Sumqayıt şəhəri Şəhidlər Xiyabanında şəhid bölük komandiri leytenant Ülvü Tahir oğlu Məhərrəmovun doğum günü qeyd edilib.
Şəhid Ülvü Məhərrəmovun məzarı ziyarət olunub, gül qoyulub və ruhuna dualar oxunub.
Bu barədə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) sədrinin səlahiyyətli nümayəndəsi, Sumqayıt şəhər şöbəsinin sədr müavini Zəkəriyya Rəhimov məlumat verib.
Z. Rəhimov məlumat verərək bildirdi ki, şəhid Ülvü Məhərrəmov 1997-ci il iyulun 5-də Sumqayıt şəhərində anadan olub. Əslən Qubadlı rayonundan idi.
2014-2018-ci illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) ali hərbi təhsil alıb. Azərbaycan Ordusunun leytenantı olan Ülvü Məhərrəmov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Xocavəndin və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Ülvü Məhərrəmov oktyabrın 14-də Füzuli döyüşləri zamanı şəhid olub. Sumqayıt şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Ülvü Məhərrəmov ölümündən sonra «Vətən uğrunda» medalı, Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Ülvü Məhərrəmov ölümündən sonra «Xocavəndin azad olunmasına görə» medalı və Şuşanın işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Ülvü Məhərrəmov ölümündən sonra «Şuşanın azad olunmasına görə» medalı ilə təltif edilib.
Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) sədrinin səlahiyyətli nümayəndəsi, Sumqayıt şəhər şöbəsinin sədr müavini Zəkəriyya Rəhimov bildirdi ki, şəhidin ad günü mərasimində Qubadlı rayon rəhbərliyi, şəhidin ailə üzvləri, ictimaiyyət nümayəndələri və müharibə veteranları yaxından iştirak ediblər.
Mərasimdə iştirak edən məktəblilər hərbi vətənpərvər mövzularda şeirlər səsləndirdilər.
Tədbirin sonunda şəhidin xatirəsinə ehsan süfrəsi verilib.
Allah rəhmət eləsin!
Nurlan Məmmədli







