Son vaxtlar erməni mənbələrində 90-cı illərdən bizlərə tanış olan Vitali Balasanyanın adı hallanmağa başlayıb. Tarixmi təkrar olunur? Ermənistan mediası separatçı rejimin qondarma təhlükəsizlik şurasının «katibi» Vitali Balasanyanın Azərbaycanın bir qrup rəsmi şəxsləri və Rusiya sülhməramlı qüvvələrinin komandanı ilə birlikdə Laçına səfər etməsi barədə məlumat yayıb.
Bildirilir ki, Balasanyanın Azərbaycan dövlət nümayəndələri ilə birlikdə görünməsi ermənlər arasında qalmaqala səbəb olub.
Sözügedən xəbəri Laçın rayonunda qanunsuz məskunlaşmış ermənilərin “icma rəhbəri” Narek Aleksanyan da təsdiqləyib.
Qondarma rejimin “təhlükəsizlik şurası aparatı”ndan yayılan məlumatda da V.Balasanyanın Azərbaycan rəsmiləri və sülhməramlıların komandanı ilə birlikdə Laçına getməsi barədə təsdiqlənib:
“Təhlükəsizlik şurası katibinin Laçın şəhərinə səfərinə gəlincə, bu, 9 noyabr 2020-ci il üçtərəfli Bəyanatda razılaşdırılmış Qarabağı Ermənistanla birləşdirəcək yeni yolun tikintisinin gedişi ilə tanış olmaq məqsədi daşıyır. Səfər Rusiya sülhməramlı qüvvələrinin və Azərbaycan tərəfinin nümayəndələri ilə həyata keçirilib”.
Lakin məlumatda oxşar səfərin Zabux və Sus kəndlərinə edilmədiyi qeyd edilir.
Başqa bir erməni aravot.am saytının məlumatını təqdim edirik.
Vitali Balasanyan dünən Azərbaycan rəsmiləri ilə birlikdə Laçında (Berdzor) olub və yaxın günlərdə azərbaycanlılara təhvil veriləcək evləri göstərib.
Bu barədə Laçın sakini Satik Asatryan www.aravot.am saytına müsahibəsində bildirib.
“Onun sözlərinə görə, sakinlər kəndin mərkəzinə toplaşıblar və birdən Vitali Balasanyanı azərbaycanlı generallarla gəzdiyini görüblər.“
Üstəlik, o, türklərlə ilk dəfə deyil ki, sakitcə gəzir, biz onu Şuşa postlarında da görürdük, onlarla necə şirin söhbət edirdi.
Azərbaycanlılar artıq gəliblər, evlərimizə baxırlar, Vitali onlara göstərdi, əmin etdi ki, heç kim evi yandırmayacaq, dağıtmayacaq, hər şey yaxşı olacaq. Bütün bunlara baxanda başımıza nə gəldiyini təsəvvür edə bilərsinizmi?
Çox cəsur bir qadın, «Berdzor» sakini Vitaliyə yaxınlaşıb dedi: «Nəinki bizim bütün torpaqlarımızı satdılar, sən də camaata göstəriş verirsən ki, ziyan vurmasın, niyə? İnsanlar illərlə burada yaşadılar, yaratdılar, siz də deyirsiniz: qapıları bağlayın, açarları rəhbərliyə təhvil verin. Ya bəlkə bizi Laçınla birlikdə satdılar?» Vitali təəccüblə bizə baxdı, sonra maşına minib uzaqlaşdılar. Bu mümkündürmü?»
Asatryan şikayət etdi. Bu məlumatı Vitali Balasanyanın özü ilə dəqiqləşdirməyə çalışsaq da, o, telefon zənglərimizə, eləcə də yazılı müraciətimizə cavab vermədi. Məlumatı «Berdzor» meri Narek Aleksanyanla dəqiqləşdirməyə çalışdıq. “Evlər göstərilməyib. Berdzorda dayanacaq var idi, Vitali Balasanyan Azərbaycan rəsmilərinin yanındaydı, rus komandirləri də onların yanında idi. Onlar bir dəqiqə dayandılar, yerli Rusiya rəsmiləri ilə danışdılar və yollarına davam etdilər”, — deyə Narek Aleksanyan bildirib.
Digər bir erməni “Joğovurd” qəzeti yazır ki, Vitali Balasanyan Əsgəran şəhərində azərbaycanlı generallardan biri ilə görüntülənib.
“Bir neçə gündən sonra zəng edib dedilər ki, Vito türklə birlikdə Əsgəran, Stepanakertdən keçərək Qırmızıbazara (Krasnı Şukaya) gedib. Düzünü desəm, mən bunu görməmişəm, amma Vitodan bunu mütləq gözləmək olar”, — deyə partiya lideri bildirib. Bu məlumatı Balasanyanın partiyasından aydınlaşdırmağa çalışsaq da, buna nail ola bilmədik. Onun rəhbərlik etdiyi «Ədalət» partiyasına yaxın mənbədən isə əmin etdilər ki, yayılan məlumatlar yalandır.
“Aydındır ki, bu yazıda yer alan sətraltı informasiya həqiqətə uyğun deyil. Bu adamın Nikol Paşinyanla bir mühüm oxşar cəhəti var: o, bütün qalib gəlmiş generallara nifrət edir. Seçkilər zamanı isə o, Masis Mailyan və Samvel Babayanla birləşib”, — deyə həmsöhbətimiz məlumatı təkzib edib.
Xatırlayırsınızsa, 90-cı illərdə qatil və hərbi cani V. Balasanyan dəfələrlə Allahverdi Bağırovla tez-tez görüşürdü.
Əli Nəsib Zərdabi
