8 Mart – Beynəlxalq Qadınlar Gününün tarixi

Beynəlxalq Qadınlar günü olaraq 8 mart təqviminin seçilməsinin tarixi səbəbləri haqqında bir neçə ehtimal mövcuddur.  Bu ehtimallardan biri kimi Rusiyada çar rejiminin süqutuna səbəb olan 1917 Fevral İnqilabının 8 mart günü gerçəkləşən qadın yürüşü və etiraz aksiyaları ilə başlaması göstərilir.

8 mart 1908-ci ildə Nyu York Sosial-Demokrat Qadın təşkilatının çağırışı ilə 15 min qadın daha qısa iş saatı, kişilərə bərabər əmək haqqı və səsvermə hüququ tələbləri ilə nümayiş keçirdilər. Bu hadisə də Beynəlxalq Qadınlar gününün tarixi ilə bağlı irəli sürülən variantlardan biridir.

Bu ehtimallar içərisində ən köhnə tarixə dayanan 8 mart 1857-ci ildə ABŞ-ın Nyu York şəhərində baş vermiş hadisədir. Belə ki, geyim sektorunda çalışan yüzlərlə qadın aşağı maaşa, uzun iş saatlarına və pis iş şəraitinə etiraz olaraq tətil etməyə başladılar. Lakin polis aksiyanın qarşısını almaq üçün etirazçıların üzərinə hücum çəkmiş, işçilər fabrikin içərisinə həbs olunmuş, daha sonra çıxan yanğın nəticəsində 129 qadın həyatını itirmişdir.

1910-cu ildə 1857-ci il hadisələrindən 52 il sonra Danimarkanın Kopenhagen şəhərində Qadın Sosialist İnternasyonalının qurultayı baş tutdu. Klara Setkin adlı bir alman sosialist qadın 1857-ci ildə Nyu Yorkda başlayan mübarizəni qadın hüquqlarının genişləndirilməsi və qadın həmrəyliyinin simvolu olaraq qələmə verdi. Həmin gün yandırılaraq öldürülən 129 qadının xatirəsinə hər il 8 mart gününü Dünya Qadınlar Günü olmasını təklif etdi və təklifi qəbul olundu.

Maraqlı məqamlardan biri isə bu idi ki, yəhudi olan Klara Setkinin təklif etdiyi 8 mart günü 1910-cu ildə yəhudilərin Purim bayramı ilə üst üstə düşürdü (Yəhudi təqviminə görə Purim bayramının yeri dəyişir). Purim bayramı isə yəhudilərdə qadın ağlını, eyni zamanda bu millətin özünümüdafiə haqlarını simvolizə edir.

Birləşmiş Millətlər Təşkilatının rəsmi veb saytının mövzu ilə əlaqəli səhifəsində 8 mart gününün seçilməsinə səbəb kimi göstərilən hadisə Rusiyada çar rejiminin süqutuna səbəb olan 1917 Fevral İnqilabı göstərilmişdir. 1917-ci il fevralın son bazar günü (O vaxt istifadə olunun Qriqoryan təqvimində fevralın son bazar günü hal-hazırda istifadə etdiyimiz təqvimin 8 martına uyğun gəlir) Sankt-Peterburqda baş vermiş nümayişlər Fevral İnqilabının əsasını qoymuşdu.

8 Mart Sovet İttifaqından qalma bayram olsa da, Azərbaycanda indiyədək qeyd edilir. Məhz qadınların kütləvi şəkildə savadlanması, müəyyən hüquqlara malik olması həmin dövrə təsadüf edir. Bəlkə də buna görədir ki, 8 Mart digər sosializm mənşəli bayramlardan fərqli olaraq, artıq müstəqillik qazanmış keçmiş SSRİ respublikalarının təqvimindən bu günə qədər silinməyib.

Biz də Caspian Cable Systems ailəsi olaraq bütün xanımları Beynəlxalq qadınlar günü münasibətilə təbrik edirik.

Bu xəbəri paylaşın: