POEZİYA ÇƏLƏNGİ: ASILMIŞIQ, İNSANLIĞIN DİZİNDƏN

ELBARİZ Məmmədli

Buludları səhər-axşam ağlayır,
Qan izi var çəmənlərin üzündə.
Haradasa bir qərib şam ağlayır,
Parça-parca od tökülür gözündən.

GÜVƏNCİMİZ NƏ BİZİM?

Millət gərək sınmasın, istismarın önündə,
Hər dərdin, hər bəlanın ağrılı ünvanı var.
Yaşayıb gədiyimiz bu tarixin içində,
Minlərin, milyonların axıdılmış qanı var.

Yaranışdan başlayıb Türkün VAR olmaq yolu,
Hünərdən söz düşəndə, elə deyirlər, bizi.
Baxın yaddaşımıza,- eşq dolu, şərəf dolu,
Bu sevgi tükənərsə, söküb yeyərlər, bizi.

Qanımıza susamış dörd tərəfdən yağılar,
Hərə bir yandan durub, yolumuzu daşlayır.
Türkün dik duruşunun Çanaqqala dərsi var,
Orda bitən davalar indi burda başlayır.

Hələ bizim deyil ki, umduğumuz ocaqlar,
Hələ sonu da deyil, Qarabağ davasının.
Xocalı səmasında ruhu gəzən uşaqlar,
Sədasını gözləyir hələ də, qisasının.

Nə günə salıbdılar, Vətən sərhədlərini,
Harasına baxırsan, yarasından qan sızır.
Milləti səssiz görüb, aşıblar hədlərini,
Yenə xəritələri ortada düşmən cızır.

Bölünmüşük min yerə, söz deyənlər çoxalıb,
Şəhid saya salınmır, qazilər kötəklənir.
Dərdinə biganədi, millət elə yuxalıb,
Haqqı söyləyənlər də bircə- bircə təklənir.

Biganəlik bəladı, hər anı dərd gətirir,
Vətən zülmətə dönər, millət çıraq olmasa.
Sevgimiz zirvələrə hərə bir dərd yetirir,
Güvəncimiz nə bizim, ucalıqlar olmasa?

GETDİ

Getdi, biz deyən adamlar,
Biz uman adamlar, getdi.
Səsindən alov tökülən,
Od daman adamlar, getdi.

Çəkilib göyə, havası,
Gözündən tökülür, yası,
Dünya bir şeytan yuvası,
Dadlar getdi, tamlar getdi.

Ümidlər vaxtın köçündə,
Həqiqət iynə ucunda,
Kişilik əl ağacında,
Canlı istehkamlar, getdi.

Son işığı yanıb sönən,
Yoxdu ağrısına dönən,
Şirin nağıla söykənən,
Duyğulu axşamlar getdi.

Həyat elə can ürküdən,
Qışı da boğur bürküdən,
Tüstüsü qeyrət bərkidən,
Şən ocaqlar, şamlar getdi.

Görən, belə qalacaqmı?
Haqq yerini alacaqmı?
Bizdən adam olacaqmı?
Biz uman adamlar getdi.

TƏRƏFİNDƏ

Elə yaşayırıq, yarı gümanla,
Hərənin öz yükü öz tərəfində.
Göyün üzünü də əyrilik tutub,
Qalmışıq dünyanın buz tərəfində.

İllərdi nağıla uyduq, yorulduq,
Ümidi yeməkdən doyduq, yorulduq,
Haqqın astarını duyduq, yorulduq,
Həqiqət yalanmış, üz tərəfində.

Son güman yerimi, sozalan şamlar?
Hərənin başında bir sökük dam var,
Haqqı düşünməyə beş- üç adam var,
Dayanıb dərdlərin köz tərəfində.

Dəyişir şöhrətə çulunu şair,
Gör necə çırmayıb qolunu,şair,
Gedir»sələfi» nin yolunu, şair,
İlham bazrlıqdı, söz tərəfində.

Günü-güzəranı payız xəzanı,
Başının ağası dərdi yazanı,
Divara hörürlər haqqa yozanı,
Lap elə, dünyanın düz tərəfində.

ASILMIŞIQ, İNSANLIĞIN DİZİNDƏN

Buludları səhər-axşam ağlayır,
Qan izi var çəmənlərin üzündə.
Haradasa bir qərib şam ağlayır,
Parça-parca od tökülür gözündən.

Obalar var, hələ əli yalındı,
Ev-eşiyi kərpic-kərpic çalındı,
Bəs, düşmənin köpü necə alındı?
Yapışıbdı Xocalının dizindən.

Düşmən ki, var, insanlığa bəladı,
Köksümüzdə neçə ocaq qaladı,
Balasına əl vurmarıq, baladı,
Dindirirsən, nifrət damır sözündən.

Eşələnib samanlığın içində,
Niyyət qurar qaranlığın içində,
Bu arzulu insanlığın içində,
Namərd yoxdu erməninin özündən

Gör, nə qədər yurda sahib olublar,
Hardan gəlib, harda sahib olublar?
Boz çaqqallar «qurd»a sahib olublar,
Yapışaraq yalanların izindən.

Bu dərs gərək bir əbədi dərs ola,
Ürəyimiz yuxalığa tərs ola,
Millət olan neçə dəfə sarsılar?
Asılmışıq insanlığın dizindən.

Bu xəbəri paylaşın: