Şəhidin təhsil aldığı və indi adını daşıdığı 2 saylı tam orta məktəbdə anım mərasimi keçirilib.
Bu barədə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) İsmayıllı rayon şöbəsinin sədri Bəylər Həlimov məlumat verib.
Mərasimdə İsmayıllı RİH başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Nəsimi Teymurov, İsmayıllı şəhər İƏD üzrə nümayəndəsi Əlişir Süleymanov, Dağlıq Şirvan Regional İdman və Gənclər İdarəsinin müdiri Taleh Salehov, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin İsmayıllı rayon şöbəsinin sədri Bəylər Həlimov, şəhid anaları və şəhid Ağahüseyn Aslanovun ailə üzvləri iştirak ediblər.
Ağahüseyn Aslanov 1950-ci il iyunun 3-də İsmayıllı rayonunun Əhən kəndində anadan olub. 1967-ci ildə İsmayıllı şəhər 2 saylı orta məktəbi bitirib. Əvvəlcə politexnik texnikumunda, sonra isə Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsində təhsil alıb. Ayrı-ayrı yerlərdə polis orqanlarında çalışan, polkovnik-leytenant rütbəsinədək yüksələn Ağahüseyn 1990-cı illərin əvvəllərində Qarabağ uğrunda döyüşlərdə erməni qəsbkarlarına qarşı vuruşub. 1994-cü il aprelin 25-də Ağdam cəbhəsində şəhid olub.