Xocavənd rayonunda 27 Sentyabr Anım Günü ilə əlaqədar müharibə veteranları və şəhid ailələri Şəhidlər Xiyabanında şəhid məzarlarını ziyarət ediblər. Tədbirdə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Xocavənd rayon şöbəsinin və Şəhid Ailələrinə «Qayğı» Cəmiyyətinin Xocavənd rayon şöbəsinin üzvləri qatılıblar.
Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Xocavənd rayon şöbəsinin sədri Akif Həsənov çıxış edərək şəhid ailələrinə AVMVİB sədri Füzuli Rzaquliyevin adından başsağlığı verdi.


Bu barədə Şəhid Ailələrinə «Qayğı» Cəmiyyətinin Xocavənd rayon şöbəsinin sədri Hamlet Gülməmmədov məlumat verib.
Hamlet Gülməmmədov bildirdi ki, Azərbaycan Respublikasında Anım Gününün təsis edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən 27 Sentyabr artıq 2 ildir ki, ölkəmizdə Anım Günü kimi qeyd olunur. Ölkəmizdə ümumi səfərbərlik elan edilməsə də, hər kəs yaşından və cinsindən asılı olmayaraq bu Vətən müharibəsində könüllü səfərbər idi. 44 gündə bütün ölkə vətəndaşları bölgəsindən asılı olmayaraq qarabağlı idi.

Vətəndaşlarımız ailəliklə vuruşurdu, qəhramanlıqla şəhid olurdu, iki oğlu olan və hər ikisini qurban verən valideynlər, əri və oğlu şəhid düşən ana mərdanə dayanıb Vətən sağ olsun deyirdi. Qalib olduğumuz Vətən müharibəsində azərbaycanlı kimliyi, vətəndaş millətçiliyi, Vətən mənsubiyyəti etnik çərçivələri aşaraq bütün Azərbaycan xalqını bir yumruq kimi birləşdirdi. 44 gündə düşmən üzərində hər yeni qələbəmiz Prezident İlham Əliyevin «Dəmir Yumruğ»unu daha güclü, daha yenilməz birlik və güc rəmzinə çevirdi. Bu yolda şəhidlərimiz oldu. Düşmənə qarşı aparılan mübarizədə Vətənə sipər olan qəhrəmanları unutmamalıyıq.
Allah şəhidlərimizə rəhmət eləsin!
Elçin Qədirov
Qarabağ üzrə xüsusi müxbir, Xocavənd, Beyləqan


