
Naxçıvan Dövlət Universitetinin Baş müəllimi,müharibə iştirakcısı,
istefada olan mayor
“Dünyada ən şərəfli peşə vətəni,torpağı,dövləti qorumaq peşəsidir”
Heydər Əliyev.
Bəşəriyyət tarixində hər bir xalq özünə məxsus şəkildə ölkəsinin social-iqtisadi və siyasi inkişaf şəraitindən asılı olaraq yetişməkdə olan gənc nəslin hərbi biliklərə yiyələnməsinə xüsusi əhəmiyyət vermişdir. Gənc nəslin hərbi-fiziki tərbiyəsinin məzmun və formasının səciyyəvi xüsusiyyətləri olduğunu deyə bilərik. Hər şeydən əvvəl, bucür tərbiyə üsulunun tarixi çox qədim olmaqla yanaşı, həm də xarici işğalçılara qarşı milli-azadlıq müharibələrində təşəkkül tapmışdır.
Hərbi vətənpərvərlik tərbiyəsi vətənə məhəbbət, öz xalqına hörmət, vətənin düşmənlərinə nifrət, dogma yurdun çiçəklənməsi uğrunda fəal mübarizə-bütün ictimai formasiyalarda dövrün zəka sahiblərinin həmişə diqqət mərkəzində olmuşdur. Hərbi vətənpərvərlik tərbiyəsi hər bir ölkə vətəndaşının vətəninin müdafiəsinə şəxsi hazırlığı ilə müəyyən edilir. Bunun üçün həmişə hərbi işə, düşmənə qarşı silahlı mübarizəyə yiyələnmək əsas vəzifə hesab olunur.
Hərbi vətənpərvərlik hissi min illər möhkəmləndirilmiş ülvi hissdir. Bu ülvi hiss insanın öz dogma vətəninə hədsiz məhəbbət bəsləməsində, onun müvəffəqiyyətlərini gördükdə ürəkdən sevinməsində, düşmənlərinə dərin nifrət bəsləməsində, hər qarış torpağın gözbəbəyi kimi qorunmasında, döyüş bacarığına və vərdişlərinə yiyələnməsində ifadə olunur. Hərbi vətənpərvərlik hissi doğma yerlərə və adamlara bağlılıqdan, onları xarici və daxili düşmənlərdən qorumaqdan başlayaraq,bütün qüvvə və qabiliyyətini vətənin, xalqın mənafeyi uğrunda mübarizəyə həsr etməyə qədər inkişaf edib yüksəlir.
Ümumimilli liderimiz Heydər Əliyevin söylədiyi kimi“..bizim, sizin, hamımızın vəzifəsi müstəqil Azərbaycanın sağlam gəncliyini tərbiyə etmək, bilikli etmək, müasir dünyanın əldə etdiyi nailiyyətlər səviyyəsinə qaldırmaq, Azərbaycanda müstəqil, demokratik, hüquqi, sivilizasiyalı dövlət quruculuğu işinə cəlb etməkdir…”

Yaşadığımız dövr gənc nəsli kiçik yaşlarından hərbi ruhda böyütməyi tələb edir. Gənc nəsli psixoloji və mənəvi baxımdan hərbi həyata hazırlamaq vacibdir, vətəni qorumaq üçün həmişə hərbə hazır olmaq lazımdır. Gənc nəslin hərbi vətənpərvərlik tərbiyəsi ilə bərabər, onların fiziki hazırlığının səmərəliliyi, nəzarətdə olmağı tələb edir.
Bəşəriyyət tarixində hər bir xalq ölkəsinin social-iqtisadi və siyasi inkişaf şəraitindən asılı olaraq hərbi bədən tərbiyəsi sistemini yaradır, yetişməkdə olan gənc nəslin hərbi biliklərə yiyələnməsinə nail olur. Bu bir həqiqətdir ki, hər bir xalqın hərbi-fiziki sistemi özünə məxsus şəkildə qurulmuşdur.
Gənclik hər bir millətin inkişafının təməl daşıdır. Məhz bu səbəbdən bir millətin mövcudluğu üçün sağlam gəncliyin olması vacib şərtdir. Çünki ölkədə dövlətçiliyin, müstəqilliyin daha da möhkəmləndirilməsi, gələcəyin etibarlı təminatı, intellektual səviyyəli potensial kadrların yetişdirilməsindən,onların aparıcı qüvvəyə çevrilməsindən asılıdır. Bu baxımdan ölkəmizdə gənclərlə iş sahəsində görülən tədbirlər Azərbaycan gəncliyinin daha da inkişaf etməsinə təkan verir, onların cəmiyyətdə təsdiq olunmaları üçün şərait yaradır.

İnsanın ən ali və əzəli hisslərindən olan vətənpərvərlik hər kəsin doğulub boya-başa çatdığı elə, obaya, topağa, vətəndaşı olduğu ölkəyə məhəbbətdən qaynaqlanır. Lakin vətənpərvərlik təkcə vətəni sevmək deyil. Vətənpərvərlik həmdə vətən naminə çalışmaq, vətəni qorumağa hər an hazır olmaq, onun yolunda qəhrəmanlıqlar, fədakarlıqlar göstərmək, vətənin, xalqın hər bir uğuruna sevinməkdir. Bu hiss insanda anadangəlmə olsa da, bütün digər hisslər kimi tərbiyəyə möhtacdır və tərbiyə yolu ilə daha da möhkəmlənir və inkişaf edir.
Məktəbli uşaq və yeniyetmələrin bir vətəndaş kimi böyüməsində ailənin, cəmiyyətin ümumilikdə mühitin rolu böyükdür. Hərbi vətənpərvərlik tərbiyəsinin sadəcə quru sözlərlə, nəsihətlərlə məhdudlaşdırmaq olmaz. Çünki vətən sevgisi gənc vətəndaşlarımızın məqsədyönlü davranışının və fəaliyyətinin motive və ideyasıdır. Bu baxımdan orta məktəblərdə tədris olunan gənclərin çağırışaqədərki hazırlığı fənninin böyük əhəmiyyəti vardır. Bu fənnin tədrisinin əsas məqsədi, birinci növbədə gəncləri ölkənin müdafiəsinə psixoloji cəhətdən hazırlamaqdır. Bu isə gənclərə vətənpərvərlik hisslərinin aşılanmasında mühüm rol oynayır. Orduya çağırılan gənclərin ali məktəbdə oxuduğu dövrdə müəyyən hərbi biliklərə yiyələnməsi sonrakı dövrdə onların peşəkar hərbiçi kimi yetişməsində də vacib rol oynayır.
Nəyin var sənindir, bu baş, bu bədən,
Əcəl aman verə ömür bitməyə!
Sənə qurban olum demirəm Vətən,
Hazıram yolunda qurban getməyə.
Azərbaycan xalqı gələcəyimiz olan gənc nəslin vətənə məhəbbət, elinə və obasına hörmət, soykökünə,öz ata-babalarının ənənələrinə sədaqət ruhunda tərbiyə olunmasına həmişə böyük məsuliyyətlə yanaşıb və ona həyati əhəmiyyətli məsələkimi baxıb. Bu bir həqiqətdirki, vətənpərvərlik insanda fədakarlıq, qəhrəmanlıq və məğlubedilməzlik hissi yaradır, apardığı mübarizədə onda inam hissini gücləndirir.
Danılmaz bir faktdır ki, insanda vətənpərvərlik hissi qəhrəmanlığın əsasını qoyan amildir. Azərbaycanın. şanlı tarixi və əfsanəvi qəhrəmanları ilə həmişə fəxr edir. Azərbaycan xalqı qəhrəman xalqdır, bu xalq öz vətənini göz bəbyi kimi qorumağa hazır olan mətn gənclər yetişdirib. Yuxarıda qeyd etdiyimiz kimi, gənclərin çağrışaqədərki hazırlıq dərslərinin ehtiyatda olan zabitlər tərəfindən keçirilməsi bu işdə əhəmiyyətli rol oynayır.
Belə mütəxəssislər tələbələrə hərbi vətənpərvərlik hisslərini daha keyfiyyətli şəkildə aşılaya bilirlər.
Tələbələrin hərbi vətənpərvərlik hisslərinin artırılmasında hərbiçilərlə canlı ünsiyyətdə mühüm rol oynayır. Hərbi dərslər zamanı tələbələri hərbi hissələrə aparılması da yeniyetmələrin formalaşmasında, onların vətənə bağlılığının artırılmasında və vətənin, torpağın müdafiəsində durmaq kimi hisslərinin inkişaf etdirilməsində böyük əhəmiyyətə malikdir. Azərbaycan Respublikası Ali baş komandanın xüsusi diqqət və qayğısı ilə əhatə olunan məktəblərin qarşısında gənc nəslin hərbi vətənpərvərlik ruhunda tərbiyəsi sahəsində məsul və təxirəsalınmaz vəzifələr qoyulması təsadüfi deyil.

Bu vəzifələrin yerinə yetirilməsi ilə son dövrlərdə tələbələrin hərbi vətənpərvərlik tərbiyəsi xeyli yüksəlib. Hərbi vətənpərvərlik tərbiyəsinin faktlar və zəngin əyani vasitələr əsasında aparılması tərbiyə işinin bu mühüm sahəsi üzrə maraqlı forma və üsulları da meydana çıxarıb, məktəblərlə hərbi hissələr arasında əlaqələrin yaradılması daha da gücləndirilib. Bu sahədə məktəblərdə toplanılmış qabaqcıl təcrübə hərbi vətənpərvəlik tərbiyəsini daha məzmunlu və məqsədə uyğun şəkildə aparmağa imkan verir.
Bu gün gənclərin çağrışaqədərki hazırlığı dərslərinə cəlb edilən hər bir tələbə yaxşı bilir ki, ordumuz varlığımız deməkdir, bu sarsılmaz qüvvə, sözün əsl mənasında, xalqın gücüdür, gənclərin yüzlərlə igid və mərd nümayəndələrini öz sıralarında birləşdirən dəmir yumuruqdur. Ona görə də xalqımız öz ordusu ilə fəxr edir, onu yüksək məhəbbət hissi ilə sevir. Ötən il sentyabr ayının 27-də başlanan vətən müharibəsində ordumuzun qazandığı Böyük Qələbədə başlıca səbəblərdən biri məhz onun sıralarında belə qəhrəman və vətənpərvər övladların olması idi. Bu gün qürur hissi duyuruq ki, azadlıq mücadiləsində naxçıvanlı gənclər də az deyildi. Onların yüzdən çoxü şəhidlik zirvəsinə ucaldı, bir qismi isə qazı ömrü yaşayır. Belə igidlərimizin keçdiyi şərəfli ömür və döyüş yolları bu günkü tələbələr üçün bir örnək, onlarda vətənpərvərlik hisslərinin gücləndirilməsində bir nümunədir.