Sentyabrın 27-də Sabunçu rayon MKS- nin 12 saylı filialı Ə. Paşayev adına Mədəniyyət evi ilə birgə Anım günü ilə əlaqədar «Şəhidlər ölməz, Vətən bölünməz» adlı dəyirmi masa təşkil olundu. Öncə Azərbaycan Respublikası Dövlət Himni səsləndi, işğal altında olan torpaqlarımız uğrunda canından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla ehtiramla yad edildi.

Tədbirdə Zabrat qəsəbəsindən olan şəhid Veys İlyasovun anası Zeynəb İlyasova, şəhid Yaqub Yaqubzadənin bibisi, Laçın rayon Malıbəy kənd Mədəniyyət evinin direktoru Elyanə Məmmədova, Fedai. az saytının baş redaktoru Elnur Səlimov, şəhid Əvəz Paşayevin həyat yoldaşı Püstəxanım Paşayeva və kitabxananın bir qrup azyaşlı oxucuları, 75 saylı orta məktəbin IV a sinif şagirdləri iştirak etdilər.
İşğal altında olan torpaqlarımız qəhrəman şəhidlərimizin, əsgər və zabitlərimizin, qazilərimizin qanı və canı bahasına azad olunub. Xalqımız Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq 27 Sentyabr — Anım Gününü fəxarətlə qeyd edir.
Bu gün Azərbaycan qalib dövlət kimi yaşayır və bundan sonra da müzəffər xalq və qalib dövlət kimi əbədi yaşayacaqdır.
Torpaq, uğrunda ölən varsa, Vətəndir! Vətən sağ olsun!



