Xocavənddə şəhidin doğum günü məzarı başında qeyd edilib

Torpaqlarımızın bütövlüyü uğurunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olan Xocavənd rayon Qaradağlı kənd sakini Elzamin Tağıyevin doğum günü onun dəfn edildiyi Beyləqan rayonu ərazisindəki Xocavənd qəsəbəsində yerləşən Şəhidlər Xiyabanında anılıb.

Mərasimdə hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər, rayon icra hakimiyyəti yanında İctimai Şuranın üzvləri və ictimaiyyət nümayəndələri şəhidlərin məzarları önünə qərənfillər düzərək, onların əziz xatirəsinə ehtiramlarını bildiriblər.

Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olmuş Vətən övladlarının xatirəsinə dualar oxunub, xatirələri bir dəqiqəlik sükutla yad edilib.

Mərasimdə iştirak edən Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) sədrinin səlahiyyətli numayəndəsi, AVMVİB Xocavənd rayon şöbəsinin sədri Akif Həsənov və Şəhid ailələrinə «Qayğı» Cəmiyyəti Xocavənd rayon şöbəsinin sədri Hamlet Gülməmmədov və Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Beyləqan rayon şöbəsinin sədri Əlövsət Məmmədov təmsil etdikləri ictimai birlik adından şəhidin valideynlərinə başsağlığı veriblər. Şəhidin atasına AVMVİB-nin Fəxri fərmanı təqdim edilib.

Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov çıxış edərək, 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun qazandığı şanlı Qələbədən, hərbçilərimizin göstərdiyi qəhrəmanlıqlardan danışıb, şəhid Elzamin Tağıyevin şərəfli döyüş yolu haqqında iştirakçılara məlumat verib.

Eyvaz Hüseynov şəhidin valideynlərinə və ailə üzvlərinə başsağlığı verib, belə qəhrəman övlad böyütdükləri üçün minnətdarlığını bildirib. Elzamin kimi övladların igidliyi, qəhrəmanlığı sayəsində 30 illik Vətən həsrətinə son qoyulduğunu, torpaqlarımızın işğaldan azad edildiyi diqqətə çatdırılıb.

Şəhidin atası Eyvaz Tağıyev övladının qəhrəmanlığı ilə fəxr etdiyini deyib, şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə Prezident, Ali Baş Komandan İlham Əliyevə minnətdarlığını bildirib.

Tədbir şagirdlərin vətənpərvərlik mövzusunda hazırladıqları kompozisiya ilə yekunlaşıb.

Allah rəhmət eləsin!

Elçin Qədirov
Qarabağ üzrə müxbir, Beyləqan

Bu xəbəri paylaşın: