30 Aprel – Xüsusi Təyinatlı Qüvvələrin yaranma günüdür

Bu gün, 30 aprel, Azərbaycan Silahlı Qüvvələrinin ən peşəkar və çevik hissələrindən biri olan Xüsusi Təyinatlı Qüvvələrin (XTQ) yaranma günüdür. 1999-cu il aprelin 30-da rəsmi olaraq yaradılan bu qüvvələr, qısa zamanda ordumuzun qürur mənbəyinə çevrilmiş, dövlətçiliyimizin qorunmasında və vətənimizin müdafiəsində mühüm rol oynamışdır.

Xüsusi Təyinatlılar təkcə döyüş meydanında deyil, vətənə sədaqət, peşəkarlıq və əzmkarlıq nümunələri ilə də seçilirlər. Onların qəhrəmanlığı 44 günlük Vətən müharibəsi zamanı bir daha öz təsdiqini tapdı. Düşmənin ən möhkəm müdafiə xəttini yararaq, bir sıra strateji yüksəklikləri və yaşayış məntəqələrini azad edən XTQ əsgərləri tarix yazdılar.

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) olaraq biz də fəxr edirik ki, sıralarımızda Xüsusi Təyinatlı Qüvvələrin döyüşçüləri, bu şərəfli yolun keçmiş və indiki nümayəndələri yer alır. Onların hər biri müharibənin ən ağır mərhələlərində böyük şücaət göstərmiş, həm döyüşdə, həm də cəmiyyətdə örnək vətəndaş kimi tanınmışdır.

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) sədri Füzulu Rzaquliyev Xüsusi Təyinatlı Qüvvələrin yaranma günü münasibətilə bu sahədə xidmət etmiş bütün hərbçiləri səmimi-qəlbdən təbrik edir, onlara möhkəm can sağlığı, xidmətlərində və şəxsi həyatlarında uğurlar arzulayır. Şəhid XTQ döyüşçülərimizin əziz xatirəsi isə daim qəlbimizdə yaşayacaq.

AVMVİB-in Mətbuat xidməti

Bu xəbəri paylaşın: