Erməni saytı «FAKT» yazır: «PAŞİNYAN «ARTSAXI» TƏHVİL VERİR»

Hər kəsin bildiyi kimi, qondarma «Artsax» prezidenti Araik Arutyunyanın başçılıq etdiyi siyasi rəhbərliyi keçən həftə İrəvanda idi. Onlar uzun müddət Nikol Paşinyanla görüşməyə çalışırdılar və bir neçə gün gözlədikdən sonra həmin görüş baş tutdu.

“FAKT” qəzetinin məlumatına görə, «Artsax» erməniləri bu səfərə çox pis reaksiya verib, çünki çoxlarında belə təəssürat yaranıb ki, Arutyunyan Paşinyanı bir daha «sövq» etmək üçün belə səfərlər edir.

Məsələ burasındadır ki, əldə olunan etibarlı məlumata görə, Paşinyanın «Artsaxı» təslim etdiyi artıq hamıya aydındır, lakin Arutyunyan heç bir addım atmağa tələsmir. Üstəlik, mənbəmizin sözlərinə görə, Nikol Paşinyan hər görüşdə Arutyunyana süni olaraq müsbət impulslar verməyə çalışır.

Qəzetin yazdığına görə, «Artsax»ın sarsaq nümayəndələri İrəvandan kifayət qədər məyus halda qayıdıblar. Onlar Paşinyanın çox şeylər barədə açıq-aşkar yalan danışdığını, başqa manipulyasiyalar etdiyini və söylədiklərinin çox pessimist müşahidələr olduğunu, xüsusən də artıq heç bir şeyin ondan asılı olmadığını aydın başa düşürlər.

Yeri gəlmişkən, nəzərinizə çatdıraq ki, Paşinyanın Qarabağ nümayəndə heyətinin üzvləri ilə görüşü zamanı video görüntülərin SƏSSİZ yayımlanması da ermənilər arasında geniş narazılıqlara səbəb olub.

«FAKT» qəzetinin Qarabağ üzrə mənbəsi xəbər verir ki, yaxın gələcəkdə Qarabağda kütləvi mitinqlərin yeni dalğası istisna olunmur.

İSMAYIL TANRIVERDİ

BDU-nun Erməni Araşdırmaları və Təlim Mərkəzinin direktoru

Bu xəbəri paylaşın: