13 oktyabr 2022-ci il tarixdə Azərbaycan Respublikası Qeyri-Hökümət Taşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi və Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) təşkilatçılığı ilə Oğuz rayonu Təsil şöbəsinin akt zalında “Müharibə Veteranlarına Hüquqi Yardım” adlı layihə üzrə tədbir keçiriblər.
Təlimdə 28 nəfər iştirak edib.
Azərbaycan Respublikasının Qeyri — Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyin maliyyə dəstəyi ilə bu layihə çərçivəsində Oğuz rayonunda yaşayan müharibə veteranlarının pozulmuş hüquqları istiqamətində çıxışlar edilib və müharibə veteranları ilə diskusiya aparılıb. Çıxış edən Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Oğuz rayon şöbəsinin sədri Bəhlul Rüstəmov tədbiri açıq elan edərək şəhidlərimizin xatirəsini 1 dəqiqəlik sükutla yad edilməsini bildirdi.


Tədbirdə Oğuz rayon İcra Hakimiyyətinin əməkdaşı , Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) sədrinin təşkilati işlər üzrə müavini Vahid Abdurəhmanov, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) sədrinin ictimai əlaqələr üzrə müavini İslam Səfərov, AVMVİB NTK sədri Niyazi Quliyev və AVMVİB Mətbuat Xidmətinin rəhbəri Xaqani Ədəboğlu iştirak ediblər.
Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) sədrinin təşkilati işlər üzrə müavini Vahid Abdurəhmanov çıxış edərək, layihənin məqsədi barədə geniş və ətraflı məlumat verdi. Sonra bu layihənin əhəmiyyəti, onun müharibə veteranlarının dövlət qurumları ilə əlaqəli şəkildə problemlərin həll olunmasının mümkünlüyü barədə danışdı. Eyni zamanda layihənin məqsədi və məramı barədə iştirakçıları məlumatlandırdı.


Daha sonra layihə çərçivəsində Oğuz rayon İcra Hakimiyyəti İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Cavid Həmidov, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) sədrinin ictimai əlaqələr üzrə müavini İslam Səfərov, AVMVİB NTK sədri Niyazi Quliyev ortaya çıxan problemlər barədə çıxışlar etdilər.
Görüşdə məlum oldu ki, əksər müharibə veteranları Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyi Məşğulluq İdarəsinin yarıtmaz fəaliyyətindən narazıdırlar. Bu günədək «Müharibə veteranı» statusu almayanların da haqlı və müvafiq sənədləri olsa da öz statuslarını ala bilmədiklərini aşkarladıq. Hətta məhkəmə qərarı olan veteranı Müdafiə Nazirliyi düz 7 ildir ki, gözlətməkdədir. 44 günlük Vətən müharibəsinin iştirakçıları arasında da döyüş xidmətlərinə görə 3 və daha artıq medal almış döyüşçülərə də status verilməyib.


Tədbirin yekunu olaraq çıxış edən Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Oğuz rayon şöbəsinin sədri Bəhlul Rüstəmov bildirdi ki, rayonda İcra Hakimiyyətinin Başçısı Eyvaz Qurbanov və İcra Hakimiyyətinin əməkdaşları daim müharibə veteranlarına və şəhid ailələrinə diqqət və qayğı ilə yanaşıblar. Birgə səylə qarşıya çıxan problemlərin həll olunacağına inanıram.
Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) sədrinin təşkilati işlər üzrə müavini Vahid Abdurəhmanov iştirakçılara təşəkkür etdi və bu şəraiti yaratdıqlarına görə Azərbaycan Respublikası Qeyri-Hökümət Taşkilatlarına Dövlət Dəstəyi Agentliyinə və Oğuz rayon İcra Hakimiyyəti rəhbərliyinə öz minnətdarlığını çatdırdı. Problemlərin həllində hər bir veteranımızla birgə olacağını qeyd etdi. Bu cür tədbirlər Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin yürütdüyü sosial siyasətə dəstək xarakteri daşıyır.
AVMVİB Mətbuat Xidməti
