Şəhid Ailələrinə «Qayğı» Cəmiyyətinin Xocavənd rayon şöbəsinin sədri, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) sədrinin müşaviri Hamlet Gülməmmədov, AVMVİB Tərtər rayon şöbəsinin sədri Çingiz İsayev, müharibə veteranları və şəhidlərin ailələri ilə birlikdə Bərdə və Tərtər rayonlarında Şəhidlər Xiyabanlarında uyuyan şəhidlərimizin məzarlarını ziyarət ediblər.
Şəhidlərin məzarları ziyarət olunub, gül qoyularaq ruhlarına dualar oxunub.
Bu barədə Şəhid Ailələrinə «Qayğı» Cəmiyyətinin Xocavənd rayon şöbəsinin sədri, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) sədrinin müşaviri Hamlet Gülməmmədov məlumat verib.



H. Gülməmmədov bildirib ki, minlərlə igidimiz öz canlarını Vətən uğrunda fəda etmişdir. Tarix yenidən təkrarlanmış, 2020-ci il sentyabrın 27-də II Qarabağ müharibəsi başlamışdır. 44 gün davam edən döyüşlər ərzində Ali Baş Komandanımızın uzaqgörən siyasəti və rəşadətli ordumuzun güclü döyüş taktikası Azərbaycanın gücünü bütün dünyaya göstərdi. Azərbaycan xalqı cənab İlham Əliyevin “Qarabağ Azərbaycandır!” şüarı altında “Dəmir yumruq” kimi birləşərək yenilməz ordumuzun haqq davasına tam mənəvi dəstək oldu.


Döyüşlər ordumuzun qələbəsi ilə başa çatdı və Azərbaycanın ərazi bütövlüyü tamamilə bərpa edildi. Bu şanlı qələbə bizləri nə qədər sevindirdisə, ürəklərimizdə də bir o qədər iz qoydu. Minlərlə igidlərimiz və mülki vətəndaşlarımız şəhidlik adını qazandılar. Bu gün xalqımızın mərd oğulları Azərbaycan tarixini öz qanları ilə yenidən yazdılar.
Allah şəhidlərimizə rəhmət eləsin!
Elçin Qədirov
Qarabağ üzrə xüsusi müxbir


