Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mayın 2-də Bakının Sabunçu rayonunda şəhid ailələri və müharibə əlilləri üçün nəzərdə tutulan yeni yaşayış kompleksinin açılışında iştirak ediblər.

Açılış mərasimi zamanı Ali Baş Komandan İlham Əliyev şəhid ailələri və qazilər haqqında fikirlər səsləndirdi. Həmin fikirlərdən bəzilərini diqqətinizə çatdırırıq:
—Bilirsiniz, müharibədən sonra şəhid ailələri ilə, veteranlarla, qazilərlə çoxsaylı görüşlərim olub. Hər bir görüş bir daha xalqımızın böyüklüyünü göstərir. Çünki öz oğlunu, həyat yoldaşını, qardaşını itirmək böyük faciədir. Ancaq bu, xalqımızın iradəsini sarsıtmadı. Biz Mahir kimi qəhrəmanlar hesabına bundan sonra qəhrəman və müzəffər xalq kimi əbədi yaşayacağıq. Yenə də deyirəm, biz Birinci Qarabağ müharibəsini də heç vaxt unutmamalıyıq, şəhidləri unutmamalıyıq. O vaxt onlar şəhid oldular, amma torpaqlar da getdi. Bu dəfə şəhid oldular, amma torpaqlar qayıtdı. Fərq budur və təsəlli bu ola bilər. Əlbəttə, yaxın, doğma adamın itirilməsi yarası heç vaxt sağalmayacaq. Amma həyat davam edir və davam edəcək.
Prezident İlham Əliyev: Mən yenə də deyirəm, ömrün əvvəli də, sonu da var, heç kim həyatda əbədi qalmır. Amma şəhid olmaq, bu, doğrudan da xalq qarşısında, tarix və gələcək nəsillər qarşısında böyük xidmətdir. Şəhid əbədi qalır, əməyi və qəhrəmanlığı əvəzolunmazdır. Çünki canını fəda edir ki, torpaqlar azad olunsun və ədalət bərpa olunsun, xalqımızın ləyaqəti bərpa olunsun. Çünki otuz il torpaqlarımız işğal altında qalıb və xalqımız mənəvi əzablar çəkib — hər birimiz, o cümlədən Mahir. Onu irəliyə aparan məhz Vətən sevgisi olub, bu ədalətsizliklə barışmazlığı olub. Canını fəda edib, amma onun kimi övladlarımız xalqımızın ləyaqətini bərpa etdilər. Bu, qələbə qədər vacib məsələdir, gələcək nəsillərin yetişməsi və tərbiyəsi üçün əvəzolunmaz amildir. Çünki biz artıq ilyarımdır ki, müzəffər xalq kimi yaşayırıq. Əvvəllər torpaqları işğal edilmiş xalq kimi yaşamışıq.
