AVMVİB sədri F. Rzaquliyev: «Biz həqiqətən də müzəffər xalq olaraq var olacağıq»

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) sədri Füzuli Rzaquliyev bildirdi ki, Ali Baş Komandan cənab İlham Əliyevin Şuşa şəhərində Dünya Azərbaycanlılarının V Qurultayı – Zəfər Qurultayında etdiyi çıxışı müharibə veteranları iftixar hissiylə dinləyib müzakirə edirlər.


AVMVİB sədri F. Rzaquliyev qeyd etdi ki, ölkə rəhbərinin dərin mənalı çıxışı dünyada, Cənubi Qafqazda və Qarabağda baş verən hadisələrə münasibət bildirən bir haqlı liderin, bir Müzəffər Komandanın və bir sözlə uzaqgörən bir hərbi strateqin nitqi kimi dəyərləndirilməlidir. Ümumiyyətlə, cənab İlham Əliyevin hər bir çıxışı müharibə veteranları tərəfindən rəğbətlə qarşılanır və müzakirə edilir.


Prezidentin haqlı olaraq söylədiyi reallığı öz həyatımızda 30 il gözlədik və bu istiqamətdə çalışdıq: «Bundan sonra Azərbaycan xalqı müzəffər xalq kimi əbədi yaşayacaq, bundan sonra bizim dövlətimiz qalib dövlət kimi yaşayacaq. Bu, böyük xoşbəxtlikdir — hamımız üçün, Azərbaycanda yaşayanlar, Azərbaycan vətəndaşları üçün, xaricdə yaşayan azərbaycanlılar üçün. Bu tarixi missiyanı həyata keçirən bizim qəhrəman övladlarımız tarix qarşısında, xalq qarşısında, Vətən qarşısında misilsiz xidmətlər göstərmişlər. Müstəqillik dövründə yetişən gənclər, vətənpərvərlik ruhunda yetişən gənclər bu tarixi hadisəni, tarixi müjdəni Azərbaycan xalqına bəxş etmişlər».


Biz daim öz Ali Baş Komandanımıza inandıq və özümüzü onun verəcəyi əmrə hazırladıq. İllər boyu BMT-nin, ATƏT-in və başqa beynəlxalq təşkilatların edə bilmədiyi, daha doğrusu etmək istəmədiyi və ədalətsizliyə, işğala, soyqırımına və Qarabağın talanına yumulan gözlərini açmağın tək yolu öz torpaqlarımız üzərində haqqımız olana əmr edən əsil sərkərdə kimi hərbi siyasi yolla bizləri hədəfə çatdıran cənab İlham Əliyevin bu nitqi əslində, harada yaşamasından asılı olmayaraq, hər bir ölkə vətəndaşı üçün bir fəaliyyət proqramı olmalıdır. Ölkə rəhbəri haqlı olaraq dedi: «Yeni torpaqlar uğrunda yeni müharibə ilə bizi hədələdilər. Amma yenə də beynəlxalq ictimaiyyət buna susdu. Bu, açıq təhdiddir. Özü də işğalçı dövlət tərəfindən işğala məruz qalan dövlətə qarşı növbəti təhdiddir. Yəni, bizi növbəti işğalla hədələyirdilər. Ancaq nə BMT, nə ATƏT, nə başqa təşkilatlar, nə Minsk qrupu heç bir açıqlama verməmişdi. Əlbəttə ki, işğalçı bundan ruhlanaraq daha da azğınlaşmışdı və faktiki olaraq Ermənistan tərəfindən onilliklər ərzində uydurduğu mifologiyaya inanmağa başlamışdı».

Füzuli Rzaquliyev bildirdi ki, Ali Baş Komandanımız bu sözlərlə bütün cəbhənin kordinatlarını təsvir edib və bəyan edib: «Biz faşizmi məhv etdik. Biz Cənubi Qafqazı faşizmdən xilas etdik. Ancaq hələ də faşizmin təzahürləri baş qaldırır, hələ də Ermənistanda bəzi dairələr və dünya erməniliyi, xarici ölkələrdə yaşayan ermənilər bizi hədələməyə çalışırlar. Amma İkinci Qarabağ müharibəsinin tarixçəsi onların yadından çıxmamalıdır».


Neçə ki, Prezidentimizin: «Yaşasın Şuşa! Yaşasın Qarabağ! Hamımız birlikdə: Qarabağ Azərbaycandır!» — çağırışına birlikdə qoşuluruq bu yurda zaval yoxdur. Biz həqiqətən də müzəffər xalq olaraq var olacağıq.

Dövlət başçısının dediyi kimi: «Ancaq bu gün vəziyyət tam başqadır. Bu gün alnımız açıqdır, bu gün üzümüz gülür, bu gün başımız dikdir və həmişə belə olacaq. Mən tam əminəm ki, bundan sonra Azərbaycan xalqı müzəffər xalq kimi əbədi yaşayacaq, Azərbaycan dövləti qalib dövlət kimi əbədi yaşayacaq. Biz öz torpağımızdayıq, bu torpaqda möhkəm dayanmışıq və heç kim heç vaxt bu torpaqlardan bizi tərpədə bilməz».

Bu xəbəri paylaşın: