Türk bayraqlarını yığışdıran Başçı ölkə qanunlarını tanımır, deyəsən «Səbail respublikası» yaratmaq istəyir…

Çox saylı veteran şikayətlərini, AVMVİB İdarə Heyətinin təkidli qərarını nəzərə alaraq, AVMVİB Səbail rayon şöbəsinin sədri İlham Məhərrəm oğlu Əliyev tutduğu vəzifədən azad edilib. Amma Səbail İcra Hakimiyyətinin Başçısı «zorla» bu adamı sədr elan edir.

Səbail Rayon İcra Hakimiyyətində Qurban bayramı ərəfəsində Qarabağ müharibəsi veteranları ilə görüşən RİH başçısı Vuqar Zeynalov deyib: …»Bu şanlı tarix xalqın mənəvi birliyi, Ordumuzun qüdrəti, Ali Baş Komandan, Prezident İlham Əliyevin qətiyyəti, siyasi iradəsi ilə yazılıb və Azərbaycanın ən şərəfli dövrünün başlanğıcı hesab olunur. İstər Birinci Qarabağ, istərsə də İkinci Qarabağ müharibəsi şəhidlərimizlə, qazilərimizlə, fəxr edirik və onların qəhrəmanlığını heç vaxt unutmayacağıq. Veteranlara, əlillərə qayğı hər zaman dövlətimizin diqqət mərkəzində olub. Bu məsələyə indi də xüsusi diqqət yetirilir. Bu yöndə silsilə addımların atılması bir daha onu göstərir ki, dövlətimizin başçısının yürütdüyü sosial siyasətin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Dövlət veteranların sosial təminatına başlıca məsələ kimi yanaşır, onların rifahının yaxşılaşması üçün ardıcıl tədbirlər həyata keçirir”.

Sözünə bərəkallah, amma bunca nitq icad edən başçının əməlinə gələndə tam özgə bir səhnə ilə üzləşməli olursan. Bildirək ki, bu günədək hökumətimiz qeyri-hökumət təşkilatının işinə qarışmayıb. Üstəlik onların inkişafı üçün maliyyə dəstəyi göstərib və normal fəaliyyət göstərməsi üçün şərait yaradıb. Amma bu gün Səbail rayonunda rastlaşdığımız anormal münasibət barədə artıq susmaq «Dövlət mənəm!» deyənlərə dəstək olmaq deməkdir. Başçı deyir ki, gərək İctimai Birliyin rayon şöbəsinə sədri mən təyin edəm.

Öncə bildirək ki, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) öz ətrafında 87 min döyüşçüni birləşdirən bir ictimai birlikdir. Ulu Öndər Heydər Əliyevin tövsiyyələri ilə 28 il öncə yaradılmış birlik öz daxilində təmizləmələrə başlayıb. «İctimai birliklər haqqında» və «Veteranlar haqqında» Respublika Qanunlarına uyğun olaraq, bu il 6 rayon şöbəsinin sədri tutduğu vəzifələrdən uzaqlaşdırılıb. Nədənsə ən pis adla tutduğu vəzifədən uzaqlaşdırılan AVMVİB Səbail rayon şöbəsi sədri İ. Əliyevi bu gün də nümayişkaranə Bakı şəhəri Səbail rayon İH-nə məxsus gov.az-da birliyin şöbəsi kimi təqdim etmək, öncə ölkə qanunlarına, daha sonra Dövlətimizə qarşı qiyam kimi qiymətləndirilməlidir və bu döyüşçülərə qarşı meydan oxumaqdır.

Çünki 1 ay öncə «AVMVİB-də «Qaloş» əməliyyatı: Sədr «can hayında», Başçı da kadr axtarır»… adlı məqalədə İH Başçısına 18 sual ünvanlamışdıq. Bu günədək bu suallara cavab verə bilməyən Başçı və onun aparatı aşkar ölkədə tam 5-ci kolona məxsus üslubda pozuculuqla məşğul olur. Üstəlik, Prezident Aparatına əli çatan yerlərə yanlış məlumat verərək, 87 minlik veteranlar ordusunu ləkələməyə cəhd edib. Bu birliyin üzvü olan hər bir müharibə veteranı özünü Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin potensial əsgəri sayır və bu döyüşçü mövqeyi heç zaman dəyişilməyəcək. Bunu xidməti şübhəli olanlar, əsgəri xidmətdə olmayanlar anlamadıqlarını bilirik. Amma Başçı bunu anlamağa məcburdur. Çünki bizim Komandanımız onları «xalqa xidmət üçün» göndərdiyini elan edib.

Bu rayon başçısının səs-küy yaradan birinci işi deyil.

