Bakı Slavyan Universitetinin Azərbaycanşünaslıq Elmi-Tədqiqat Mərkəzinin müdiri, müharibə veteranı, istefada olan polkovnik Sadir Məmmədovun «Qarabağ: MİF və HƏQİQƏT» adlı yeni kitabı işıq üzü görüb.
Geniş oxucu kütləsi üçün nəzərdə tutulmuş dərs vəsaitinin ərsəyə gəlməsində Sadir Məmmədovla yanaşı Tural Məmmədovun da elmi-tarixi araşdırmalarının yer aldığı kitabda Azərbaycanın əzəli-əbədi ərazisi, Qarabağın tarixi-coğrafi mövqeyi, Qarabağ ərazisində yaşamış tayfalar, onların mədəni-ədəbi abidələri, ermənilərin Qarabağda, eləcə də tarixi Azərbaycan torpağı olan Zəngəzurda məskunlaşması, onların türk torpaqlarında dövlət qurmaq cəhdləri, erməni uydurmalarının ifşası, qədim erməni dili ilə bağlı həqiqəti əks etdirməyən iddiaları, Qarabağda erməni cinayətləri, Qarabağ probleminin həllini əyaniləşdirən Azərbaycan dövlətinin siyasi mövqeyi və Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin başçılığı altında rəşadətli Azərbaycan Ordusunun 44 günlük Vətən Müharibəsində qazandığı Şanlı Zəfərimiz şərh edilir.
Dosent Sadir Məmmədovun “Azərbaycanşünaslıq tədqiqatları” silsiləsindən “Mütərcim” Nəşriyyat-Poliqrafiya Mərkəzində işıq üzü görmüş növbəti kitabı universitet tələbələri, magistrantlar, doktorantlar, müəllimlər və geniş oxucu kütləsi üçün nəzərdə tutulub.
Dərs vəsaiti Bakı Slavyan Universitetinin xaricdə fəaliyyət göstərən Azərbaycan dili və mədəniyyəti mərkəzləri, xarici universitetlərdə “Azərbaycan dili” ixtisası üzrə təhsil alan və dilimizi öyrənən tələbələr üçün faydalı tədris resursudur.
Xatırladaq ki, polis polkovniki Sadir Məmmədov 1989-1990-cı illərdə Azərbaycan Respublikası Şuşa Rayon Daxili İşlər Şöbəsinin rəisi, 1990-cı ildə keçmiş DQMV-nin Daxili İşlər İdarəsinin rəis müavini, 1992-ci ildə isə Ağdərə Rayon Polis Şöbəsinin rəisi vəzifəsində çalışıb. Qarabağ münaqişəsinin ilk illərində Qarabağda erməni ekstremist və terrorçularına qarşı mübarizədə xüsusi xidmətləri olub, bir sıra əməliyyatlarda bilavasitə iştirak edib.
N. Məmmədli