AVMVİB Laçın rayon şöbəsi təbrik edir

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Laçın rayon şöbəsinin sədri Rasim Hüseynov Laçın rayonunun veteranları adından AVMVİB üzvlərinə birliyin yaranmasının 28 illiyi münasibətiylə təbrik ünvanlayıb.

Təbrikdə deyilir:

-28 il bundan öncə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) yaranması bir zərurət idi. Döyüşlərdən tərxis olunmuş insanların ciddi problemlərinin həllində birgəliklə məşğul olmaq, veteranların döyüşdən sonrakı dinc həyata adaptasiya olunması üçün belə bir birliyə ehtiyac duyulurdu. Çünki müharibə əlilləri və şəhid ailələrini birləşdirən cəmiyyətlər olsa da müharibə veteranları bir kənarda qalmışdı.

Bu örən 28 ilə bu gündən baxdıqda Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi fəaliyyət göstərdiyi dövr ərzində ölkəmizin ictimai həyatında faal iştirak edib. Döyüşçüləri tək amal uğrunda, Dövlət və torpaqlarımızın düşmən tapdağından azad edilməsi uğrunda mübarizədə birləşdirdi. Bu illər ərzində öz imkanlarımız hesabına gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunmasına da öz töhfələrini vermişdir.

44 günlük Vətən müharibəsi günlərində AVMVİB üzvləri, o cümlədən də Laçın rayonundan olan müharibə veteranlarımız Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin əmrinə hər an hazır olduğunu əməllə sübut etdi və bu gün də hər an hazır olduğumuzu bildirirəm.

Bu gün 28 illik bir yolumuza baxanda böyük bir yol keçdiyimizi görürəm. Bu yolda birgə yürüdüyümüz veteranlarımızı laçınlı müharibə veteranları adından təbrik edirəm!

Rasim Hüseynov

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Laçın rayon şöbəsinin sədri

Bu xəbəri paylaşın: