Bu gün AVMVİB-nin 28 yaşı tamam olur

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) 1994-cü ildə Bakıda döyüşçülər tərəfindən təsis olunmuşdur. İctimai Birliyin məram və məqsədi müharibə iştirakçılarının sosial hüquqlarının bərpası və qorunması, veteranlara və onların ailə üzvlərinə hüquqi yardım göstərilməsində, həmçinin əmək bazarına hazırlanmasında yaxından köməklik göstərmək və Qarabağın düşmən işğalından azad edilməsidir.

2020-ci il 44 günlük Vətən müharibəsindən sonra İctimai Birliyin sıraları daha da artmışdır. AVMVİB-nin 82 şəhər, rayon və rayon statuslu şöbəsi və bölmələri fəaliyyət göstərir. Hazırda AVMVİB üzvlərinin sayı 87.636 nəfərdir. Buna səbəb AVMVİB-nin rəhbərliyinin vətənpərvərlik mövzularında mədəni və sosial mözvulu silsilə tədbirləri həyata keçirməsi, mütəmadi olaraq Şəhid ailələlərini, Qarabağ müharibəsi iştirakçılarını, ümumilikdə Azərbaycan üzrə bütün veteranları mütəmadi ziyarət etmələri, onlar haqqında İctimai Birliyin internet saytında və internet televiziyasında vaxtaşırı sənədli film nümayiş etdirmələri ilə yanaşı, dövlət tədbirlərində, həmçinin yerli icra hakimiyyəti orqanları, o cümlədən orta ümumtəhsil məktəbləri və universitetlər, hərbi hissələr ilə birlikdə mədəni-kütləvi tədbirlərin hazırlanmasında və keçirilməsində yaxından iştirak etməsidir.

AVMVİB 44 günlük Vətən müharibəsində bir daha sübut etdi ki, irəli sürdüyü təkliflər və ideyalar gəlişi xoş sözlər deyildi. İstər döyüş meydanlarında vuruşmaqla yanaşı hərbi birliklərimizi tək qüoymamağa çalışdıq. AVMVİB sədri Füzuli Rzaquliyev başda olmaqla bu savaşda veteran övladları atalardan başlanan bir yolu Zəfərlə başa çatdırdılar. Onlarla veteran övladı şəhid oldu və hər birini rəhmətlə anır, başın sağ olsun, Vətən deyirik.

Könüllü və ictimai əsaslarla öz fəaliyyətlərini quran müharibə veteranları AVMVİB-ni döyüşçülərin məbədi hesab edirlər. Bu illər ərzində Dövlətimiz və dövlətçiliyimizin qorunması başlıca amalımız olub. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin hər an veriləcək əmrinə hazırıq. Bayrağımıza əl uzadanların əlini qırmaq, Torpağımıza göz dikənlərin gözünü oymaq, Uca Millətimizə dil uzadanların dilini kəsmək borcumuz və vəzifəmizdir.

AVMVİB hər cür sıxıntı və çətinliklərə sinə gərərək 28 ildir ki, ayaqdadır. AVMVİB-nin mətbu orqanı kimi həftəlik «Fədai» qəzeti dərc olunur. Qəzetin eyniadlı www.fedai.az internet versiyası da mövcuddur. Lakin üzvlərinin sayının çoxluğu, buna müvafiq olaraq da tədbirlərinin sayının artması AVMVİB-nin www.veteran.az saytını təsis etməsinə səbəb olmuşdur. Saytda Veteran TV — internet televiziyası fəaliyyət göstərir. Veteran Radio — layihəsi isə müharibənin ağrı-acılarını görmüş insanların xatirəsini, onların müsahibələrini həm respublika üzrə, həm də Azərbaycandan kənara — dünya ictimaiyyəti qarşısına çıxarmaqla Qarabağ həqiqətlərini təbliğ edir.

Biz bu məmləkəti öz canı kimi sevənlərin birliyiyik! Biz Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) üzvü olmaqla fəxr edirik! 28 yaşın mübarək, AVMVİB!

AVMVİB Mətbuat Xidməti

Bu xəbəri paylaşın: