BAYATLAR HAQQINDA YENİ BİLGİLƏR…

Araz ŞƏHRİLİ

Araşdırmaçı, jurnalist

Dədə Qorqudun, Muhəmməd Füzulinin, Oruc bəyin mənsub olduğu məşhur bayat boyu Azərbaycan xalqının da etnogenezində kifayət qədər önəmli rol oynamışdır. Qədim türk məsəlində deyilir ki, oğuz elinin başında bayat və qayı boyları dayanır.

Bəs monqol bayatları haqqında nə bilirik?

2010-cu ilin statistik məlumatına əsasən, Monqolustanda 56.573 nəfər bayat yaşayır. Bayatların məskunlaşdıqları ərazi Monqolustanın şimal-qərb hissəsində – Ubsu-Nuur (türk dilindəki “nohur” sözü ilə eyni mənşəyə malikdir) oymağının (monqol dilində – “aymaq”) şimalında və mərkəzində, Ubsu-Nuur gölündən şərqdə yerləşir.

Şimalda Tıva ilə həmsərhəd olan bu oymağın torpaqları cənubda Xyarqas-Nuur gölünədək, şərqdə isə Şərqi Sayan və Xanqay dağlarının ətəklərinə qədər uzanır.

Bayatlar Malçin, Xyarqas, Zuun-Qobi və Tes bölgələrində əhalinin əksəriyyətini təşkil edirlər. Onlar Naran-Bulaq (türk dilindəki “bulaq” sözüdür) rayonunda dörbetlər və xotonlarla (hazırda monqol dilində danışan türk tayfasıdır), Baruun-Turuun rayonunda isə xalxa (ehtimala görə, bu etnonim türk dilindəki “qalxan” sözündən yaranmışdır) monqolların eljqin adlı qəbiləsi ilə birlikdə yaşayırlar.

Bayatların əhəmiyyətli bir hissəsi Ubsu-Nuur oymağının mərkəzi Ulanqa, həmçinin Monqolustanın paytaxtı Ulan-Batora, Erdenet və Darhan şəhərlərinə, Selenq və Mərkəzi oymaqlara köçmüşdür.

Monqol bayatları monqol dilinə yaxın olan oyrat dilində danışırlar. Monqolustanın bayat boyunun bəzi qəbilələrinin adlarına nəzər salaq:

— xurd – zahirən “kürd” etnoniminə və “qurd” sözünə bənzəyir;

— xaraqçuud – “qaraçı” sözünə oxşayır, ola bilsin ki, bu sözün “ud” hissəsi monqol dilindəki “ud” cəm şəkilçisidir;

— savar – qədim bulqar türklərinin ən məşhur tayfalarından birinin adı“sabir”, “suvar” olmuşdur;

— çono – monqol dilindəki “çono” (“canavar”) sözündəndir;

— xasaq – kazak (türk əsilli slavyan etnik qrupu) – qazax (Qazaxıstan türkü) – Qazax (Azərbaycanda rayon) – Qazaka (qədim Midiyanın ilk paytaxt şəhərlərindən biri);

— baarin – baranlı (qaraqoyunluların hakim qəbiləsi);

— baranzuud – baranlı (qaraqoyunlu qəbiləsi);

— baatar – türk dilindəki “batır”, “bahadır” sözü ilə eyni mənşəyə malikdir.

— baqtaamal.

— bulqadar – zülqədər qəbilə adına bənzəyir;

— qalzad – əfqanların (puştunların) türk əsilli məşhur gilzay tayfasının adına oxşayır;

— aduuçin – güman ki, monqol dilindəki “aduu” (“at”) sözü ilə “çin” (“çi”) şəkilçisinin birləşməsindən yaranmışdır (“atçı” – “mehtər”).

— noyon – monqol və türk dillərində “rəhbər”, “başçı”, “sərkərdə”;

— tsooxor (tsoxur)— Azərbaycanda və Dağıstanda saxur (tsaxur) adlı xalq yaşayır.

— xoşud – ehtimala əsasən, türk dilindəki “qoşun” sözündən əmələ gəlmişdir.

— xuramşi — Azərbaycan, İran, İraq və Türkiyədə kurmanşi adlı kürd tayfası var.

— tavnan – monqol dilindəki “tav” (“beş”) sözündən yaranmışdır.

Bu sözlərin qarşılıqlı analizlərinə diqqət yetirmək vacibdir. Rus rəssamı və etnoqrafı Nikolay Rerix yazırdı ki, dünyada bütün şeylərə bir ad verən var. Hər halda bu adı verən türklərdir.

Bu xəbəri paylaşın: