağı da ( çökmüş və ya bölünmüş) məlum deyil. Hərçənd ki, bu savaş elə ilk gündən uduzulub və Rusiyanın öz ətrafında yaratdığı mif dağılıb. Bu da rusların beynəlxalq kürsülərdə güc mərkəzi kimi təqdim olunmaq imkanlarını tamamilə məhdudlaşdırıb. Artıq Çinin bu ölkə üzərinə təsir imkanlarına geniş meydan açıb. Yaponiyanın hərəkətlənməsinə imkan yaradıb.

Daha dəqiq desək, Rusiya başqaları üçün qazdığı quyuya özü düşüb. Bu əməli işin memarı isə, şərəfli Ukrayna xalqıdır. Slava Ukraine!!!

Bu xəbəri paylaşın: