Partlayışlardan sonra hər kəs Krımı tərk etmək barədə düşünür

Ukrayna prezidenti Vladimir Zelenski avqustun 9-da Rusiyanın işğal olunmuş Krımdakı Saki aerodromunda 9 hərbi təyyarəsini itirdiyini bildirib.
Bunu Vladimir Zelenski avqustun 10-da ukraynalılara axşam videomüraciətində, həmçinin «Sxemı» tərəfindən yayımlanan peyk şəkilləri əsasında söyləyib.


Zelenskinin deyib: «Təkcə son 24 saat ərzində işğalçılar on döyüş təyyarəsini itirib: doqquzu Krımda və daha biri Zaporojye istiqamətində. İşğalçılar həmçinin yeni zirehli texnika, döyüş sursatı anbarları, logistika yolları itkilərinə malikdir…»


Eyni zamanda «Sxemı» işğal olunmuş Krımdakı Novofedorovka yaxınlığındakı aerodromdan Planet Labs xidmətinin fotosunu dərc edib.


Şəkildə partlayışlardan əvvəl 9 təyyarənin yerləşdiyi dağıntı yerləri göstərilir. Onların arasında Su-30SM qırıcıları və Su-24M bombardmançıları var.
Bundan əvvəl belə olub: Səhər saatlarında Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı son sutka ərzində Rusiya ordusunun Ukraynaya qarşı müharibədə 9 təyyarə itirdiyini bildirmişdi. Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələri də Krımdakı Saki aerodromunda baş verən partlayışlar nəticəsində 10-a yaxın təyyarənin məhv edildiyi barədə məlumat yayıb.

Avqustun 9-da Krımın Novofedorovkadakı hərbi aerodromunda partlayışlar baş verib. Krım sakinləri sosial şəbəkələrdə ən azı iki yanğın episentrini əks etdirən videolar yerləşdirib və 7-dən 12-yə qədər partlayış səsi eşitdiklərini bildiriblər.


Rusiya Müdafiə Nazirliyi bəyan edib ki, Saki aviabazasındakı yanğına bir neçə təyyarə mərmisinin partlaması səbəb olub. Daha sonra TASS-a Rusiya Federasiyasının hərbi idarəsindəki mənbə Novofedorovka yaxınlığındakı aerodromda yanğın təhlükəsizliyi tələblərinin pozulması barədə məlumat verib.


Ukrayna Müdafiə Nazirliyi Novofedorovkada baş verən yanğının səbəbini müəyyən edə bilməyəcəyini bildirib.

“The New York Times” yüksək rütbəli ukraynalı hərbçiyə istinadən yazıb ki, guya işğal olunmuş Krımda aerodromda baş verən partlayışların arxasında Ukrayna qüvvələri dayanır.


Ukrayna Prezidenti Aparatının rəhbərinin müşaviri Mixail Podolyak Rusiyanın işğalı altında olan Krımda Novofedorovka aerodromunda baş verən partlayışlarda Kiyevin əli olmadığını bildirib.


Hər halda Krımda Rusiyaya məxsus hərbi bazada baş vermiş partlayışlar Moskvada şok effekti verib.


Bu barədə ABŞ-ın Müharibə Tədqiqatları İnstitutu məlumat yayıb.


Bildirilir ki, hücum Rusiyada çaşqınlıq yaradıb. Məlumata görə, hücum zamanı bir neçə bina və azı 8 təyyarə sıradan çıxıb. Ukrayna Hərbi Hava Qüvvələri də hücumun fəsadlarını təsdiqləyib. Qeyd edək ki, Rusiya tərəfi hücum zamanı təyyarələrin sıradan çıxmadığını açıqlamışdı.

Krımın “Saki” aerodromunda baş vermiş partlayışlarda təkcə təyyarələr deyil, həm də qanadlı raketlərin nəhəng anbarları da məhv edilib.

Bunu ukraynalı hərbi ekspert, keçmiş xarici kəşfiyyat zabiti Aleksandr Zelenko deyib.

Onun sözlərinə görə, aerodromda baş verən partlayışlar nəticəsində rusların 20-dən çox təyyarəsi məhv edilib:

“Məhv edilən sadəcə təyyarə deyil, dinc şəhərlərimizə raketlər atan əclaflardır. Bunlar məhz strateji bombardmançı təyyarələrdir ki, qeyri-insani cinayətlər törədiblər, Vinnitsanı, Kremençuqu dağıdıblar, sadəcə mülki insanları öldürənlərdir. Çox bahalı İL-76, on milyonlarla dollara başa gələn bir neçə hücum helikopteri, qanadlı raketlərin nəhəng anbarları da yanıb».

Ən əsası isə bu partlayışlardan sonra əhali arasında güclü panika mövcuddur. Hər kəs adanı tərk edib qaçmaq üçün körpüyə üz tutub və bunun nəticəsində tıxaclar yaranıb. Bu tıxaclar isə işğalçılara əlavə lojistika problemi yaradıb və onun manevr qabiliyyətini aşağı salır.

Elnur Səlim

Bu xəbəri paylaşın: