Nəsimi rayonunda müharibə veteranları və şəhid ailələrinin iştirakıyla 27 sentyabr Anım gününə həsr olunmuş silsilə tədbirlər davam etdirilib. Azərbaycanın Milli Qəhrəmanı Tahir Həsənov adına 23 nömrəli məktəbdə Anım tədbiri keçirildi.
Bu barədə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Nəsimi rayon şöbəsinin sədri, polkovnik Elmar Hüseynov verib.
Elmar Hüseynov bildirdi ki, tədbir N.Ə. Hənəfiyeva və Hərbi rəhbər Qalib Paşayevin təşkilatçılığı ilə təşkil olunub.


23 nömrəli məktəbin müəllim heyəti və şagirdlərinin Qarabağ müharibəsi və Vətən müharibəsi veteranları ilə görüşü təşkil edilib. Vətənimizin keşiyində duran və aparılan əməliyyatlarda ön sıralarda döyüşən Xüsusi təyinatlı tankçı Şirinov Ramin, Quru qoşunlarında xidmət göstərən Piriyev Rəhim, Xüsusi təyinatlı Rəcəbov İmran və Həmidov Yadigar görüşün qonağı olmuşlar.


Qonaqlar Vətən müharibəsi zamanı ordumuzun döyüş əzmindən, xalqımızın arxa cəbhədə göstərdiyi dəstəkdən və bu dəstəyin igidlərimizin ruh yüksəkliyini uca tutmalarına necə təsir etdiyindən danışdılar.
Daha sonra qonaqlar şagirdlərin əl işləri və Azərbaycanın Milli Qəhrəmanı Tahir Həsənovun muzeyi ilə tanış oldular.
Azərbaycan əsgəri, biz sizinlə fəxr edirik!
Şəhidlər ölməz, Vətən bölünməz!
E. Səlim


