Azərbaycanın dostu Arye Qutun dəfn olunacağı yer AÇIQLANDI 

“Arye Qut ağır xəstəlikdən sonra İsraildə xəstəxanada vəfat edib. Bu, bizim üçün böyük itkidir. Çünki onun miqyasında İsraildə Azərbaycan üçün vuruşan insan yoxdur”.

Bu sözləri Oxu.Az-a açıqlamasında İsraildə Azərbaycan Evinin rəhbəri Nexamiya Şirin Mixaeli deyib. 

“Onun vəfatı diaspor üçün böyük zərbədir. İsrail vaxtı ilə saat 14:00-da vida mərasimi olacaq, mən də orada olacağam. Arye Qut Netanya şəhərində dəfn olunacaq”, — deyə o əlavə edib.

12:01

İsrailli jurnalist, beynəlxalq münasibətlər sahəsində siyasi ekspert Arye Qut vəfat edib.

Bu barədə Oxu.Az-a Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat katibi Vəsilə Vahidqızı məlumat verib. 

Onun sözlərinə görə, o, uzun müddət sürən xəstəlikdən sonra vəfat edib.

İsrailin Azərbaycandakı səfirliyinin mətbuat katibi Lalə İsgəndərova Oxu.Az-a bildirib ki, A.Qut xərçəng xəstəliyindən əziyyət çəkirmiş.

Qeyd edək ki, Arye Qut 1975-ci ildə Bakıda anadan olub. 2000-ci ildən İsraildə yaşayıb.

A.Qut həm İsrail, həm Azərbaycan mətbuatı ilə fəal şəkildə əməkdaşlıq edirdi.

O, Türkiyə-İsrail münasibətləri, İsrail və Azərbaycan strateji tərəfdaşlığı, Cənubi Qafqazda geosiyasi vəziyyət, eyni zamanda Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı 700-dən artıq analitik məqalənin müəllifidir.

Arye Qut həmçinin Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin İsraildəki nümayəndəliyinin və İsraildə Azərbaycan Evinin icraçı direktoru idi.

Bu xəbəri paylaşın: