Şəhidimiz Səbuhi Əhmədovdan kimlər nə istəyir? Yazıqlar olsun…

  • XAQANİ Ədəboğlu
  • AVMVİB Mətbuat Xidmətinin rəhbəri

Həmişə deyirəm ki, xalqımız əlillərə, şəhid ailələrinə və əsgərlərimizə qarşı səmimi deyillər. Buna yetərincə bir ömürlük səbəblərim var. Bunu öz həyatımda görmüşəm və müşahidə etmişəm. Yazası olsam onlarla əsərə sığmaz. Bu qəbildən olan insanların umduğu şey isə səmimiyyətdir.

Elə ona görə də tez-tez təkrarlayıram ki, General Auqusto Pinoçet bu sözlərində necə də haqlıymış: «Dövlət təhlükədə olanda insanlar Allahı və hərbçiləri köməyə çağırırlar. Təhlükə sovuşandan sonra isə Allahı unudarlar, hərbçiləri isə ittiham edərlər».

Son günlər kimsəsiz, yetim şəhidimiz Səbuhi Əhmədov və onun qardaşı Sənan Əhmədovla bağlı baş verənləri izləyirəm. Ortada məmur həyasızlığı və qisasçılığı, xalqımızın biganə şəkildə susqunluğu var. Yetimin göz yaşlarını mirvari bilən bir zehniyyət yetimdən aldığını təkzib etdirir. Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyi qanun şərh edir. 1999-2019-cu illər ərzində ölkənin Nazirlər Kabinetində «gizli əllər» (əslində isə aşikardır) bu təbəqəyə aid bütün qanun və qərarlara zərərli bir şəkildə düzəlişlər və müdaxilələr ediblər. Ümuniyyətlə, hərbçilərin əmək haqları və pensiyaları haqqında, Şəhid adlarının əbədiləşdirilməsi haqqında, Veteranlar haqqında, Müharibə əlillərinin reablitasiyası haqqında, əlilliyin təyin olunması meyarları haqqında, xüsusən də müharibə ilə bağlı xəsarətlər yox edilib, Şəhid statusunun verilməsi haqqında və s. kimi Qanun və qərarlara zərərli düzəlişlər edilmişdir. Bunu kimin etdiyi niyə araşdırılmır?

Şəhidimiz barədə rəsmi məlumata diqqət edin. “Şəhidimiz Səbuhi Əhmədovla bağlı mediada yayılmış arayışla əlaqədar bildiririk ki, qeyd edilən sənəd “Şəhid” və şəhidin ailəsinə “Şəhid ailəsi” statusunu müəyyən edən şablon arayış formasıdır”.

Sosial Xidmətlər Agentliyindən verilən xəbərə görə, arayışda şəhidin hər hansı bir ailə üzvü barədə məlumat yazılmayıb.

“Şəhidin ailə üzvü kimi rəsmi statusun tanınması “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Qanuna uyğun olaraq həyata keçirilir. Qanunvericilikdə bu güzəştlərdən şəhidin həyat yoldaşı; valideynləri; 18 yaşına çatanadək (əyani təhsil aldığı halda 23 yaşınadək) uşaqları; 18 yaşına çatanadək əlilliyi müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan övladları; 18 yaşına çatanadək (əyani təhsil aldığı halda 23 yaşınadək) uşaq evlərində tərbiyə olunan qardaş və bacıları; qanunla onları saxlayan şəxs olmadıqda baba və nənələri istifadə edir.

Şəhidimizin qardaşı Sənanın 27 yaşı olduğundan sözügedən qanunvericiliklə imtiyazlı kateqoriyadan olan şəxs hesab olunmur. Buna baxmayaraq, dövlətin qayğısının bir daha təzahürü olaraq Sənan Əhmədovun sosial-məişət şəraitinin yaxşılaşdırılması üçün Nazirlik hazırda mümkün olan təklifi – sosial tərəfdaş vasitəsilə təqdim olunan 1 otaqlı mənzili ona təklif edir.

Bu mövzunu kontekstdən çıxaran, səhv mövqedən tirajlayan, şəhid adının müqəddəsliyinə və dövlətin şəhid ailələrinə qayğısını kölgə altına salmaq cəhdlərini pisləyirik”, — məlumatda bildirilib.

Buna deyərlər ki, gör bizim necə də «şəhidsevər» məmurcuqlarımız var.

Əslində isə 1999-2019-cu illər ərzində “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 15 yanvar tarixli 10 saylı qərarı diqqət edin və onun necə dəyişdirilərək bu günkü vəziyyətə salındığına diqqət edin.

1994-cü il 15 yanvar tarixli 10 saylı qərar:

2. Şəhid ailəsi

2.1. Şəhid ailə üzvləri aşağıdakılar hesab olunurlar;

2.1.1. arvadı (əri);

2.1.2. valideynləri;

2.1.3. 18 yaşına çatmamış uşaqları, 18 yaşınadək əlilliyi müəyyən edilmiş 18 yaşından yuxarı əlilliyi olan övladları;

2.1.4. qardaşları və bacıları — uşaq evlərində tərbiyə olunanlar;

2.1.5. babalar və nənələr, qanunla onları saxlayan şəxs yoxdursa;

2.1.6. 2.1.3 və 2.1.4 bəndlərində göstərilənlər əyani təhsil müəssisələrində, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasında təhsil aldıqda 23 yaşa çatanadək ailə üzvü hesab edilirlər.

2 iyun 2003-cü il tarixli 73 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, № 6, maddə 342).

Şəhid ailəsi

2.1. Şəhid ailə üzvləri aşağıdakılar hesab olunurlar;

2.1.1. arvadı (əri);

2.1.2. valideynləri;

2.1.3. 18 yaşına çatmamış uşaqları, 18 yaşınadək əlilliyi müəyyən edilmiş 18 yaşından yuxarı əlilliyi olan övladları;

2.1.4. qardaşları və bacıları — uşaq evlərində tərbiyə olunanlar;

2.1.5. babalar və nənələr, qanunla onları saxlayan şəxs yoxdursa;

2.1.6. 2.1.3 və 2.1.4 bəndlərində göstərilənlər əyani təhsil müəssisələrində, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasında təhsil aldıqda 23 yaşa çatanadək ailə üzvü hesab edilirlər.

“Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2021-ci il 23 aprel tarixli 295-VIQD nömrəli Qanunu

Maddə 1. Şəhid və şəhid ailəsi anlayışı

Şəhid Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyənləşdirilmiş qaydada ölmüş hesab edilən şəxsdir.

Qüvvədə olan qanunvericiliyə müvafiq surətdə aşağıdakı şəxslər şəhid ailəsinin üzvləri hesab edilir:

ər-arvad, valideyn, 18 yaşına çatmamış uşaqlar, 18 yaşına çatanadək əlilliyi müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan övladları, orta ixtisas təhsili, ali təhsil müəssisələrində və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatın magistratura səviyyəsində təhsil alanlar isə həmin təhsil müəssisələrini və elmi təşkilatın magistratura səviyyəsini bitirənədək, lakin ən çoxu 23 yaşına çatanadək; qanunla onları saxlamalı şəxs yoxdursa, babalar və nənələr.

İndi isə bir nüansı diqqətinizə çatdırıram. Köhnə Qanunlarda olan 2.1.4. qardaşları və bacıları — uşaq evlərində tərbiyə olunanlar; maddəsi çıxarılıb. Amma bu gün böyük qardaş onun ailəsinin faktiki olaraq əvəz edir. Çünki şəhidimizin «ailə» deyə üz tutduğu tək ünvan qardaşı olub. Qanunda göstərilən «qanunla onları saxlamalı şəxs yoxdursa, babalar və nənələr» nəzərdə tutulur. Bəs nənələr və babalar yoxdursa, necə olsun?.. Bunlar bizi bizdən çox «istəyirlərmiş». Bunlar bizim olan dövlətin qəpikləri üstündə əsər, amma bu əsməcəlilərin özləri haram yolla Dövlət babanın milyonlarını udarlar.

Bircə xatırlatma edirəm: Yetimin göz yaşıyla yığılan sərvət, cəhənnəm atəşinin kösövləridir. Bunu unutmayın…

Bu xəbəri paylaşın: