- XAQANİ ƏDƏBOĞLU
- AVMVİB Mətbuat Xidmətinin rəhbəri
Məğlubiyyət yaxınlaşdıqca Putin və onun çürüməkdə olan imperiyası müvazinətini itirir və əlində olan gizli kartları açır. Faktiki olaraq açıq oyuna keçməklə Rusiya bir daha bu qondarma münaqişənin yaradıcısı və tərəfi olduğunu bir daha ortaya qoymuş oldu. ABŞ-ın daha qətiyyətli və mühüm ərazi bütövlüyü prinsipinə qarşı Rusiya özünün tərəddüdlü «Qarabağın müqəddəratı» uydurmasını Putinin ağzıyla bəyan elədi. Putin deyib: «Vaşinqton variantı deyilən versiya, mənim anladığım qədər, Azərbaycanın Qarabağ üzərində suverenliyinin tam tanınmasını nəzərdə tutur. Əgər Ermənistan belə düşünürsə, xahiş edirəm, biz erməni xalqının istənilən seçiminə dəstək verəcəyik… Əgər erməni xalqı və Ermənistan rəhbərliyi hesab edirsə ki, Qarabağın özünəməxsus özəllikləri var və bu xüsusiyyətlər nəzərə alınsın və gələcək sülh müqaviləsində bu müzakirə olunsun, bu da mümkündür».
Burada Türk şair, yazar və Dövlət adamı olan Süleyman Nazifin sözləri yadıma düşdü: «Moskvanın sülhü aldadıcı, susqunluğu qudurğan, üzə gülməsi xain, yardımı alçaldıcıdır».
Rusiya bu müharibənin məğlub tərəfidir. Bunu Putin son «Valday» çıxışında bir daha təsdiqlədi.
Rusiyanın hərbi planı: Xatırlayırsınızsa, Ermənistan tərəfinin müharibə zamanı və əvvəl də neft-qaz kəmərlərinə, Mingəçevir su anbarına zərbə endirilməsi ilə bağlı bəyanatlar verirdi. Ermənistanın Mingəçevirdə su bəndini dağıtmaq üçün atdığı 3 “Elbrus” raketini göydə vuran hərbi hissənin komandiri, polkovnik Səfər Qurban oğlu Qurbanov “Vətən Müharibəsi Qəhrəmanı” adına layiq görülüb. Atılan raketlərdən 2-si isə partlamayıb. O cümlədən neft-qaz kəmərləri hədəfdəydi. İkincisi beynəlxalq skandala səbəb ola bilərdi. Ona görə də Rusiya müharibə zamanı vurulması vacib iki obyekt seçmişdi: Mingəçevir SES və İES.
Plana görə Azərbaycanı enerjidən (2018-ci ildə bunu daxildəki əlaltıların sayəsində bacarmışdılar) mərhum etmək və Azərbaycan ərazilərini SES — in sularına qərq etməklə fəlakət zonasına çevirmək üçün mövcud bənd dağıdılmalıydı. Əgər bəndi vurmaqla dağıtmaq mümkün olsaydı, o zaman Kür-Araz ovalığının 18 rayonu tam və ya qismən su basımaya məruz qalar və ilkin dalğanın hündürlüyü 70 m-ə çatardı. Mingəçevirin özü 4 dəqiqədən sonra relyefindən asılı olaraq 10-11 metrlik su altında qala bilərdi.


Bu barədə keçmiş Mingəçevir Regional Mülki Müdafiə İdarəsində Mühəndis Xidmətinin rəisi işləmiş Rəşid Bərgüşadlının saytlara verdiyi açıqlamada bildirilirdi ki, fəlakətli subasma zonasında 70 min əhali yaşayır (1997-ci il üçün). Hadisə baş verərsə, Yevlax rayonunun 190 kv.km ərazisi 28-30 dəqiqə; Ağdaş rayonunun 75 kv. km ərazisi və 22 min əhalisi 80 dəqiqə; Ucarın 100 kv.km ərazisi və 34 min əhalisi 2 saat ərazisində subasmaya məruz qalardı. Onu da qeyd edim ki, SES güclü müdafiə sisteminə malikdi və düşmənin bu cəhdinin qarşısı alındı.
Yəni rusların bu mənfur planını önləmək mümkün oldu. Plan boşa keçincə Rusiya Ukraynada olduğu kimi mülki əhalini hədəfə aldı (Bərdə, Gəncə, Ağcabədi, Ağdam, Tərtər və s.). Cəbhədə düşmən tərəfdə bütün ZRK, ballastik və taktiki raket sistemlərini, hətta Qrad qurğularını belə idarə edənlərin ruslar olmasını erməni tərəfi dəfələrlə elan edib. 9 noyabr 2020-ci il tarixində, Ermənistanın Yerasx kəndi yaxınlığında, Azərbaycanın Naxçıvan Muxtar Respublikasından bir neçə kilometr aralıda və Dağlıq Qarabağdan 70 kilometr (43 mil) məsafədə daşınabilən hava hücumundan müdafiə sistemindən atılan atəş nəticəsində bir Rusiyaya məxsus Mİ-24 hücum helikopteri (NATO kod adı: «Hind») vuruldu. İlkin məlumatda bu helikopterin Gümrüdəki 102-ci Rusiya hərbi bazasından çıxış etmiş 3-cü batalyona məxsus konvoyu müşayiət etdiyi bildirilirdi. Gecə uçuşu edən taktiki helikopter kimləri və haraya doğru müşaiyyət edirmiş? Rusiya öz maskasını o gecə çıxarmaqmı istəyirdi? Yaranmış aralıq vaxtdan rusların istifadə edərək etdiyi bu gecə reydinin məramı bu günədək detallı olaraq açıqlanmayıb. Azərbaycan ordusunun qətiyyətli davranışı Rusiyanın bu təxribatının qarşısını aldı. Rusiya hücum baş tutsaydı, Ermənistanın xilaskarı kimi hücumla bölgəyə girib şərtlər diqtə edəcəkdi. Bu da alınmadığına görə, hesablanmış «b» variantına uyğun Rusiya özünü «sülhməramlı» kimi sırıdı.
Rusiyanın Qarabağda qalmaq planı: Özünü «sülhməramlı» adıyla bölgəyə pərçim edib öz layihəsinin qalıqlarını xilas edən Rusiyanın bölgədə bu gün qalma planları üzərində iş aparır. Çünki, bu günədək, bir problemlə hər iki ölkəni öz təsiri altında saxlayan Rusiya, problem çözülüncə Ermənistanı və daha doğrusu Zaqafqaziyanı itirəcək. 23 minlik əhali yaşayan ərazilərdə öz təsirini qorumaq üçün Rusiya Xankəndini 100 minlik əhalisi olan bir şəhərə çevirmək istəyir. Plana görə şəhərdə Azad Ticarət bölgəsi yaradılacaq. Rusiya Ukrayna müharibəsindən öncə bölgəyə İran, Suriya və Livandan ermənilər köçürmək, həmçinin Rusiyadan da rus və ermənilər köçürmək istiqamətində işlər aparıb. Dəvətlilərə mənzil və yüksək əmək haqqı təklif edilib. Ruben Vardanyan adlı kirli pulyuyan «ropotun» bölgədə peyda olması Putinin məkrli planlarındandır. Burada məqsəd heç də ermənilərin qorunması deyil, Qafqazda möhkəmlənərək, «Bir yol, bir kəmər» layihəsinə təsir imkanı əldə etməkdir…
Bu gün içimizdə bəslədiyimiz bəzi rus kolonuna mənsub xainlər düşünürlər ki, Rusiya Qarabağ savaşında güya tərəfsiz qalıb. Deyərdim ki, belə bir fakt olmayıb. Rusiyanın Dövlət səviyyəsində yaydığı bütün informasiyalar bunu təkzib edir. İran vasitəsiylə və alternativ yollarla Ermənistanın silahla təchizatını bir an dayandırmayıb. Bölgəyə PKK yaraqlılarını gətirib. Sadəcə Rusiya illər boyu Qarabağda bəslədiyi qondarma «(S)arsax müdafiə ordusu» adlı Ermənistan dəstəkli terrorçu-separatçı qurumun müdafiə qabiliyyətinə arxayın idi. Raket-Zenit komplekslərini rus hərbçilər idarə edirdi və Qarabağdan həmin günlərdə ən azı 187 «Gruz-200» aparıldığı barədə məlumatlar əldə edə bilmişdik. Daha çox Maykopa eniş edən təyyarələr bu leşləri aparıb. Guya Qarabağda qalan 35-40 min erməni toplumunun 45 minlik bir ordu yaratması kimi rus axmaqlıq nağılından Ermənistan hələ də istifadə etməkdədir. Bildirirlər ki, vuruşanlar Qarabağ erməniləriymiş…
Bu separatçı-terror dəstəsinin bu günədək ləğv edilməməsinin və ölkədən çıxarılmamasının tək səbəbi də Rusiyadır və onun bu gün yerdəki canişini əyyaşlıq edən rus generalı Andrey Volkovdur. Artıq faktdır ki, bu terrorçu-separatçı quruma aid qanunsuz silahlı birləşmə üzvləri rus hərbi kontingenti ilə birgə postlarda dayanır və hətta Azərbaycana məxsus avtomobillərin geri qaytarılmasına qərar verir. O qanunsuz dəstələrin bütün təminatı Rusiya tərəfindən ödənilir.
Ən son güya Ermənistanın Rusiya etiraz olaraq kimlərisə qara siyahıya salması oyunu da itirilməkdə olan Rusiya rolunu diriltmək üçün oynanır. Putinin qondarma müqəddərat nağılını eşidən Sorosçu Nikol ertəsi gün Tvitterdə rusca dil açdı.
Xüsusən də Azərbaycan Ordusunun keçirdiyi «Qisas” əməliyyatından sonra Rusiya sülhməramlıları qanunsuz erməni hərbi birləşmələrinin daha çox qeydinə qalmağa başlayıblar. Məlumata görə, sülhməramlılar bəzi postlarda erməni terrorçularla birgə «keşik çəkməyə” qərar veriblər. Bu cür «tədbirlər”in bölgədə «gərginliyi azaltmağa” xidmət etdiyi vurğulanıb.
«(S)arsax müdafiə ordusu» pərdəsi arxasında gizlənib iyrənc imperiya istəklərini hər iki ölkədə yeridən Rusiya bu rıçaqı əldən verməmək üçün yenə də ən bəsit vasitəyə əl atdı. Erməi axmaqlığına qalan ərazilərdə «müqəddarat» yalanını sıradı.
Rusiya sülhməramlılarının varlığı artıq bölgədə təhdid elementinə çevrilib. Müvəqqəti nəzarətində olan ərazilərdə sözügedən kontingentlə bağlı durmadan qalmaqallı informasiyalar yayılmaqdadır.


Rusiya illərlə özünü tərəfsiz göstərməyə çalışıb və bu işdə Fransa kimi marağı olan avropalıları qismən «aldada» bilib. Rusiyanın uydurduğu «həlli olmayan bu problemlə» razılaşaq. İndi bir separatçı qurumun əlindən alınıb məhv edilmiş silahlara diqqət edin. Bu silahları bu separatçılara sizcə kim verə bilərdi? 44 gün davam edən müharibə nəticəsində Ermənistan tərəf 10 ədəd S-300 və onun taktiki-döyüş vasitələri, 366 tank, 352 müxtəlif çaplı top, 22 ədəd Pilotsuz Uçuş Aparatı, 5 Su-25 təyyarəsi, 50 Tor, Osa, Kub, Kruq modelli zenit-raket kompleksindən məhrum olunub. Eyni zamanda döyüş əməliyyatları çərçivəsində xüsusi əhəmiyyətə malik 97 ədəd Qrad, 4 ədəd Smerç, 2 Uraqan, 1 Tos odsaçan, 2 Uraqan, 1 ədəd Yars, Toçka-U, ballistik raketlər, Elbrus raket kompleksləri də məhv edilib. Xüsusi müdafiə qabiliyyəti üçün mühüm əhəmiyyət kəsb edən radiolokasiya stansiya və vasitələri, xüsusi döyüş qərargahları və silah- sursat anbarları da yox edilməklə Ermənistanın müharibə qabiliyyəti tamamilə məhv olunub. Məhv edilən hərbi texnikanın içərisində iqtisadi gücünün, hərbi imkanlarının və beynəlxalq qanunvericiliyin Ermənistanın əldə etməsinə heç bir halda imkan vermədiyi silah kompleksləri mövcuddur. Belə silahlara örnək olaraq, dəyəri yüz milyonlarla dollarla ölçülən S-300 sistemləri, satışı və istifadəsi qadağan olunan ballistik sistemləri, «Elbrus» raket kompleksləri xüsusi qeyd olunmalıdır.
Müharibədən öncə Rusiyanın Qarabağdakı «Gizli Unitaz Ordusunun» arsenalına diqqət edin:
— Su-25 Rusiya Yaxın hava dəstəyi təyyarəsi 2 əd.
— Mi-24 Rusiya Döyüş helikopteri 4 əd.
9 may 2007 və 2012-ci il tarixlərində hərbi paradlar zamanı separatçılara məxsus Hərbi Hava Qüvvələrinin tərkibində 5 ədəd Mi-24 helikopteri təqdim olunub. «Sartsax Müdafiə Ordusuna» məxsus 1 ədəd Mi-24 2014-cü il noyabrın 12-də Azərbaycan hərbçiləri tərəfindən vurulub. Mi-8 Rusiya Orta nəqliyyat vertolyotu 5 əd.
Böyük Britaniya Hərbi Akademiyasının Qabaqcıl Araşdırma və Qiymətləndirmə Qrupu «DQR» ordusunun daha 5 helikopterinin olduğunu bildirmişdi. Çox güman ki, bunlar nəqliyyat və xidmət helikopterləridir. Həqiqətən də 2012-ci il paradında 5 ədəd Mi-8 helikopteri nümayiş etdirilmişdi.
— Pilotsuz UA «Krunk» İHA Ermənistan istehsalı İHA 4 əd.
— müharibədən əvvəl BMP-1 Sovet İttifaqı piyada döyüş maşını 13 əd.
— BMP-2 Sovet İttifaqı piyada döyüş maşını 7 əd.
— T-72 Sovet İttifaqı Əsas döyüş tankı 187 əd.
— Skad-B Sovet İttifaqı Çoxsaylı reaktiv yaylım atəş sistemi 4 əd.
— T-72 tankı SSRİ/ Rusiya — 20 əd.
— T-72 SIM2 Rusiya döyüş tankı İkinci Qarabağ Müharibəsi zamanı Azərbaycandan qənimət götürülüb — 1əd.
— T-90S Rusiya döyüş tankı — 1 əd. (İkinci Qarabağ Müharibəsi zamanı Azərbaycandan qənimət götürüldüyü yazılıb).
— BMP-1 SSRİ Piyada döyüş maşını 50 əd.
— BMP-2 SSRİ/ Rusiya Piyada döyüş maşını 100 əd.
Bu silahları, sizcə bizim ölkəyə soxan terrorçu bir dövlətin məramı sülh ola bilərmi? İvan, luçşe idi domoy!
Son vaxtlar rusların məqsədyönlü işlər aparması sayəsində, qondarma “artsax”da ikili vətəndaşlığı “konstitusiya səviyyəsində legitmləşdirməyə” başlayıblar. “Artsax konstitusiyası”nın yenilənmiş layihəsi artıq hazırlanıb və müvafiq saytda yerləşdirilib. Bildirilir ki, nə “Dağlıq Qarabağ Respublikasının” 2006-cı il “konstitusiyasında”, nə də 2017-ci ildə yenilənmiş variantda “artsax” ikili vətəndaşlıq məsələsi əks olunmayıb. İndi ikili vətəndaşlıq məsələsinin “konstitusiya səviyyəsində tənzimlənməsi” təklif edilir.


İndiyədək 10-larla belə “qanunlar” çıxarıblar, “referendumlar” keçiriblər. Amma son aylar Xankəndində “erməni qazanını” yenidən qaynatmağa başlayıblar. “Liderləri” Avropanı, Amerikanı qapı-qapı gəzirlər, yenə “müstəqillik”, yenə “status” deyirlər. Yəni bu ikili vətəndaşlıq məsələsi qəfil ortaya çıxmayıb. Rusiya hərbi kontingenti bölgəyə gələn kimi tələsik rus dilinə “ikinci dövlət dili statusu” verdilər. Məsələyə primitiv yanaşsaq, deyək ki, rusiyalı milyarder Vardayan qəfil Xankəndidə yaşamaq fikirinə düşdüyünə və digər varlı erməniləri də Qarabağa çağırdığına görə ikili vətəndaşlığı “legitimləşdirirlər”. Amma daha geniş baxsaq, bu təhlükəli addımdır. Əvvəla, Qarabağı dünyanın dörd bir tərəfindəki hər cür zir-zibil erməni ilə doldura bilərlər. İkincisi, Azərbaycan sabah yeni yolda post qurub Qarabağa getmək istəyən “qeyri-vətəndaşları” geri göndərə bilər ki, bunu əvvəldən “ikili vətəndaşlıqla” sığortalaya bilərlər. Üçüncüsü, Rusiya vətəndaşlığı məsələsidir. Burada rusların əli yoxdursa, separatçılar niyə buna can atsınlar ki? Yəni hər şey rusların başının altından çıxır. Təcili Laçın koridoru,ən azı sazişdənəzərdə tutulmuş Zəngəzur koridoru açılanadək bağlanmalıdır. 10 Noyabr sazişində bizə aid müddəalar, o cümlədən qanunsuz hərbi dəstələrin ləğvi təmin edilməsə, Rusiya Kontingentinin bölgədən çıxarılması işləmlərinə başlanmalıdır. Ermənistanın yalançı və oyunbaz qadağalarına rəğmən Azərbaycanın ərazi bütünlüyünə dil uzadan rus şovinistləri barədə qanunlarımız verdiyi imkanlar daxilində ölçü götürməli və qısa vaxtda Ruben Vardanyanın həbsinə nail olmalıyıq.
Rusiyanın məkrli xislətini ortaya qoyan Putin “Ya Qarabağda Azərbaycan suverenliyini tam tanıyan “Vaşinqton sənədi” ilə razılaşın, ya da Rusiya sülh sazişinə “Qarabağ məsələsi”ni də daxil etmək imkanı yarada bilər” söylədi. Yəni Putin müstəqillik söz verməsə də özlərinə sərf edən Rusiyanın təkliflərini qəbul etsəniz, “Qarabağın statusu” məsələsini mümkün qədər uzadacağımı vəd etdi. Bu anlarda yayılan Paşinyanın bəyanatında Soçidə Rusiya sülhməramlılarının xidmət müddətinin 10-15 il uzadılmasına dair sənədi imzalamağa hazır olduğunu bildirib. Amma bu iki oyunbaz unudublar ki, bu məsələlər Azərbaycana aid məsələdir.
Azərbaycanın mövqeyi bəllidir və beynəlxalq aləmin qəbul etdiyi bir mövqedir. Prezident İlham Əliyev isə İtaliya səfərində Azərbaycanın mövqeyini, Ermənistanla sülhün hansı şərtlərdən keçdiyi dünya ictimaiyyətinin gözü önündə yenidən xatırlatdı:
1. Hər iki ölkənin ərazi bütövlüyünün tanınması
2. Qarşılıqlı olaraq hər hansı ərazi iddialarından imtina
3. Güc tətbiq etməmək və ya güclə hədələməmək
4. Sərhədlərin delimitasiyası
5. Kommunikasiyaların açılması.
Rusiya və onun bölgədəki əyyaş, separatçıların biznes ortağına çevrilmiş generalı Andrey Volkovun yaramaz əməlləri «İvan, idi domoy!» şüarını daha ucadan səsləndirməyimizə əsas verir.