Mətbuatda Səbail rayon İH başçısı Vuqar Zeynalov haqqında gedən bir neçə məlumatı sizlərə təqdim edəcəyik. Öncə başçı özünü AVMVİB Səbail rayon şöbəsinin sabiq sədri İ. Əliyevə «məhəbbəti» o qədər böyükdür ki, onu Binəqədi rayon sakini omasına baxmayaraq, çəkib tədbirlərə gətirir və üstəlik Dövlətə məxsus Gov.az-da yalan məlumat yayaraq, «Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyinin Səbail rayon təşkilatının sədri İlham Əliyev» kimi təqdim edir. Biz də bu gündən işdən azad etdiyimiz İ. Əliyevi «Səbail rayon İH-nin başçısı kimi» təqdim edəcəyik. Çünki bizim o adda sədrimiz yoxdur. Dövlətin saytı çox güman ki, mexaniki səhvə yol verib. Bunu yaxın günlərdə düzəltməsələr, məhkəməyə müraciət edərək təkzib etdirəcəyik. Əgər başçı müharibə veteranı və şəhid ailələrini sevən biri olsaydı, bu işin üstündən sükutla keçərdik. Amma başçının rayonda ilk işi bilirsiniz nə olub?

İxa.az yazır: «Səbail rayon İcra Hakimiyyətinin Başçısı vəzifəsində işlədiyi iki ilə yaxın zaman boyunca Vüqar Zeynalovun rayon sakinlərinin narazalıqına səbəb olan xeyli yarıtmaz əməlləri olmuş, mətbuatda onun haqqında xeyli tənqidi məqalələr dərc edilmişdir. Hətta Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun onu dəfələrlə tənbeh etdiyi bildirilir. “Səbail rayon İcra Hakimiyyətinin əməkdaşları Qarabağ qazisi, şəhid ailəsinin evini başına uçurub. Bu haqda zərərçəkən dağıdılmış yarımtikilidə şikayət xarakterli video çəkərək məsələni ictimailəşdirib. Ad və soyadını bildirməyən qazi, qardaşının Qarabağ uğurunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olduğunu, özünün isə 3 il savaşda iştirak etdiyini söyləyib: “Şəhid ailələrinə verilən 11 min manatla Səbail rayonunda ev tikirdim. Bu evi tikmək üçün üçün İcra nümayəndələri məndən 1000 manat pul istədi, verdim. Sonra gəlib 2 min manat da tələb etdilər. Pul ala bilmədikdə isə evimi başıma uçurdular”…

Düzgünlükdən, sədaqətdən, Vətəndən dəm vuran başçı haqqında sonrakı yazıya diqqət edin: AzFakt.com-un (həmçinin, aztoday.az) əldə etdiyi məlumata görə İcra başçısı vəzifəsinə təyin edilməyindən qısa müddət sonra dəbdəbəli malikanəyə sahib olan məmurlardan biri də Səbail rayon İcra hakimiyyətinin başçısı Vüqar Zeynalovdur. Belə ki, V. Zeynalovun Səbail rayonuna icra başçısı təyin edildikdən bir il sonra paytaxtın bahalı yerlərindən olan Şüvəlan qəsəbəsində iki mərtəbəli malikanə inşa etdirdiyi deyilir.

Qeyd edək ki, ümumisahəsi 800 kv metrə yaxın olan mülkün hazırkı bazar qiymətinin 1-1.5 milyon manat civarındadır.

Məlumata görə V. Zeynalov malikanəni həyat yoldaşı Yeganə Zeynalovanın adına rəsmiləşdirib. Malikanənin 2019-cu ildə inşa edildiyi deyilir.

Qeyd edək ki, Vüqar Zeynalov 2018-ci ildə Səbail rayon İcra Hakimiyyətinin başçısı təyin edilib».

Əlbəttə, hər kəsin evi olmalıdır. Amma əvvəcə işlədiyi vəzifə maaşıyla o boyda villa əldə etməyin mümkün olmadığını bu ölkədə hər kəs yaxşı bilir.

İxa.az xəbər verir ki, Mədəniyyət Naziri postuna Səbail rayon İcra Hakimiyyətinin Başçısı Vüqar Zeynalovun da iddialı olduğu bildirilir. Məlumata görə Əbulfəz Qarayev nazir vəzifəsindən azad edildiyi gün V. Zeynalov kabinetində mini banket keçirib, özünün nazir təyin ediləcəyini qeyd edib, şampan partladıb. Başçının kabinetində keçirdiyi kiçik ziyafətdə Səbail rayon Bələdiyyəsinin sədri Hacı Əliyev və digər yaxın çevrəsinin iştirak etdiyi bildirilir. Qeyd edək ki,Vüqar Zeynalov 2018-ci il də dövlət başçısı İlham Əliyevin sərəncam ilə Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyətinə başçı təyin edilib. O, əvvələr Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin və Bakı şəhər İcra Hakimiyyətinin birgə qərarına əsasən, Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin rəisi vəzifəsinə işləyib»…

Belə faktlar onlarladır. Ən önəmlisi isə bu «veteransevər», «vətənpərvər» başçımız artıq tarixə düşən bir əməli daha var. Xatırlayırsınızsa, Zəfər coşqusyzla iki qardaş ölkənin bayraqlarına bürünmüş ölkədə biriləri Türkiyə bayraqlarına «Səlib yürüşü»nə çıxmışdı.

SabahNews.az elə o gün yazmışdı: «Bakı şəhəri Səbail rayonu ərazisində Türkiyə bayraqlarının yığışdırılmasına dair xəbər yayılıb. Məlumata əsasən, Türkiyə bayraqlarına qarşı «xaç yürüşü” Səbail rayonu icra hakimiyyətinin başçısı Vüqar Zeynalovun göstərişi ilə başlayıb.

Bununla belə, bu addımın doğuracağı ictimai qəzəbi gözə alan icra başçısı rayon ərazisində Türkiyə bayraqlarının yığışdırılmasını «yuxarının tapşırığı” ilə «əsaslandırmağa” çalışır. Lakin Vüqar Zeynalovun»yuxarı” dedikdə, hansı instansiyanı nəzərdə tutduğu çox maraqlıdır.

Prezident İlham Əliyev öz çıxışlarında Vətən müharibəsində Türkiyənin Azərbaycana verdiyi böyük dəstəyi dəfələrlə qeyd edib, buna görə qardaş ölkəyə minnətdarlığını bildirib. Eyni zamanda, işğaldan azad edilmiş ərazilərimizdə Azərbaycan bayrağı ilə yanaşı Türkiyə bayrağı da qürurla dalğalanmaqdadır.

Əgər ölkə prezidenti Türkiyəyə dərin ehtiramını hər imkanda dilə gətirirsə, bu o deməkdir ki, Vüqar Zeynalovun əmrində olduğu «yuxarı” ya hakimiyyət daxilindəki başqa güclərdir, ya da ki, Kremldir. Əslində, burada Kremli təsadüfən xatırlatmırıq. Çünki Səbail Rayon İcra Hakimiyyətində dövlət dili qismində, əsasən, rus dili işlədilir»…

Beləcə, anlaşılan odur ki, hələ «yuxarılar» ölməyib. Altdan-altdan, nə işlər çevirdiyini Müzəffər Ali Baş Komandanımız yaxşı bilir. Elə biz də yaxşı bilirik və görürük. Faktiki olaraq, pozuculuqla məşğul olub, 87 minlik Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyini (AVMVİB) daim yanımızda olan və bizə dəstək olan qurumlara təxribatçı kimi təqdim etmək, nəinki başçıya, heç ən kiçik məmura yaraşan iş deyil. Sabiq sədrin əməlləri ilə bağlı aidiyyatlı qurumlara müaciətlər olunub və o layiq olduğu cəzanı alacaq. Amma sizə ünvanlanan 18 suala hələ də cavab gözləyirik. Cavab verilməsə, həmin sualları rus dilinə çevirib göndərəcəyik. Bir də işçilərinizə tapşırın ki, sizlərə təhkim olunmuş telefonlara gələn zənglərə cavab versinlər.

Məktub kimi təqdim etdiyimiz daha bir məlumatı bir daha diqqətinizə buradan çatdırırıq: «Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyinin Səbail rayon təşkilatı» deyə bir qurum yoxdur. Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Səbail rayon şöbəsi var və onun sədri qazi və şəhid qardaşı Fəqan Nəsibzadə təyin edilib. Bu barədə rayon İH-ə rəsmi məktub göndərilib. Yəqin ki, başçının əlində çox işi olduğuna görə başı çox qarışıqdır. Amma buradan bütün məlumatları onun şəxsi goov.az-ına göndəririk. (http://sabail-ih.gov.az/az/news/sebail-rayonunda-qurban-bayrami-erefesinde-birinci-qarabag-muharibesi-veteranlari-ile-gorus-kecirilmisdir.html?fbclid=IwAR0cSQU6upB2_aULiFOynZwwJop-6LaDXRCyDWfpYCpGISKHesmav_WTAyI).

Ümid edirik ki, Azərbaycan Respublikasının Prezidenti, Bakı şəhər İcra Hakimiyyəti və digər aidiyyatlı qurumlar veteranlar arasında təfriqə yaratmağa yönəlmiş bu məsələni ciddi surətdə nəzarətə götürəcəklər. Bu addım ciddi bir təxribata bənzəməkdədir.

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) rəhbərliyinə tövsiyyəmiz budur ki, özünü zühur etmiş «Məsih» kimi təqdim edən sabiq sədrin təqdimatına etiraz etməyən hər bir AVMVİB üzvünün izahatı alınsın və birliyin üzvlüyündən xaric edilsinlər.

Mövzuya qayıdacağıq. Çünki axır ki, Başçının bu «veteran sevgisinin», izinə düşə bildik. Vallahi, belə bir məqamda başçının yerinə siz də olsanız, elə döyüşçü adına yaraşmayan sabiq sədri sevərdiniz…

Bizi izləyin…

Elnur Səlim

«San-Toma və Prinsipin Demokratik Respublikası»nın «prezidenti«

Bu xəbəri paylaşın: