Bu gün yubileyindir. 60 ilin mübarək, Rövşən bəy!
Azərbaycan jurnalistikasının veteranlarından olan və bir vaxtlar Dağlıq Qarabağın azərbaycanlılar yaşayan kəndlərinə yollanmış ilk tələbə (noyabr, 1989-cu il) dəstəsinin rəhbəri, peşəkar jurnalist Rövşən Hacıbəylinin 60 illik yubileyidir. Bu münasibətlə R. Hacıbəylini təbrik edir, uzun ömür, cansağlığı arzulayırıq.
Ad gününə sözardı: “Dost şad ğündə halaya qol, ölümdə tabutuna çiyin verəndir” deyərlər. Sən mənim üçün candan bir dostsan və həmişə eləcə də qalacaqsan. Yaxşı ki, varsan, Rövşən bəy. Sən bir insanlıq etalonusan. Sizin kimilər olmasaydı bu dünyada insanlıq bitərdi. Yaxşı ki, varsan başqan! Qarabağa tələbəykən bir vaxtlar silahla getdik, biz deyənlər olmadı. Bu dəfə qələmlə gedəcəyimizə inanıram. Sənə arzuladığın bir dünyanın və məmləkətin sakini olmağı arzulayıram.
1992-ci ildə yaralanıb hospitala gətiriləndə tibb bacısı yaxınlaşdı ki, yaxınlarından birinin telefon nömrəsini ver xəbər edək. Qardaş döyüşdə, ağlıma gələn tək ünvandı, Rövşən Hacıbəyli. Günlərlə işdən çıxıb hospitalda bizimlə birgə ağrılarımızı bölüşdü. Nə qədər, «gəlmə» desək də, xeyri olmazdı. Amma gecikəndə bütün yaralılar onu soruşurdular…
Mən onda anladım ki, dost vurulunca deyil, unudulunca qəhrindən ölə bilərmiş. Biz dostluğu çöl çiçəkləri kimi ovcumuzda deyil, qəlpə yarası kimi ürəyimizdə saxlarıq. Qosqoca bir adam olunca da keçmişləri xatırlayanda, istədiyin qədər xatırlanacaq xoş günlər sənin olsun, Rövşən bəy!
Bu bir qramlıq virusun ucbatından gələ bilməsək də qəlbimiz səninlədi. Duyğular vardır ki, anladıla bilməz, sevgilər vardır ki, qəlblərə sığmaz, dostluqlar vardır ki, heç zaman yıxılmaz, insanlar vardır ki, istəsən belə, əsla unudulmaz. Bax sən də onlardan birisən, qardaşım. Mənə görə dostlar ulduzlar kimidir, onları hər zaman görə bilməzsən, amma sənin üçün hər zaman var olduqlarını və səni düşündüklərini bilərsən. Bu gün məni görməsən də bil ki, yanındayam…
Sənin kimi dostum olduğu üçün çox şanslıyam. Hayatda pis günlərin səndən uzaq olmasını diləyirəm.
99 yaşa, 100 ağ olar!
Bütün gözəlliklər sənin olsun!
Xaqani Ədəboğlu







