Ölülərə Azadlıq, dirilərə ölüm!

  • Xaqani Ədəboğlu

TƏKRAR: (16.07.2017-ci il) «Ölülərə Azadlıq, dirilərə ölüm!» silsiləsindən…

Bu günlərdə bir gəncimizin yazdığı statusu oxudum:

«Bilsəydim ki, mənim belə bir əzablarla dolu həyatım olacaq, heç böyüməzdim».

Vur-tut 24 yaşlı gəncimizi araşdırdım. Yetimçiliklə onu böyüdən anası xəstədir. Bu yaxınlarda onun ağrılarını görüb təcili yardım çağırır və işə gecikir. İşdən «sizin xalq belədir» ayamasıyla ölkəyə gətirilən mağara «homokommersantikuslarından» biri tərəfindən qovulur. Xəstə anasına günlərdir ki, 20 manatlıq dərmanı almağa pul tapmayan gənc, sizcə nə yazmalıydı?

Cavab tapa bilmədim. Düşündüm ki, bu günləri, gənclərimizə miras etdiyimiz üçün bizlərə lənət olsun. Azərbaycan insanı bəşəriyyətin ən nadan mübarizəsi olan «yaşam mübarizəsi»nə- «çörək uğrunda» mübarizəyə cəlb edilib. Psixoloji olaraq bu gün xalqımız «yox olma» qorxusu keçirir. Məmləkətin dərisindən çıxan «ağıllı» milyardları ələ keçirən ağılsız, burnunun ucunu görməyən, tamahkar, milətin gələcək taleyinə yad və biganə olan bir toplum düşünmək qabiliyyətini çoxdan itirib. Bunu artıq dağdakı çoban da, bağdakı bağban da yaxşı bilir. Bəs hanı bu ölkənin aydınları?

Boş «yal» qabları yanında, «taq-taq» salıb pay umanlar, özlərini «aydın-ziyalı» adıyla xalqa pərçim etməyə çalışırlar. Artıq «yaltaq, qorxaq» sözü «ziyalı» sözünün sinoniminə çevrilib. Bu yaltaq adamlar üçün indi verilən «bir boşqab yal», XXI əsr Azərbaycan insanının taleyindən daha önəmlidi. Çox dostlarım məni zaman- zaman radikal ifratçı, yaxud da sadəcə davakar olmaqda təqsirləndirirlər. Mən özüm də bircə günahımı etiraf edirəm: Bu Torpağı, bu Bayrağı, bu Milləti ifratcasına sevdim.

Bəlkə də özümdən çox sevdim. Bu mənim ən böyük günahımdı. Ona görə də özümə xəyanət edə bilmədim, bacarmadım. Bu məmləkətdə hər kəsin pafosla yaxşılığı təbliğ etdiyini və bir qarış o üzdə pisliyə, saxtakarlığa alət olduğunu görüb susmaq artıq xəyanətdir.

Xəstə təxəyyüllü adamların cəmiyyətində gəncliyin belə statusları çoxalacaq. Maltus bir pamfletində yazdığı kimi: «Artıq dolmuş dünyaya gəlmiş adam, əgər valideynləri onu yedirməsələr bunu haqlı olaraq tələb edə bilər və əgər cəmiyyət onun əməyini hiss etməzsə, onun heç bir yemək hüququ yoxdur. O, mahiyyət etibarı ilə Yer üzündə artıq adamdır. Təbiət ona uzaqlaşmağı hökm edir və bu hökmünü dərhal icra edir» («Cəmiyyətin gələcək təkmilləşdirilməsi ilə əlaqədar olaraq əhali qanunu haqqında təcrübə»). Əlbəttə, ayağı yer tutanların xaricə axını bu problemlə bağlıdır. Ayağı yer tutmayanların isə Əzraili gözləməyə belə səbrləri qalmayıb. Tanrı heç bir qövmü bu sınağa tuş etməsin.

Gözlərimiz önündə bir xalqa «Ölülərə Azadlıq, dirilərə Ölüm!» fərmanı verilib. Ölülər isə, həqiqətən azaddırlar. Onların indiyədək bir şikayətini eşidən olubmu?…

…Can gəldi gedərdi, pulunuzdan muğayat olun. Amma bilin ki, canınız kimi qoruduğunuz o sərvətin bircə senti də sizin deyil. Yetimin göz yaşı, məzlumun od-alov saçan ahı və yoxsulun ətindən, dərisindən kimsəyə mülk olmayıb…

P.S. Mən bunu yazmışdım. Bu gün dünyada Maltusun irəli sürdüyü nəzəriyyənin mürtəce bəndləri koronavirus adıyla həyata keçirilir. Dünyanı XX əsri homoseksuallar bərbad etdilər, XXI əsr isə şizofreniklərin əlində qalmışıq…

P.P.S. Neft Bakıdan çıxdı, amma bu neftlə milyarder olmuş kimsəmiz yoxdur.


Nobel bizim neftin puluyla adını yaşatdı, hələ Rokfeller, Rotşildt də neftlə trilyonçu olanların başında gəlir. Bizim də bir-iki oğru məmurumuz var. Adları yalnız imperialistlərin «qara dəftərində» kəsim qurbanı kimi qeyd edilib. Nə vaxtsa tutub əlindəkini alacaqları günü gözləyirlər.


Əsrin əvvəllərində də neft xudalarımız vardı. Millət naminə qəpiklərindən də keçməzdilər. Hanı indi onlar? Bir «bolşevik» oyunu qurdular bu binəvaların qəpik-quruşlarını əllərindən aldılar. Allah bizə neft verdiyinə azca ağıl verəydi kaş!…

İkinci yazı: 5 noyabr 2017-ci ildə yayınlanıb

Bir dostumdan soruşdum ki, nə ilə məşğulsan? Dedi ki, bu cür ölkədə doğulduğum üçün, Fələyə qarğış tökməklə məşğulam…


Niyəsini hər kəs, ən azı ölkəmizi bu kökə salan məmurlar qədər bilirlər.

Faktiki olaraq ölkə haldan salınıb. Bunu görməyən kor, eşitməyən də kar olmalıdır. Yalandan çıxıb kasıblığın minimuma endirildiyi barədə nağıl danışanlar, yaxşı bilirlər ki, hər iki ölkə vətəndaşından ən azı ikisi də ölkəni tərk etmək barədə düşünür və yollar arayırlar. Bəlkə də bu məmurlara xalqsız ölkə lazımdır?

Bu qlobal milli problemi bir kənara qoyub hakimiyyət üzvləri çıxıb atdan, biri eşşəkdən, biri bahalaşmanın xeyrindən, biri yorğanın uzunluğundan, biri mini yubkadan, biri cırıq şalvar multukuluralizmindən, biri dədəsinin gorundan və s.danışırlar. Bu zehniyyət, görəsən hansı xainin «parnikində» becərilib? Allah heç bir xalqı bu şəkildə cəzalandırmasın…

Ay bədbəxtlər, məsələ, ölkəni böhrandan çıxarmaq yollarının aranmasıdı, bir az da ondan danışın. Əgər vaxtınız varsa, saydığınız kasıb qanına bulaşmış dollarlarınızı bir kənara atın…


Bilin Azərbaycan xalqı bu gün öz ölümünü gözləyən xəstələrə bənzəyir. Bu ümüdsüzlüklə heç cəhənnəmə də gedə bilməyəcəyik. O yığdığınız milyardlarsa milyonu aşdığınız gündən sizlərin deyil. Onun sahibləri məlumdur. Sem dayı əlində SWIFT kodu yolunuzu gözləyir. Özü də bircə sual verəcək: «Bu pulların deklorasiyası varmı?»


Bizim «göyçək» məmurlar deyirlər ki, qazdan, elektrikdən qiymət artımı edib pul qazanacağıq. Sonra onu kasıblara verəcəyik. Yəni kasıbın sağ cibindən alıb kasıbın sol cibinə yardım edəcəyik. Ay sizin məzəniz ölsün. Göydən Tanrı havayı neft pullarını tökəndə, görmədiyiniz kasıbı, indimi gördünüz? Bir ölkənin İqtisadiyyat naziri Şahin müəllim, maliyyə naziri Samir müəllim, Bankiri Elman müəllim ola …vallah Allahın Kərəminə şükür etmək lazımdı. Hələ yaxşı ki, əhalinin orqanizmindəki cüt orqanlarının birini satdırıb büdcəni doldurmurlar…

Bəlkə də ağıllarına gəlməyib. Avropada insan dərisindən geyimlər, çantalar yaman dəbdədi. Amma bu təklifi aylar öncə vermişəm, patenti mənə çatacaq. Çox dostlarım mənə bahalaşmaya münasibət bildirməmi istəyirlər. Mən bu bahalaşma-diferensallaşmanı çox böyük ruh yüksəkliyi ilə qarşıladım. Biz erməni keşişi deyilik ki, SOCAR-ın qazına pulsuz qızınaq?

Yeni dövrün nəbzini «yükdən qaçan eşşəyin quyruğu kimi» tutan məmurlarımız artıq dünyaların gözündən düşüblər. Çünki onların kommunist-komsomolçu keçmişləri oğurluq brilyant, daş-qaş deyil ki, gizlədə biləsən? Putin də, lap ağ edib. Durub hərdən «5-ci kalon» ordeni verib diqqəti cəlb edir. Bilinmir ki, nə demək istəyir?

Məncə, vəzifəyə gətirdiyimiz «milli kommunistlərimiz,» sadəcə bir xırda səhv də buraxıblar. Onlar «Bir dəfə yüksələn, bir daha enməz»-deyiminin qiymət üçün, vəzifə üçün deyildiyini düşünürlər. Neyləsinlər, «Elmi-Kommunizm» kitablarında belə şeylər yazılmamışdı. Orada yazılmışdı ki, «ÖLÜLƏRƏ AZADLIQ, DİRİLƏRƏ ÖLÜM!..»

Üçüncü yazı: 25 noyabr 2017-ci ildə yayınlanıb…

Bir zamanlar avropalılar dövlətlərininin inkişafı üçün dini dövlətdən ayırmağa məcbur odular. Bu gün Azərbaycan dövlətini xilas etmək üçün biznesi dövlətdən ayırmaq lazımdır. Çünki özgə yollar dalana dirənib. Görənin gözünü çıxarmaqdansa, oğrunun əli kəsilməlidir. Zamanın tələbi budur. Məmurlara salam verdinsə barmağının bir-iksini axtarmaqla gələcək qurmaq, sabun köpüyündən ev tikməyə bənzəyir.

Bu ölkə bizimdir, bu məmləkət boynumuza biçilmiş kəfən kimidir. İstəməsəniz də bu kəfənlə dəfn olunmağa məhkumuq. Ona görə də hər bir pisliyə göz yumduğumuz qədər biz də günahkarıq. Gözlərimiz önündə rüşvət qapanına bənzəyən məmura haqq qazandırdıqca göylərdən cəzamız çuvallarla endiriləcək. Gözlərimiz önündə bir atalar misalında deyildiyi kimi, öz şəxsi işinin aşması üçün «erməniyə fəxarətlə dayı deyən bədzatlardan» mədəd diləyincə duamız hasil olmayacaq. İstər sev, istərsə də nifrət et: Bu Vətən bizimdir. Bu torpaqda doğulduğun üçün, harada olsan da sənin nəşin 20 qramlıq torpağı geriyə buradakı bir məzarlıqda təhvil verəcəksən. Bunu unutma…


Olduğumuz yerlərdə pislikləri pisləyə-pisləyə hər birimiz pis olmaq növbəsinə dayanmışıq. Çünki yolumuzu çoxdan itirmişik. Sokrat deyirdi ki, «özünüz dəyişin, dünyanı da dəyişin». Biz özümüz dəyişmədən dünyanın dəyişməsini tələb edirik. Dünyamızı dəyişərik, amma biz dəyişmərik.


Müəllimə bizə «elm öyrətmə»- deyə pulu ermənimi verir? Layiq olmadığımız məqama sahib olmaq üçün «haqqı» ermənimi verir? İstedadsız və şərəfsizliyi ilə dünyanı heyrətləndirəsi yerlimizi və ya qohumumuzu ermənimi qabağa çəkir? Əzəli torpaqlarımızın 25 illik işğal altında qalmasına bu günədək dözənlər kimlərdir? Biz millət olmaq sevdasındaykən vur-tut öz nadanlığımızla «yeraz, qaraz, qraz, selaz, küraz» və s. ola bildik. Bilirsinizmi niyə? Çünkü qarğanı qızıl qəfəsə salıb bülbül məharətini tələb edirik. Ulağa at yəhəri qoyub, şahə qalxmasını gözləyirik. Sərçəni qolumuz üstündə tutub tərlan kimi ov ovlamasını gözləyirik…


…Və hamı gözləyir. Amma faciə budur ki, bu adamlar nəyi gözlədiklərini də bilmirlər…


Həyatımda heç qorxmadım. Məni tanıyanlar bilir ki, gərək olan yerdə sözümü dedim. Qarabağ savaşında da ön tərəf bizdən başlanardı. Ölümün nəfəsini duyduğum gün: «Gəldinsə, xoş gəldin, Ölüm «- dedim. Gecənin bağrını durna qatarı kimi yarıb gələn güllənin hansının mənim olacağını da seyr etdim. Qoxmadım. Amma son zamanlar qorxmağa başlamışam. Bizdən sonra gələcək nəslin bizləri söyəcəyindən qorxuram. İnsanlığın insanlıq səhnəsindən necə endirildiyini seyr etməkdən qorxuram. Yalanın yaşıl işıqlı yolları və doğru sözün qadağan edildiyi məmmləkətdən qorxuram. Mədəsi uğrunda Dar ağacına dırmaşan beş qəpiklik adamcıqlardan qorxuram. Keçmişləri qaranlıq və üfiqləri dumanlı görünən sabahlardan qorxuram.


Son vaxtlar əməlli başlı qorxmağa başlamışam. Sizləri bilmirəm amma mən yaman qorxaq olmuşam…

Dördüncü yazı: 10 mart 2018-ci ildə yayınlanıb

Bu mövcud kommunist ləkəli keçmişli məmur zehniyyətini və onların tayfabazlığını illər uzunu izlədiyimə görə qəti qənaətə gəlmişəm ki, əgər Eynşteyn Azərbaycanda iş axtarsaydı vur-tut hansısa «məmur-koopitalistin» evinin qapısında duran gözətçinin köməkçisi işləyə bilərdi. Niyəsini özünüz bilirsiniz. Yalnız düşünməyin ki, bu mübarəklər çox ağıllı olduğuna görə belədir…

Bu adamlar hansı xalqa aid olduqlarını unudublar və bəlkə də bizə elə gəlir. Lakin törətdikləri əməllərin ən zəifi belə bir millətin genosidinə yönəlmiş hərəkətlərdir- rüşvətxorluq, qohumbazlıq, tayfabazlıq, millətin məhvi naminə hər çirkli işə əl atmaq. Bu insan tarixinin ən nadan və relikt fazasında adlanmış mərhələsi sayılır. Bu fazada və ağılda olan adamların hansı quyulardan çıxmasının özü bir müəmmadır.

Sosial dövlət quran bir xalq, bu gün Xoşqədəm və Zaurun şoularına möhtac qalıb. Bir xalqın dərdindən də şou düzəldirlər. Millətin yazarları öncələr söz satardılar. Amma indi sözləri qurtarıb deyə, qələmlərini satışa çıxarıblar. Onların qələmləri isə kimsəyə gərək deyil. Çünki qədimdə heç olmasa ayın tarixini düz yazmağı öyrənə bilən qəzetlərimiz vardı. Şükürlər olsun ki, jurnalistikaya dəxli olmayan adamları başa keçirib bu kar-kağızın kökünü kəsə bildik. Amma baxmayın, köhnə vaxtlar heç olmasa biz yazan qəzetlər millətimizə gərək olmasa da, şor satanların karına gəlirdi. Heç olmasa şor almağa gücü yetənlər bu qəzet cırıqlarını zibil yeşiyinə atmadan öncə, oradakı şəkilinə baxardılar. Amma indi nə şor var, nə də şor satan. İndi nə inək var, nə də şor qayıran. İndi nə şorsatan var, nə də şor alan. İndi ölkənin milyonlarca insanı Avropadan tutmuş Rusiya çollərinədək bir parça çörək axtarışındadır ki, tapsalar, şor da alacaqlar…


Bu gün bütün istəklər gödəlib. Kiminin şalvarı gödəlib, kiminin yubkası gödəlib, kiminin də ağlı gödəlib. Daha millət üçün Çin Səddindən Alp dağlarınadək uzanan bir məmləkət deyil, Biləcəridən Biləcəri tunelinədək uzanan bir məmləkət də yetərlidir.

«Hykanuşun qırılmışları», qoy öz anaları, bacıları olan Siranuş axçiləri gətirib arxayınca yola verə bilsinlər. Onsuz da bu millət bu başımıza məmur etdiklərimizin gözünə çox qara — qura görünməkdədir. Ona görə də harada qaraltı görünürsə oranı sökürlər. Biləcəri bizə yetər! Bu gün inkubasiya edilmiş millətin nə səsi, nə elmi, nə də istedadı o qəsəbədən o üzə gedəsi deyil…

Bu gün ölkədə baş verənlər, «şadxəbər, bədxəbər» jurnalistikamız hesabına şoksevər xalqımıza yenə paradokslarla çatdırılır.

İllərcə izlədiyim siyasi düşərgələrdə bir-birindən maraqlı «şok, şook, +18, +99″… məlumatlarını yayan biveclər ordusu ortadadır. Müxalif biriləri yayır ki, guya «prezident İlqar Məmmədovdan qorxur». Yox bir halva. Bu adamı ölkədə müəyyən və proseslərə heç bir təsir rıçaqı olmayan dar dairədə tanıyırlar. Reklam da gərək bir əndazədə olsun. Çıxdığı məktəb bəlli, gördüyü iş naməlum. Hərdən biriləri «bunu da erməni eləməyib» kimi yanlış ifadələr işlədirlər. Xeyr, bunu ancaq ermənilər edə bilər və siz haradan bilirsiniz ki, bunu edənlər erməni deyil?

Yaxud özünü jurnalist elan edən müxtəlif düşərgələrin nökərləri soruşurlar ki, «kimə səs verəcəksiniz?» Siyasi praktikada səsvermə gizli bir prosedurdursa, bu sualı verən jurnalistin sizcə ağlı varmı? Yaxud dindar çıxıb facebookda yazır ki, Allah (c.c) filan şeyi deyib. Soruşanda ki, ay Dindoş, sənin peyğəmbərin Allahı görməyib, onun belə dediyini, bəs sən haradan bilirsən? Biri çıxıb yoxsulluğun aradan qaldırılmasından dəm vurur. Amma bunu müəyyən edən kriteriyadan xəbəri yoxdur ki, hazırda gündəlik qazancı 5,5 dollar olmayan nə qədər insanımız var? Amma yoxsuldan Allah da bezardır. Hələ ki, Azərbaycan oliqarxı ola? Bu ağılla hara gedirik? Heç bu yol bizi Cəhənnəmə də aparmayacaq…

Əvvəllər yazmışdım ki, bizim inkişafımızın nemətlərini «ölülərə Azadlıq, dirilərə Ölüm» adlandırmaq olar. Amma bu gün təəssüflə son olaylardan sonra bu fikrimi geri götürürəm. Bizi öləndə də azad ölməyə qoymurlar. Bu zehniyyətlə biz barsız bir gələcəyə getməyə məhkumuq…

Beşinci yazı: 5 avqust 2019-cu ildə yayınlanıb

Yoruldum, çox yoruldum. Amma məni həyat deyil, məmləkətin halı yordu. Biz, niyə adam kimi yaşaya bilmirik? Çünki bu suala cavab tapa bilməyəcək dərəcədə məzlumuq.

Əmək və Əhalinin Sosial Müdafiəsi naziri 93 faizlik «kefi köklükdən» dəm vurur və arayış təqdim edir. Gülməli olsa da bu ağlamalı halımıza uyğun bir lətifə yadıma düşdü: «Mamed adlı birisinin arvadı boşanmaq üçün ərizə veribmiş ki, Mamedin kişiliyi yoxdur. Yəni kişilik vəzifəsini icra edə bilmir. Məhkəmə gününədək Mamed pulunu verib aidiyyatlı seksopotoloqlardan çoxlu arayış alır və kişi-kişi məhkəməyə təqdim edir. Məhkəmə hirslənib deyir ki, ay Mamed, bu qıza arayış deyil, iş lazımdır, iş». İndi bizə statistika lazım deyil, ey cənab nazir, küçəyə çıxmaq və bircə gün əhalinin arasında olmaq lazımdır…

Azərbaycan xalqı öz analoqsuzluğu ilə dünyaya görk etməkdədir. İndi məmləkət insanları dua edirlər ki, torpağımız düşmən tapdağında, sərvətlərimiz talanda, dinimiz məzarlıqlarda, elmimiz yox. Barı bizləri vicdansız buraxma, Allahım! Amma ölkənin dini lideri bəyan etdi ki, o, vicdan deyilən şeyin nə olduğunu bilmir. Yəni bizim bu dualarımız da boşa getdi.

Sanki bu ölkənin adamları, problem yükü altında adam olmağa yadırğayıb. Papağı əlindən alınanda kədərlənən yetim uşaq kimi qaytarılanda sevincini xoşbəxtliklə dəyişik salan millətimiz korrupsiyanı, bürokratiyanı və anti xalq məmur özbaşınalığını ölkənin «Əsas Qanunun tələbi» hesab etmələri bizləri bataqlıqdan bataqlıqlara salmaqdadır. Sanki İcraçı məmurun ilkin vəzifəsi rüşvət almaqdır. Hərçənd ki, rüşvətdən danışanda məmurlarımızın xatirinə dəyir, amma bizdə bu «nemət» olmasaydı o boyda korrupsiyayla mübarizə idarəsi olmazdı. Rüşvət olmasaydı, bu boyda bina ateistin kilsə tikməsi kimi yozulardı.

Amma bir yəhudi aforizmində deyilir ki, əgər problemi pul ilə həll edə bilirsənsə, bu problem deyil, məsrəfdir. Təklif edirəm ki, biz korrupsiyanı, rüşvəti yığışdırmağa gücümüz yetmədiyi üçün, yəhudi sayaq bunun adını «məsrəf» qoyaq. Görək onda ağzıgöyçəklər bundan sonra nə deyəcəklər? İslahat belə olar. Yoxsa «X» rayonunun «məsrəfçi» başçısını, «Y» rayonunun məsrəfçi başçısı ilə kabinet dəyişməsiylə heç nə dəyişməz. Yəni «başçıyla başçının yerini dəyişəndə, rayon dəyişməz». Hərçənd bu barədə xalq tam özgə cür aforizm danışır.

Həm də xalq deyir ki, bir qadın ərə gedir. Bir neçə gün keçər və kişi başlayar onu döyməyə. Boşanıb başqa bir kişiyə ərə gedər. Amma bu kişi də ondan da betər çıxar. Qadın ağlayar və deyər: «Yastıq dəyişər, qəzavü-qədər dəyişməz»…

Azərbaycan insanları qadınlı — kişili get — gedə qeybətçı bir topluma çevriliblər. Bir əxlaqsız qadın yanına gələn zinakarı hər kəs gördüm deyə, qeybət etsə də, amma bunca oğrunu gördüm deyən tapılmaz. Sanki belə oğrular meydanda olanda onların başları «şairə» Elza Seyidcahan xanım əfəndilərin «Tikim sizin ağzınızı» şeirini oxumağa qarışıbmış. Nə desən olar. Bizim xalq «şair xalqdır», hələ nağılı da lap çox sevərlər. Həm də bir qədər ədalətsiz yığnağıq. Femidanın tərəzisi para çəkəndən bəri bizlər edənə ödül verib, görənin gözünü çıxartmaqla məşğuluq.

Bura Azərbaycandır. Bir xalq ellikcə Həzrəti Lazımı gözləyir ki, Lazım gələcək və onun torpaqlarını azad edəcək. Bura Azərbaycandır. Buranı tərk edib canını qurtaran milyonlar qayıdacaqları, burada qalan əlsiz-ayaqsızlar isə çıxıb gedəcəkləri günü gözləməkdədirlər. Bizləri yaşadan tək ümüdlərimiz bunlardır…

Bura Azərbaycandır. Əmir Teymur Azərbaycana hücum edən zaman yorğunluğunu çıxarmaq üçün bir diyarda dayanmalı olur. O öz vəzirindən, qarşıdakı dağın adını xəbər alır. Vəzir cavabında «Ağrı dağdır»- deyir. Teymur qarşıdan axan çayın da adını soruşur və onun «Əyriçay» olduğunu öyrənir. Əmir Teymur bir müddət sonra — «bəs bu kəndin adı nədir» deyə sual edir. Vəzir cavab verir ki, «Qibleyi-aləm, bu, Oğrukənddir».

Teymur qəzəblənib qoşuna buranı tərk etmək əmri verir: «Buranın ağrısı da, əyrisi də, oğrusu da öz içindədir. Daha mənim buranı işğal eləməyimə ehtiyac yoxdur».

Anladınızmı Böyük Teymurun dediklərini?

Bura Azərbaycandır. Bəli, mənim üçün dünyada insanlığın toxumu və tarixin yaşdaşı olan bir xalqın yaşadığı məkanadır, Azərbaycan.

Dünyanın mənfur və mürtəce imperializmi 300 ildi bir xalqı məhv etməyə girişib. Bizim ayaqda qalmağımızı belə möcüzə kimi təqdim edirlər. Biz dünyanın ən qədim xalqı və ən qədim mədəniyyətlərinin sahibləri, varisləriyik. Arxeoloji mədəni tapıntıların hamısının kökündə, fövqündə Kür-Araz mədəni irsi dayanır. Sadəcə bircə günahın odur ki, dünyalar səni tanıdı, amma hələ də sən özünü tanıya bilmədin. Sən buna can atmadın. Sən öz böyüklüyünü görməyəcək qədər kiçildin…

…Yoruldum, çox yoruldum. Məni nə savaş, nə mücadilə, nə də həyatın acıları yormadı. Məni bu məmləkətin halı yordu.

Sonda böyük türk yazarı Əziz Nesinin bir sözünü sizlərə xatırlatmaq istərdim: «Bir gün bu məmləkətin yanağına bir öpücük, baş altına da bir məktub buraxıb gedəcəkdim…

Elə gözəl uyuyurdu ki, oyandırmağa qıymadım»…

…Bura isə Azərbaycandır. Gedənlər qayıdacaqları günü, qalanlar isə gedəcəkləri günü gözləməkdədirlər…

Xoşca qalın…

Bu xəbəri paylaşın: