Mir Cəfər Bağırovun ilk dəfə göz yaşını gizlədə bilmədiyi hadisə

1943-cü ilin iyun ayının əvvəli idi. Mir Cəfər Bağırovun oğlu, Böyük Vətən müharibəsində iştirak edən təyyarəçi Cahangir Bağırov faşistlərə qarşı vuruşurdu.

Lakin iyunun 5-də əməliyyat zamanı o, Oboyan aerodromu (Rusiyanın Kursk vilayətində şəhər) yaxınlığında qeyri-bərabər döyüşdə 7-8 alman təyyarəsini vurub, sonda yanacağı qurtardığı üçün tarana gedib, təyyarəsini alman təyyarəsinə çırpır.

6 iyun 1943-cü ildə faşist işğalçılarının cinayətlərini təhqiq və müəyyən edən fövqəladə komissiyanın sədri Nikolay Şvernik Mir Cəfər Bağırova zəng vuraraq, oğlunun həlak olması xəbərini çatdırır, ona başsağlığı verir. O, həmçinin Cahangir Bağırovun “Lenin” ordeni ilə təltif olunması və “Sovet İttifaqı Qəhrəmanı” adına layiq görülməsi barədə məlumat verir. Bunu da əlavə edir ki, komandanlığın əmri ilə Cahangir Bağırovun cənazəsi Azərbaycana göndərilir. Hadisədən sarsılan Mir Cəfər Bağırov ilk dəfə idi ki, göz yaşını gizlədə bilmirdi.

Mir Cəfər Bağırov cavabında belə demişdir: “Nikolay Mixayloviç, başsağlığı üçün minnətdaram. Ancaq xahiş edirəm, Lenin ordeni ilə kifayətlənəsiniz. Bir də müharibənin sərt qanunlarına riayət etməyi rica edirəm, Vətən yolunda canından keçənlərin hamısı mənim balalarımdır, oğlumun həlak olduğu torpaqda basdırılmasına ata kimi etiraz etmirəm”.

Şvernik telefon danışığını belə tamamlamışdır: “Yoldaş Bağırov, təltif barədəki xahişinizi nəzərə almaq olar… Tabut artıq hərbi təyyarədədir və Bakıya istiqamət götürmüşdür”.

Cahangir Bağırov Bakı şəhərinin Yasamal qəbiristanlığında dəfn olunub.

1956-cı ildə Mircəfər Bağırova hökm oxunduqdan sonra onun məhkəmə heyətindən yeganə bir xahişi olur: müharibədə həlak olmuş oğlu Mir Cahangirin qəbrini ziyarət etmək. Məhkəmə heyəti Bağırova icazə verir. O, gözətçilərin müşayiəti ilə qəbiristanlığa gedir, oğlunun məzarı ilə danışmağa başlayır. Bu an onun gözlərindən axan yaş məzarın sinədaşına tökülür. Bağırovun oğlunun məzarı ilə vidalaşması 1 saat 26 dəqiqə çəkir. Sonda Mircəfər Bağırov: “Sənin yanında ölmək mənə qismət olmadı“,- deyərək, gözlərini oğlunun məzarından çəkməyərək oradan ayrılır.

Bu xəbəri paylaşın: