AVMVİB BƏYANAT VERDİ

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) xalqımızı bu məsuliyyətli günlərdə birlik nümayiş etməyə səsləyib 

Bu gün Vətənimiz uğrunda döyüşlərdə qəhrəmanlıqla iştirak etmiş, 67000-dən  artıq qorxmaz ürəyi özündə birləşdirən Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Ali Baş Komandanın əmri ilə yenidən döyüş meydanına atılmaq üçün əmr gözləyir. 

Bu sözlər Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) sədri Füzuli Rzaquliyev tərəfindən imzalanmış bəyanatda qeyd olunub. 

Bəyanatda deyilir: “Minilliklərlə yaşı olan qoca Azərbaycanın şücaətli və qorxmaz əsgərlərindən ibarət şanlı ordusu özünün qədim torpaqlarını işğaldan azad etmək üçün səbrlə gözlədiyi gün nəhayət ki, yetişdi. Ermənistan silahlı qüvvələrinin növbəti təxribatı onların özlərinə qazdığı quyu olacaq. Ermənistanın təcavüzkarlıq və işğalçılıq məqsədilə təxribatçı hərəkətlərini davam etdirməklə fundamental insan hüquqlarını, o cümlədən yaşamaq hüququnu kobud şəkildə pozaraq regionda daha da təhlükəli vəziyyət yaratması Azərbaycan Respublikasına haqq verir ki, bu terrorçu hərbi rejimi birdəfəlik susduraraq regiona sülh və əmin-amanlıq gətirsin. Ali Baş Komandanımız, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qətiyyətli mövqeyini dəstəkləyirik və hər bir Azərbaycan vətəndaşını uşaqdan-böyüyə kimi Ali Baş Komandanımızın, Silahlı Qüvvələrimizin ətrafında daha sıx birləşməyə çağırırıq. Bu gün ordumuzun cəbhə xəttindən gələn uğurlu hərbi əməliyyatları ilə bağlı xəbərləri Vətənimiz uğrunda döyüşlərdə qəhrəmanlıqla iştirak etmiş, 67000-dən çox qorxmaz ürəyi özündə birləşdirən Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin üzvlərini yenidən döyüş meydanına atılmağa, gənclərlə birgə döyüşüb şəhidlərimizin qisasını almaqda iştirak etməyə sövq edir”. 

Döyüş əmrinə həmişə müntəzir olduqlarını deyən İctimai Birliyin sədri ermənilərlə müharibəni silahla yanaşı, həm də informasiya sahəsində də apardıqlarını vurğulayıb. 

“İnformasiya müharibəsində Ermənistan kibercinayətkar qruplarının məhz bizim saytlara hücum etməsi aktiv informasiya müharibəsi şəraitində Qarabağ həqiqətlərini dünya ictimaiyyətinə tam çılpaqlığı ilə çatdırmağımızla əlaqədardır. Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyininin (AVMVİB) onlayn mətbuat resursları olan fedai.az və veteran.az saytlarında Ermənistanın hərbi-təcavüzkar siyasətini ifşa edən yüzlərlə fotofaktları, videogörüntüləri və xəbər materiallarını azərbaycan, rus və türk dillərində yayımlayır. 

Son zamanlar Ermənistanın kibercinayətkar qruplarının son 1 il ərzində, məhz fedai.az və veteran.az saytlarını hədəf seçmələri də təsadüfi deyil. Xatırladaq ki, bir neçə ay bundan əvvəl fedai.az saytı kiberhücuma məruz qalmış və fəaliyyəti yenidən bərpa edilmişdir. Hazırda veteran.az saytının bərpası istiqamətində işlər aparılır. 

Tarix bizə, Ali Baş Komandanımız cənab İlham Əliyevin komandanlığı altında xalqımıza tarixi ləkəni öz üzərimizdən təmizləmək, Vətən torpaqlarını düşməndən azad etmək və ölkəmizin ərazi bütövlüyünü təmin etmək şansı verib. Biz bu şansı düzgün qiymətləndirərək, öz Ali Baş Komandanımızın ətrafında sıx birləşməliyik. Cənab İlham Əliyev xalqa müraciətində deyib: “Azərbaycan heç bir təxribata əl atmamışdır. Azərbaycan sadəcə olaraq öz maraqlarını müdafiə edir, öz mövqeyini dəstəkləyir və öz siyasətini alnıaçıq aparır. Biz dəfələrlə bəyan etmişik ki, Dağlıq Qarabağ əzəli tarixi Azərbaycan torpağıdır və bu, həqiqətdir. Ermənistanın baş naziri deyəndə “Qarabağ Ermənistandır”, bu, yalandır. Mən deyəndə ki, “Qarabağ Azərbaycandır”, bu, həqiqətdir. Bütün dünya Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyır. Tarixi ədalət bizim tərəfimizdədir. Çünki bu, bizim doğma, dədə-baba torpağımızdır. Beynəlxalq hüquq bizim tərəfimizdədir. Bütün beynəlxalq təşkilatlar Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Bütün ölkələr Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Beynəlxalq təşkilatlar çərçivəsində qəbul edilmiş qərar və qətnamələr Dağlıq Qarabağın Azərbaycana məxsus olduğunu açıq-aydın təsbit edir. BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsində deyilir ki, erməni silahlı qüvvələri dərhal, tam və qeyd-şərtsiz işğal edilmiş torpaqlardan çıxarılmalıdır.» 

Bu müraciət xalqımız tərəfindən ruh yüksəkliyi ilə qarşılanıb. On minlərlə insan ölkə rəhbərinə və Ordumuza öz dəstəyini bildirir. Hər bir müharibə veteranı bu yolda Ali Baş Komandanın könüllü əsgərləri elan edilib. «Biz birlikdə güclüyük, cənab Komandan!»deyə AVMVİB sədri Füzuli Rzaquliyev bəyan edib.

AVMVİB Mətbuat Xidməti 

Bu xəbəri paylaşın: