Elçin Süleymanov
BBC News Azərbaycanca
Böyük Britaniyanın Baş naziri istefaya qərar verib.
Bu, Boris Johnson-un hökumət başçısı vəzifəsində üzləşdiyi ilk qalmaqal deyil. BBC News Azərbaycanca Britaniyada yaranan siyasi böhrana və onun mümkün nəticələrinə nəzər salıb.
Hazırda nə baş verir?
Britaniyanın Baş nazirinin ətrafında siyasi böhran dərinləşməkdədir. Boris Johnson-un bəzi ən yaxın tərəfdarları belə onun istefasını tələb ediblər.
Baş nazirə qarşı irəli sürülən iradlar əsasən birbaşa partiyanın fəaliyyəti və ya kursu ilə əlaqəli deyil. Əsas şikayətlər onun fərdi və rəhbərlik xüsusiyyətləri ilə bağlıdır.
Baş nazir artıq bir neçə dəfədir ki, parlament və polis araşdırmaları vaxtı öz ifadələrini dəyişdirib. Onun tənqidçiləri bunu qeyri-məqbul hesab edirlər.
Ötən gün Johnson-a qarşı maliyyə və səhiyyə nazirləri çıxış ediblər. Rishi Sunak və Sajid Javid onun vəzifədən getməyə səsləyərək istefaya çıxıblar.
Çərşənbə günü vəzifədən gedən rəsmilərin sayı 30-u keçsə də, Boris Johnson yenə də, istefa çağırışlarını rədd edib. Ancaq bu gün səhər Boris Johnson payızda istefa verəcəyini açıqlayıb. Bir gün öncə isə millət vəkilləri qarşısına çıxan hökumət başçısı demişdi ki, 2019-cu ildəki seçkilər vaxtı qazandığı «mandat» ona işini davam etdirməyə əsas verir.
Siyasi böhran necə yaranıb?
Boris Johnson-un süqutuna gətirən əsas səbəblərdən biri də inflyasiyadır — 2022-ci ildə artmış inflyasiya səviyyəsi 9.1 faiz olub.
Ancaq bunun səbəbləri Boris Johnson-un nəzarətindən kənardadır. Məsələn, Rusiya Ukraynada başladığı müharibə neft qiymətləri və qida xərclərinin artmasına səbəb olub.
Ancaq hökumət yanacaq qiymətlərini 5 faiz azaltsa da, vergi və icbari sığorta ödənişlərinin qiymətini artırıb.
Böhranın kökləri dərinə getsə də, istefa silsilələrinin indiki səbəbi Mühafizəkarlar Partiyasının parlamentdəki nümayəndəsinə qarşı cinsi sui-istifadə iddiaları ilə bağlı mübahisələr olub.
Baş nazir, Chris Pincher haqqında olaylar barədə xəbərdar olsa da, bunu öncə danıb.
«Yaşayış xərclərinin ən pis səviyyədə artdığı bir vaxtda, hökumət işləyən insanların vergi xərclərini artırır», müxalif Leyboristlər partiyasının lideri Ser Keir Starmer aprel ayında belə demişdi.
Boris Johnson-a qarşı narazılıq həmçinin koronavirus epidemiyası vaxtı hökumətin qərargahında karantin rejiminin pozulması ilə keçirilən ziyafətlərlə də bağlıdır.
Baş nazir öncə bu cür toplantılarda iştirak etmədiyini desə də, daha sonra araşdırma keçirən polis bu faktı təsdiqləyərək Boris Johnson-a cərimə yazıb.
Paralel aparılan parlament araşdırmasının nəticələri açıqlandıqdan sonra isə hakim mühafizəkar partiyasının üzvləri də daxil, bir çox siyasətçi, Baş nazirin istefasını tələb etməyə başlayıb.
Bundan sonra nə olacaq?
Boris Johnson bu gün Mühafizəkarların lideri vəzifəsindən istefa verəcək, lakin o, payıza qədər Baş nazir vəzifəsini davam etdirəcək. Boris Johnson istefasını bu gün ictimaiyyət qarşısında açıqlayıb.
Mühafizəkarların liderliyi uğrunda mübarizə bu yay keçiriləcək və oktyabrda yeni Baş nazir Mühafizəkarlar partiyasının konfransında iştirak edə biləcək.
Müxalifət nə deyir?
Çərşənbə günü müxalifətin lideri Boris Johnson-u tənqid edib.
«Qalmaqallar, əxlaqsız davranış, siyasi uğursuzluqlar ona gətirib çıxardı ki, indiki hökumət gözümüzün qarşısında dağılır» — Keir Starmer deyib.
Lakin hakimiyyətin bütün tənqidlərə rəğmən, Starmerin rəhbərlik etdiyi Leyboristlər Partiyası 12 ildir ki, hakimiyyətə qayıda bilmir.
Mühafizəkarlar isə Brexit və Johnson-un xarizması sayəsində, əksinə, indiki parlamentdə çoxluğa malikdirlər.
Son rəy sorğuları nəyi göstərir?
Baş nazirin populyarlığını izləyən son sorğulardan birinə görə onun reytinqləri 50 faizdən aşağı düşüb.
Bunu beynəlxalq YouGov agentliyinin araşdırmasının nəticələri göstərir.
Agentliyin keçirdiyi daha bir sorğuya görə, hökumətin üzləşdiyi son qalmaqal Baş nazirin istefasını tələb edən britaniyalıların sayını rekord həddə — 69 faizə çatdırıb.