Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) rayon və şəhər şöbələrinin şəhidlərimizə həsr olunmuş mərasim və tədbirlərdə iştirak etmələrini xəbər vermişdik. AVMVİB Mingəçevir şəhər şöbəsinin üzvləri 44 günlük Vətən müharibəsi şəhidi Atiq Ariz oğlu İbrahimovun Anım mərasimi keçirilib və məzarı ziyarət olunub.
Bu barədə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) sədrinin müavini, Mingəçevir şəhər şöbəsinin sədri Natiq Həsənov məlumat verib.


Şəhidlər abidəsi ziyarət edilərək gül qoyulub və ruhlarına dualar oxunub.
Mərasimdə müharibə veteranları ilə yanaşı şəhər sakinləri, şəhid ailələri iştirak ediblər.
Şəhid Atiq Ariz oğlu İbrahimov 1990-cı ildə Mingəçevir şəhərində anadan olub. 2008-ci ildə Mingəçevir Türk Liseyini bitirib.


Ali təhsilini Türkiyənin Antalya şəhərində Akdeniz Universitetində və Ukraynanın Karazin Universitetində alıb. 5 xarici dil bilən Atiq İbrahimov «Azərişıq”-ın Ağdaş Elektrik şəbəkəsində nəzarətçi mühəndis işləyib.
44 günlük Vətən müharibəsində könüllü olaraq iştirak edən şəhid Atıq İbrahimov pulemyotçu olub. Füzuli, Cabrayıl, Hadrut, Suqovuşan, Talış, Ağdərə döyüşlərində qəhramancasına döyüşüb.
Oktyabrın 16-da Ağdərə istiqamətində gedən döyüşlərdə şəhid olub.
Azarbaycan Respublikası Prezidentinin sərəncamları ilə «Vətən Uğrunda», «Suqovuşanın Azad Olunmasına görə» və «Cəsur Döyüşçi medalları ilə təltif olunub. Subay idi.
Allah rəhmət eləsin!
Elnur Səlim


