Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Yardımlı rayon şöbəsinin sədri Mayılxan Əliyev şöbə sədri təyin olunduğu gündən, həm şöbənin bərpasıyla, həm müharibə veteranlarının problemlərinin həlliylə məşğul olmaqla yanaşı rayonun az təminatlı sakinlərinə də yardımçı olmağa çalışır. Bu günədək onlarla insana kömək edə bilib. Bu işləri rayonun xeyirxah və xeyriyyəçi insanlarının yardımıyla həyata keçirib.
Ona Yardımlı rayonu Dəryavar kəndindən olan bir ailə övladının geyimlə təmin olunması ilə bağlı AVMVİB rayon şöbəsinə müraciət edib. Ümumiyyətlə bizim vəzifə borcumuz olmasa da Mayılxan Əliyev bu istəyi geri çevirməyib. Xeyriyyəçi Aydın Nəsirovun sayəsində uşaq geyimlə təmin olunub.
Bu cür xeyriyyəçi işləri görmək məqsədiylə AVMVİB Yardımlı rayon şöbəsinin sədri Mayılxan Əliyev sosial şəbəkədə paylaşım edib. Paylaşımda deyilir:
— Uca Allahın adı ilə. Hər bir insanın dünyaya gəlmə səbəbi var. Heç birimiz bu dünyada boş-boşuna yaşamamalıyıq. Hər birimizin bir missiyası var. Birisi həkimdir, missiyası sağaltmaqdır, birisi müəllimdir, missiyası öyrətməkdir, birisi rəssamdır ,vəzifəsi Allahın yaratdığı gözəllikləri kağıza köçürməkdir.
Bəziləri isə xeyriyyəçidir, yardıma ehtiyacı olanlara kömək etməklə vəzifələndirilib. Son zamanlar mən də özümə belə xeyriyyə işləri etməyi borc bilirəm və bunun üçün bəzi xeyirsevər, imkanlı, ziyalı vətəndaşlarımızdan kömək alıram. Mənə elə gəlir ki, ölkəmizin hər bir vətəndaşı bu xeyir işdə iştirak etməli, bizə əllərindən gələn köməyi etməlidirlər.
Mart ayında Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) Yardımlı rayonu şöbəsi öz fəaliyyətini bərpa etmiş, mən də həmin şöbəyə sədr təyin edilmişəm. Bu ictimai birliyin məqsədi rayonumuzda şəhid ailələrinə, qazilərə, müharibə veteranlarına və yardıma ehtiyacı olan insanlara yardım etmək, onların yaralarını sağaltmaq, dərdlərini biraz da olsa azaltmaqdır.
Bu səbəbdən mənim gözəl rayonumun gözəl vətəndaşları sizlərə səslənirəm. Bu xeyir işdə mənə kömək olun. Kart hesabına nə qədər imkanınız çatırsa yardımlar edin, biz də o puldan yuxarıda adı çəkilən insanlara yardım əlimizi uzadaq.