DÜŞMƏN HƏMİN DÜŞMƏNDİ…

Elbariz Məmmədli

… Düşmən həmin düşməndi. Nə niyyəti, nə məqsədi, nə də rəngi dəyişməyib.

Avqustun ilk həftəsi bizim üçün arzuolunmaz hadisələrlə «zəngin» oldu. Laçında Şəhid verdik, Londonda bayrağımız endirildi, erməni-rus təbliğatının ruporu olan » Спутник Азербайджан» evimizin içində oturub həddini aşdı və nəhayət, «Z» nişanlı rus gəmiləri Bakı buxtasında göründü və s.

Əvvəla onu deyək ki, 10 noyabr 2020- ci il sazişi elə ilk gündən pozulub və burdan hansısa ədaləti gözləmək olduqca yanlışdır. Çünki bir-birinə müttəfiq olan Rusiya və Ermənistanın bizim tələblərimizi yerinə yetirəcəyinə heç cür inanmaq olmaz. Rusiyanın Cənubi Qafqazda əbədi qalmaq niyyəti olduğu üçün ermənilərin yumşalmasına və ya çəkilməsinə imkan verməz.

Deyəsən, heç Azərbaycan da özündə təpər tapıb ortaya kəskin mövqe qoymaq niyyətində deyil. Vəziyyət maraqlı qüvvələri də, beşinci kolonda təmsil olunan satqınları da tam qane edir. Və belə bir anlaşılmaz məqamda hələ də erməni-rus inhisarında olan Laçın ərazisində atəşkəs pozulur. Şəhib veririk. Bir gündən sonra ağzıgöyçək təbliğat orqanları da» şəhidimizin qisası alındı»- deyə ucuz xəbərlər tirajlayır. Kimdir, o Şəhid? Bədbəxt bir qadının yeməkxanalarda qab yuya-yuya böyütdüyü bir kasıb balası. Əlavə şərhə ehtiyac varmı?

Hadisələrin gərgin vaxtında İngiltərə paytaxtında Azərbaycan səfirliyinə hansısa Mehdinin dini qruplaşması tərəfindən hücum edilir, bayrağımız qoparılıb yerə atılır və bu cinayətə ciddi reaksiya hiss olunmur. Niyyət nədir? Bəziləri bunu erməni əməli kimi yozmağa cəhd göstərir. Amma belə deyil. Burda iki əl rol oynaya bilər -Rusiya və İran. Çünki dünyada onların istəyindən asılı olmayaraq, düzən dəyişir və uzun illərdi ki, İngiltərə dövləti Azərbaycana isti münasibətini qoruyub saxlamaqda davam edir. Deməli, həmin hücum bu münasibəti soyutmağa da hesablana bilər. Yəni, Azərbaycanı beynəlxalq aləmdə haqlı mövqedən müdafiə edən Türkiyə, Pakistan, İsrail və.s kimi dövlətlərin sırasından ən güclülərdən olan İngiltərəni ziddiyyətə çəkib uzaqlaşdırmaq. Əks halda İngiltərənin də mərkəzində olduğu gələcək iqtisadi layihələrdə hər iki dövlət əsas fiqur kimi yer almaya bilər. Yəqin ki, belə də olacaqdır. Artıq özünün imperiya niyyətləri ilə bəşəriyyətə meydan oxuma meylləri çağdaş dünya üçün keçərli deyil. Bu , ABŞ və Çinə də aiddir. Ukrayna-Rusiya savaşında dediklərimizin əlamətləri aydın hiss olundu.

Nəhayət, hansısa hərbi oyunda təmsil olunmaq üçün üstünə»Z» işarəsi pərçimlənmiş rus hərbi gəmiləri Bakıya yan aldı. Bu nə deməkdir? Hər gün Ukraynada qol-qanadı budanan Rusiya yenə də öz işğalçılıq əməllərindən əl çəkmir. Medvedyev keçmiş SSRİ-in bərpasından dəm vurur. Milli satqınlarımızın sevincdən dodağı çatlayır. Amma Qarabağı özünün arxası kimi ermənilərə təslim etməyə çağıran əliheydər qarayevlərin sonrakı taleyini unudurlar. Siimonyanın rəhbərlik etdiyi «Спутник Азегбайджан»ı sinəmizin başında bəsləyib düşmən dəyirmanına su tökürlər. Bu nə qədər davamlı olacaq?

-Xalq özünü tanıya və haqq mövqeyini ortaya qoyanadək. Hakimiyyətdə kimin olmasının fərqinə varmadan, bu gün hamını bir məsələ narahat etməlidir -Dövlət və dövlətçilik. Bunların olmadığı yerdə biz, kimə və nəyə gərəyik?

Düşmən həmin düşməndi. Nə niyyəti, nə məqsədi, nə də rəngi dəyişməyib.

Bu xəbəri paylaşın: