Turana qarşı «Ağa-Dğa birliyi»: Mollanı əmmamələməlimi, əmmamələməməlimi?

Zəhmət olsa da oxumağa çalışın. Bu bir xahişdir. Oxumaqdan qaçdıqca düşmənlər daha çox üzərimizə ayaq açırlar…

  • XAQANİ Ədəboğlu
  •  Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) Mətbuat Xidmətinin rəhbəri

Noyabrın 10-da Azərbaycan Respublikasının Tehrandakı səfiri İran XİN-ə çağırılmışdı. Buna səbəb kimi guya ölkəmizin mətbuat orqanları və rəsmiləri tərəfindən İran İslam Respublikasına qarşı təbliğat və böhtanların davam etməsi göstərilmişdi. İran haqlıdır. Biz illərdir ki, «İran İslam Respublikası» yazırıq, əslində isə bu ölkə anti İslam Respublikasıdır. Biz yazırıq ki, İran şiə yönətimi olan bir dövlətdir. Əslində isə İran şurdvaz «siqh-hay boş» təəssüblü bir yönətimin idarə etdiyi bir ölkədir. Biz yazırıq ki, İran qədim dövlətdir. Əslində isə İran adlı dövlət Coco-Coladan kiçik, Pepsi-Coladan 4 yaş böyük bir ölkədir (Rza şah 1935-ci ildə Millətlər Liqasına yazılı müraciət etmiş, “Persiya” sözünün “İran” sözü ilə əvəzlənməsinə nail olmuşdu). Biz yazırıq…

Bu gün İran dedikləri Parsida, türkün mülküdür. Bu gün İran deyilən ərazidən pay deyil, o mülkün əsil sahibləri olan Güney türkləri öz mülkləri üzərində olan haqqlarını, hüquq və bəşəri ədaləti bərpa etməlidirlər. Fətvasını ingilis vermiş bir dövlətin aqibəti belə olmalıdır. Bu vaxtlar, nə Qərbdən lazımı dəstək alan şah qoşunları 1946-cı ilin, nə də 1951-ci ildə İranın baş naziri vəzifəsinə təyin olunan Qacar nəslindən olan Məhəmməd Müsəddiqin başına gələnləri göz ardı etməməliyik. İran bir türk yurdudur və qardaş, qardaşla savaş etməməlidir. Sadəcə imperialist güclər tərəfindən türk çoxluğuna yabançı bir ideoloji basqıyla xalqımızı əsarətdə saxlayan rejimin mahiyyətinin beynəlxalq arenada ifşa edilməsi hər birimizin ön vəzifəsi olmalıdır.

Bu basqılarla əsrlərdir ki, xalqımız yoxsulluq və cəhalət girdabında əzilməkdədir. Tanrının bizlərə verdiyi Qızıl Qurşaqdakı yerimizə göz dikənlər qardaşlar arasına nifaq salmağa cəhd edirlər. Nəticə Ukrayna-Rusiya savaşındakı kimi dağıdılmış şəhərlər, qaçqınlar, böyük itkilər və s. imperialistlərin planına uyğun gəlir. İstər Quzeydə, istərsə də Güneydə yaşayan toplumun hədəfdə olmasına susmamalıyıq. İranın teokratik rejimi dirəndiyi dalandan çıxmaq üçün müharibəyə belə əl ata bilər. Buna regionun ən çox saylı xalqı olaraq (super etnos) yol verməməliyik. Faktiki olaraq Azərbaycan dövləti on illiklər boyu bu riskdən yayınır, amma molla rejimi durmadan ermənipərəst siyasətlə qarşıdurmaya cəhd etməkdədir. Yəni qarşıdurmaya meyillidir.

İran molla rejimi və anti İslam qruplaşmasının əlaltıları Azərbaycan əleyhinə, Azərbaycanın tarixi əleyhinə durmadan iftiralar yağdırır. Heç bir siyasi əxlaq və siyasi etiketə sığmayan davrnışlara yol verir.

Qondarma imperiya artıq müvazinətini itirib. Qoca Tarix mollaların qulağına «2025-ci il» tarixini pıçıldayıb. İranın həyasızlığı sayəsində yerləşdiyi coğrafiyada İranla normal münasibətdə olan bir dənə də olsun müsəlman dövləti yoxdur. Çünki bu gün əsasən müsəlman ölkələrinin yerləşdiyi ərazilərdə İslam əleyhinə yürütdüyü siyasət artıq faş olmaqdadır. Mollaların monopoliyası, daha dəqiq siyasi mafiyası çökməyə başlayıb. Biz öz tariximizin ən möhtəşəm bir ərəfəsindəyik. Ona görə də Yeni Dünya düzənində yer almaq üçün ağlımıza və başımıza bir qədər əziyyət verməliyik.

Şiəlik, qondarılmış İran, əslində Persiyanı iranlaşdırmaq, farslaşdırmaq üçün işlətdiyi bir ideoloji silahdır. Əminliklə deyə bilərəm ki, şiəliyin hakimiyyətdə olan teokratik rejimə heç bir dəxli yoxdur. Sadəcə bu addan pərdə və silah kimi istifadə edirlər. Öncə bildirək ki, İranın açıq düşmənlik etdiyi ölkələr arasında qeyri dinə mənsub kimsə yoxdur. «İsrail, Amerika» çağırışları isə hay-küydən qeyri bir şey deyil. Bu rejimin türk əleyhinə qurulduğunu və kimlərin qurduğunu hər kəs yaxşı bilir. İran bu gün dərin siyasi böhran içindədir. Təbii yolla qurulmayan bütün rejimlərin belə böhrana tez-tez düşməsi qaçılmazdır. İran molla rejimi tükənib. Dayandığı uçrumun başından sadəcə onu itələyən yoxdur. Hazırda ABŞ kürd kartıyla İranda təlatüm yaratmaqla yeni qüvvə formalaşdırmaq niyyətindədir, amma bu mümkün deyil. Bu rejim 15 dekabr 1925-ci ildə Əhməd şah Qacar xaricdə olanda isə ingilislərin əliylə Rzaxan özünü şah elan edəndə oğurladığını geri əsil sahibinə qaytarmalıdır. Bu ən optimal yoldur. İran Türkün mülküdür, onu parçalanması yol verilməzdir. Bu, molla rejimi üçün ən ağıllı yol ola bilər.

1951-ci ildə İranın baş naziri vəzifəsinə təyin olunan Qacar nəslindən olan Məhəmməd Müsəddiqi xatırlayın. İngilislər, Müsəddiqi babası Qacar kimi rahat devrilməyəcəyini anladılar, çünki xalq onu çox sevirdi.

Britaniya ona görə də ölkədən qovulan fars şahı geri gətirmək məqsədi daşıyan «Ayaks» kod adı verilmiş bir plan işlədi. Britaniya kəşfiyyatı əməliyyatın adını daha sonra «Çəkmə» adlandırdı və bu plana 1 milyon dollar pul ayırdı (O dövr üçün bu, çox böyük pul idi).

Əməliyyat ABŞ-ın eks-prezidenti Teodor Ruzveltin nəvəsi CIA agenti Kermit Ruzveltə tapşırıldı. 1953-cü ildə Ceyms Lockridge pasportu ilə İrana gələn agent Kermit payladığı rüşvət qarşılığında din adamlarını, jurnalist və hərbçiləri ələ ala bildi. Elə həmən ay qəzetlərdə Müsəddiqin SSRİ ilə əməkdaşlığından, cibində komsomol bileti gəzdirdiyindən yazılmağa başladılar. Mollalar məscidlərdə, guya, kommunist olan hökümətin İslam dininə qadağa qoyacağından, məscidlərin dağıdılacağından və İranın məcburən ateist ölkəyə çevriələcəyindən danışmağa başladılar. Bu gün baş verənlər bunun məntiqi sonluğudur.

İran, təkcə şiəliyi deyil bütün İslamı gözdən salmışdır. Siyasi İslamın özünü doğrultmayacağını bilərəkdən bu addımların atıldığı bəllidir. Bəlli odur ki, bölgənin kiçik xalqı kimi kimlərin əliylə hakimiyyətə gəldikləri bəlli olan fars deyilən qarışıq toplumun sayı 18-25 milyondan da azdır. İranlı yazarlar farsların yaşadığı əsas ərazi kimi Tehran, Fars, Xuzistan, İsfahan, Yəzd və Xorasanı isnad verərlər.

İran iddia edir ki, farslar əsasən Tehran (əhalisi: 2012-ci ildə Tehranın əhalisi 14 milyona yaxın idi. 2016-cı il siyahıyaalınmasında Tehran vilayətində 13,3 milyon (onlardan yalnız 200 mini Tehrandan və şəhərətrafı yerlərdə) Kərəc və Fərdisdə birlikdə 2,2 milyon əhali yaşayıb. Beləliklə, təxmin etmək olar ki, şəhər aqlomerasiyasının əhalisi 2016-cı ildə təqribən 15 milyon nəfər olub. İran etnik tərkib və demoqrafiya haqqında heç zaman dəqiq statistik məlumatlar verməkdə maraqlı deyil. Səbəb fars azlığının üzərini basdırmaqdan ibarətdir. Tehranda qeyri rəsmi məlumatlara görə yaşayan əhalinin 8 milyonunu azərbaycanlılar təşkil edirlər. Yəni paytaxtın fars azlığı 6-7 milyon nəfərdir)., İsfahan (əhali: 4559,2 min nəfər), Fars (4337,0 min nəfər), Xuzistan (əhali: 4274,7 min nəfər), Yəzd (əhali: 889,6 min nəfər), Kirman (əhali: 2 652,4 min nəfər, bəluclar və türklərin yetərincə toplumu var) və Xorasan (əhali: 4311,0 min nəfər və bunlardan 1 milyon türkmən və 1,5 milyon Xorasan türküdür) yaşayırlar. Bu bölgədə yaşayan əhali sayı cəmi 35 milyon edir və bunlardan 1 milyonu türkmən, 1,5 milyonu Xorasan türkü, 9 milyonu Azərbaycan türkləri, kürdlər, bəluclar və s. çıxılarsa yerdə qalan say fars azlığının sayı 24 milyondan da əskikdir. Üstəlik bu əhalinin fars əhalisinin böyük əksəriyyəti sünni təriqətinə mənsubdur. Yəni şiəliyin farslar tərəfindən manipulyasiya edilməsi faktı ortadadır. Özü də bunu əsil şiə olan türk çoxluğa qarşı edirlər. Nəinki farslar, hətta irandilli sayılan xalqlar — farslar 50:50 nisbətdə sünni və şiə, onlara yaxın olan giləklər-sünni və mazandaranlılar-sünni və şiə; kürdlər-sünni, lurlar-sünni və şiə, bəxtiyarilər-sünni, bəluclar-sünni, talışlar-sünni, tatlar-sünni və şiə, hazaralar, cəmşidilər, əfqanlar, taciklər-sünni təriqətinə mənsubdurlar. İran şiə əhalisinin əsasını türk dil qrupuna aid əhali təşkil edir: azərbaycanlılar-90:10 sünni və şiə, qaşqaylar-şiə, türkmənlər-sünni, həmçinin bir sıra tayfalar: qacar, baharlı, eynanlı, nəfər, xorasani, pıçaqçı və başqaları da şiədirlər. Həmçinin digər dil qrupalarının xalqları da yaşayırlar: ərəblər-sünni, ermənilər-xristian, assuriyalılar-xristian, yəhudilər-yəhudi, brahuilər, gürcülər-şiə, qaraçılar isə müxtəlif dinlərə tapınırlar.

Lakin buna baxmayaraq süni şəkildə sünnilərin sayını, azərbaycanlıların sayı kimi azaldaraq göstərən molla rejiminin bir daha anti İslam mahiyyəti ortaya çıxır. Sankt-Peterburq və Leninqrad vilayətinin imam-xətibi Münir Beyusovun «Краткая информация о суннитских общинах Ирана» adlı məqaləsində yazdığına görə, İrandakı sünni müsəlmanların əksəriyyəti Hənəfi və Şafii teoloji məktəblərinin ardıcıllarıdır. Qərb və cənub ərazilərində əsasən sünnilər yaşayır. Hənəfi məzhəbinin tərəfdarları daha çox İranın şərqində və cənubundadır, bura Bəlucistan və Cənubi Xorasan bölgələri daxildir. İranın şərq bölgələrində, xüsusilə Bəlucistan, Sistan, Xorasanda özlərini Hənəfi teoloji məktəbinə aid edən müsəlman var. Onların əksəriyyəti mənşəcə türkmənlərdir. Digər sünni mənbələri ümumi əhalinin 25%-ni, rəsmi İran mediası isə təxminən 10%-nin sünni olmasını iddia edir. Kimə inanmaq sizə bağlıdır, çox güman ki, həqiqət ortadadır. Şiə əhalisi təxminən 60%, xristianlıq, yəhudilik və digər inancların ardıcılları — 10% təşkil edirsə, sünni qardaşlarımızın ən azı sayı 25% olmalıdır.

Mollakratiya eyni saxtakarlığı Azərbaycan türklərinin demoqrafiyasına da yönəldib. Shaffer, Brenda (2003). «Sərhədlər və Qardaşlar»: İran və Azərbaycan Kimliyinin Çağırışı. MIT Press. səh. 221-225. ISBN 0-262-19477-5 “İranda azərbaycanlıların sayı ilə bağlı əhəmiyyətli konsensus yoxdur… Azərbaycan əhalisinin əksər şərti hesablamaları bütövlükdə əhalinin beşdə birindən üçdə birinə qədər, İrandakı azərbaycanlı tələbə qruplarının əksəriyyəti İranda 27 milyon azərbaycanlının yaşadığını iddia edir”.

Minahan, Ceyms (2002). Vətəndaşlığı olmayan xalqların ensiklopediyası: S-Z. Greenwood Nəşriyyat Qrupu. səh 1765. ISBN 978-0-313-32384-3 “Təxminən (2002) İranda 18.500.000 Güney azərbaycanlı Şərqi və Qərbi Azərbaycanın şimal-qərb əyalətlərində yaşayır. İranın etnik quruluşunu təfərrüatlandıran rəsmi statistika dərc olunmadığından İranda azərbaycanlıların dəqiq sayını müəyyən etmək çətindir. Güney Azərbaycanın əhalisinin hesablamalarına görə İran əhalisinin 12-40%-i, yəni demək olar ki, 27 milyonu azərbaycalılardır…”

İran azərbaycanlıların sayını maksimum dərəcədə azaltmaq üçün əfşarları, xalacları, qaşqayları, xorasanlıları, hətta şahsevənləri ayrıca etnik qruplar kimi təqdim edir. Bu gün Britaniya Araşdırma Mərkəzinin hesabatlarına uyğun olaraq 84.512.929 nəfərlik əhalinin ən azı 45 milyonunun etnik azərbaycanlı olduğunu deyə bilərik və bu çoxluq qarşısında bir fars etnik azlığı məsələsi artıq beynəlxalq tribunalara daşınmalıdır.

Yəni farsların ortaya qoyduqları bu şiəlik adlanan siyasət oyununun dinimizə bir aidiyyatı yoxdur. İran səltənətinin sahibi Səfəvilərdən dövr alınmış «şiri-xurşid», yəni «Aslan və Günəş» simvolu 1979-cu il inqilabına qədər İranın rəsmi simvolu olaraq qorunub saxlanılmışdı. İnqilabdan sonra «Aslan və Günəş» rəmzi ictimai yerlərdə və dövlət təşkilatlarından çıxarılaraq, İranın indiki herbi ilə əvəzlənmişdir. Bu türk simvolunun yerinə qoyulan rəmz isə hindistanlı siqhlərin simvolunun özüdür (Şəkillərə diqqət edin). Çünki Zərdüştə qədər qədim farslar, hazırda Hinduizm kimi bilinən Hind-Aryan dininə daha yaxın, qədim İran-Aryan dininə sitayiş ediblər. Bu da yəqin ki, bir təsadüf deyil, Ruhullah Musəvi Xomeyninin atasının adı Seyyid Mustafa Hindi olub və bu «Hindi» sinbəsi maraqlıdır, onun iradəsiylə İran bayrağına Aslan simvolunun yerinə Sinqhizmə məxsus «Adı Şakti» simvolikasını qoyması isə lap maraqlıdır…

İran Azərbaycana nota verib ki, ölkəmizin mətbuat orqanları və rəsmiləri həqiqəti desinlər. Ona görə də qardaş bir xalq haqqında həqiqətləri yazıram. Yəqin ki, İran saxtakarlıqlardan nəhayət ki, özü də bezib. Bir dövlət və xalq saxta kimliklə nə qədər yaşaya bilər? Allah ingilislərə insaf, müsəlmanlara isə mürvət versin. Gəlin həqiqətləri yazaq və əməl edək. İnanıram ki, İran tərəfi «Aslan və Günəşi» bayrağa, sətənəti isə əsil sahibi olanlara qaytaracaq. Axı biz qardaşıq…

Çünki İslam belə buyurub: «Ey iman gətirənlər, möminləri qoyub kafirləri dost tutmayın. Məgər Allaha öz əleyhinizə açıq bir dəlilmi vermək istəyirsiniz?» (Nisa 144.)

Bu xəbəri paylaşın: