
FÜZULİ Rzaquliyev
Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) sədri
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Xüsusi Təyinatlı Qüvvələrin yaradılmasının 23-cü ildönümü münasibətilə aprelin 30-da Müdafiə Nazirliyinin Xüsusi Təyinatlı Qüvvələrinin “N” saylı hərbi hissəsində olub.
Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin hərbi hissənin şəxsi heyəti qarşısında etdiyi çıxış köhnə döyüşçülər tərəfindən rəğbətlə qarşılanıb. Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) sədri Füzuli Rzaquliyev ölkə rəhbərinin müharibə veteranlarının ciddi rəğbətinə səbəb olmuş çıxışına münasibət bildirib.
Qeyd etdi ki, 44 günlük Vətən müharibəsindən sonra iftixarla deyirik ki, bizim Ali Baş Komandanımız cənab İlham Əliyev bizim üçün təkcə Prezident deyil, həm də Komandan kimi müharibə veteranıdır, döyüşçü Qazimizdir. Bu bizim fəxr etdiyimiz bir nüansdır. Ona görə də Komandanımızın hər bir çıxışını rəğbətlə qarşılar və fəxarətlə müzakirə edərik. Prezidentimizin hər bir çıxışı, nəinki ölkəmizdə, elə dünyada da maraqla qarşılanır. Çünki dünya siyasətində İlham Əliyev öz yerini və öz imzasını kimlərin istəyib istəməməsindən asılı olmayaraq qoymuş bir siyasətçi və sərkərdədir.
AVMVİB sədri Füzuli Rzaquliyev bildirdi ki, Ali Baş Komandanımız, Prezident İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi 2003-cü ildən bəri stabil olaraq bir xətt irəli sürdü və o yola sadiqliyini qorudu. «İkinci bir erməni dövlətinin yaranmasına imkan verməyəcəyini» dedi və etdi. O da həqiqətdir ki, Ulu öndərin əsasını qoyduğu daxili və xarici siyasət kursunun uğurla davam etdirilməsi sayəsində Azərbaycan bugünkü yüksəlişə və inkişafa nail ola bildi. Gənc dövlətin əsaslarının möhkəmliyi və həyata keçirilən strategiyanın səmərəliliyi məhz Prezident İlham Əliyevin liderlik keyfiyyətləri, zəkası, siyasi iradəsi və uzaqgörənliyi sayəsində mümkün oldu.
Bunu Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Xüsusi Təyinatlı Qüvvələrin yaradılmasının 23-cü ildönümü münasibətilə aprelin 30-da Müdafiə Nazirliyinin Xüsusi Təyinatlı Qüvvələrinin “N” saylı hərbi hissəsində etdiyi çıxışda bir daha təsdiqlədi:
«Ancaq əfsuslar ki, Aprel hadisələri işğalçılar üçün dərs olmadı. Onlar işğalı əbədiləşdirmək üçün öz səylərini davam etdirdilər və işğalı əbədi etmək üçün Azərbaycana, Azərbaycan Silahlı Qüvvələrinə hədə-qorxu gəlməyə davam etdilər. Bizi yeni müharibə ilə hədələyən düşmən İkinci Qarabağ müharibəsində öz dərsini aldı. “Qarabağ Ermənistandır və nöqtə” deyən düşmən bu gün “Qarabağ Azərbaycandır” deyir. Nəyin hesabına? Danışıqlar hesabına yox! Güc hesabına, qüdrət hesabına, Azərbaycan Ordusunun Zəfəri hesabına! Biz güclü ordu yaratmışıq. Bundan sonra da bu istiqamətdə işlər aparılacaq. Mən Prezident kimi öz səlahiyyətlərimi icra etməyə başlayan zaman demişdim ki, mənim üçün Prezident və Ali Baş Komandan kimi birinci vəzifə ordu quruculuğudur. Çünki torpaqlarımız işğal altındadır, danışıqlara ümidlərimiz tükənib və güc yolu ilə biz bu məsələni həll etməliyik. Bunu illər boyu bəyan edirdim, çalışırdım Ermənistan rəhbərliyi, nəhayət anlasın ki, Azərbaycan xalqı və Azərbaycan rəhbərliyi, Azərbaycan Ordusu bu işğalla heç vaxt barışmayacaq. Bunu rəsmən bəyan edirdim ki, nəyin bahasına olursa-olsun, torpaqlarımızı düşmənin əlindən alacağıq, ərazi bütövlüyümüzü bərpa edəcəyik. Belə də oldu».
Sədr F. Rzaquliyev qeyd etdi ki, pandemiyanın tüğyan etdiyi günlərdə bir strateq və bir uzaqgörən lider kimi irəli sürdüyü «Biz birgə güclüyük!» böyük və şərəfli bir dövrün şüarına çevrildi. Sanki hər kəs bu qəhrəman Komandanın bir əmrini gözlədi və hazır oldu. Son çıxışında bu günləri Ali Baş Komandan bu cür açıqladı:
— Biz cəmi 44 gün ərzində 300-dən çox şəhər və kəndi düşmənin əlindən aldıq, döyüş meydanında bu Zəfəri qazandıq, danışıqlar yolu ilə yox, kiminsə güzəşti ilə yox, qan tökərək, şəhidlər verərək. Bizi irəliyə nə aparırdı? Vətən sevgisi, Vətənə sevgi, düşmənə nifrət! Bax, biz gənc nəsli bu əhval-ruhiyyədə yetişdirmişik, bu əhval-ruhiyyədə bizim ordumuz yetişib və ordumuzun ən döyüşkən birləşməsi olan xüsusi təyinatlılar bu amalla, bu ideya ilə irəliyə gedirdi, öz sinəsini qabağa verirdi.
Bizim bütün əsas həlledici əməliyyatlarımızda xüsusi təyinatlılar ön sırada idilər. Digər hərbi birləşmələr ilə birlikdə şəhər və kəndlərimizi azad edən xüsusi təyinatlıların rolunu mən xüsusilə vurğulamaq istəyirəm. Uğurlu əməliyyatlardan sonra yolumuz Şuşaya açıldı. Yolumuz deyəndə, o yol yox idi. Uğurlu Hadrut əməliyyatından sonra, — hansı ki, Ermənistanda fərarilərin sayını kəskin artırmışdır, — onlar inanmırdılar ki, biz o istiqamətdə gedəcəyik. Onlar bizi başqa yerlərdən gözləyirdilər. Amma bizim aslanlarımız, igidlərimiz olmayan yerdə yol açdılar, öz əlləri ilə, öz ayaqları ilə, öz sinələri ilə. Dərələrdən, meşələrdən, cığırlardan keçərək istiqamət Şuşaya idi. Mən müharibə zamanı demişdim, Şuşasız bizim işimiz yarımçıq qalacaq. Müharibənin ilk günündən son gününə qədər hədəfimiz Şuşanın, bizim tacımız olan əziz şəhərimizin erməni tapdağından azad olunması idi və buna nail olduq, buna siz nail oldunuz, xüsusi təyinatlılar nail oldu. Neçə gün yorulmadan, əlində yüngül silahlarla o dərələrdən, meşələrdən keçərək Şuşaya yaxınlaşdı bizim igidlərimiz. Yol boyunca bir çox kəndi azad etdi, qan tökdü, şəhidlər verdi, amma dayanmadı, irəliyə getdi. Bu gün Şuşaya gələn hər bir insan, sadəcə olaraq, məəttəl qalır — bu alınmaz qalanı Azərbaycan övladları necə aldılar. Hər dəfə Şuşaya Zəfər yolu ilə gedəndə hər bir insan bu haqda fikirləşir. Son vaxtlar artıq Zəfər yolu ilə Şuşaya gedən insanların sayı həddindən artıq çoxdur, həm Azərbaycan vətəndaşları, həm xarici vətəndaşlar. Ondan sonra mənimlə təmaslar əsnasında qeyd edirlər ki, siz Azərbaycanda belə qısa müddətdə bu yolu necə çəkmisiniz? Mən isə deyirəm, əsas məsələ bu deyil, siz fikirləşin bizim əsgər və zabitlərimiz o meşələrdən necə keçiblər, o yolu onlar açıblar və bu yola mənim tərəfimdən Zəfər adı verilməklə biz bu şanlı Zəfərimizi bir daha tariximizdə həkk etdik…
AVMVİB sədri Füzuli Rzaquliyev bildirdi ki, bu yolun ən məşqqətli günlərinin iştirakçılarından biri kimi bu gün qətiyyətlə deyə bilərəm, zamanında İlham Əliyev kimi bir Komandanımız olsaydı düşmən bir qarış torpağımızı ala bilməzdi. Bu gün hələ də içimizdəki düşmən xislətlilər Dövlət Başçısının haqlı iradlarına da irad tutmağa cəhd etmək əvəzinə bu çıxışlardan ən yaxın tariximizi öyrənmələrini tövsiyyə edərdim.
Bu gün şərəfli 44 günlük bir yolun, həm məcazi, həm də həqiqi mənada mahiyyətini kimsə əsil Komandanımız kimi şərh edə bilməz: «İkinci Qarabağ müharibəsindən ilyarım keçib. Hərbi ekspertlər, bu məsələ ilə, münaqişələrlə məşğul olan insanlar bu günə qədər Azərbaycan Zəfəri haqqında danışırlar və mənə bu məsələ ilə bağlı, müharibə ilə, Zəfərimizlə bağlı çoxsaylı suallar verilir. Nə, hansı amillər bu Qələbəni şərtləndirdi? Onların arasında birinci Vətən sevgisidir. Yəni, sizi ölümə aparan, “öldü var, döndü yoxdur” deməyə vadar edən Vətən sevgisi idi və biz bunu nümayiş etdirdik. Bütün dünyaya nümayiş etdirdik ki, biz böyük xalqıq və müharibəni biz ləyaqətlə aparmışıq. Mənfur düşmən döyüş meydanında məğlubiyyətə uğrayarkən bizim şəhər və kəndlərimizi namərd atəşə tutmuşdur. Yüzdən çox dinc insan, onların arasında uşaqlar, qadınlar bu namərd atəş altında öz həyatlarını itirdilər. Biz isə ləyaqətlə müharibəni apardıq və müharibə zamanı mən deyirdim ki, biz qisasımızı döyüş meydanında alacağıq. Biz mülki vətəndaşlarla heç vaxt vuruşmamışıq və vuruşmayacağıq. Azərbaycan xalqının ülvi keyfiyyətləri bizə imkan verməz və belə də oldu. Bütün dünya bunu etiraf edir ki, azərbaycanlılar ləyaqətlə vuruşdular, kişi kimi vuruşdular, düşməni qovdular, diz çökdürdülər və öz sözlərinə əməl etdilər».
Qarabağ Azərbaycandır!
AVMVİB Mətbuat Xidməti
