29 oktyabr 2022-ci il tarixdə Azərbaycan Respublikası Qeyri-Hökümət Taşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi və Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) təşkilatçılığı ilə Neftçala rayonu M. Səfərov adına inteqrasiya təlimli internat tipli gimnaziyanın kitabxanasında “Müharibə Veteranlarına Hüquqi Yardım” adlı layihə üzrə tədbir keçiriblər.
Tədbir iştirakçıları şəhidlərimizin əziz xatirəsini 1 dəqiqəlik sükutla yad etdilər.
Neftçala şəhər M. Səfərov adına inteqrasiya təlimli internat tipli gimnaziyanın kitabxanasında keçirilən tədbirdə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin sədr müavini Vahid Abdurəhmanov, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) sədr müavini Salman Musayev, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Nəzarət Təftiş komissiyasının sədri Niyazi Quliyev, Neftçala rayon İcra Hakimiyyətinin Vətən Müharıbəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri İlqar Həsənov, rayon İcra Hakimiyyətinin aparıcı məsləhətçisi Esmira Məmmədzadə və Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Neftçala rayon şöbəsinin sədri Böyükağa Məmmədov iştirak etdilər.
Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) sədr müavini Vahid Abdurəhmanov iştirakçılara layihə haqqında məlumat verdi. Bildirildi ki, layihənin məqsədi torpaqlarımızın ərazi bütövlüyü uğrunda erməni işğalçılarına qarşı mərdliklə döyüşmüş birinci və ikinci Qarabağ döyüşlərində iştirak etmiş müharibə veteranlarının hüquqi maarifləndiriməsi, onların yerlərdə üzləşdikləri sosial problemlər və onların həlli yollarının araşdırılmasıdır. Məqsədimiz bu layihə çərçivəsində ehtiyacı olan müharibə veteranlarına hüquqi yardımlar göstərmək və onlara dəstək olmaqdır.
V. Abdurəhmanov bu şəraiti yaratdıqlarına görə Azərbaycan Respublikası Qeyri-Hökümət Taşkilatlarına Dövlət Dəstəyi Agentliyinə və Neftçala rayon İcra Hakimiyyəti rəhbərliyinə öz minnətdarlığını çatdırdı. Problemlərin həllində hər bir veteranımızın yanında olacağını qeyd etdi. Bu cür tədbirlər Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin yürütdüyü sosial siyasətə dəstək xarakteri daşıyır.
Neftçala rayon İcra Hakimiyyətinin Vətən Müharıbəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri İlqar Həsənov öz çıxışında bildirdi ki, bizim üçün birinci, ikinci müharibə anlayışı yoxdur. Döyüşçü döyüşçüdür. Vətənin müdafiəsində dayanaraq öz sağlamlıqlarını itiriblər. Rayonda müharibə iştirakçılarına və şəhid ailələrinə daim diqqət var. Onların müraciətlərinə dərhal cavab verilir.
Daha sonra rayonda yaşayan müharibə veteranlarını maraqlandıran məsələlərə aydınlıq gətirildi. Qarşıya çıxan problemlərin hüquqi yolla həlli üçün AVMVİB daim veteranlarımızın yanındadır.
Elnur Səlim