Yeni nağıllar: Azərbaycanda doğulsan batdın…

Cəfakeş və sevimli nağılbaz xalqıma elmi məqalələr oxutdurmağa çalışmaqdan yoruldum. Röyanın, Aygünün, hələ Bayram Nurlunun fotosunu, tik-tokunu qoyub elmi məqaləni oxuyasıydımı bu xalq? İyirmi iyirminci ildən bəri nağıllar düzəldirəm ki, xalqımız heç olmasa oxuyub hərfləri unutmasın. Çünki təhsilimizin bu şəkildə inkişafını görürəm, millətin yarısı urus, yarısı ingilis olub sıramızdan çıxacaqlar. Qoy barı xalqımızın qalan hissəsinin asudə vaxtları maraqlı keçsin.


Biri vardı bir yoxdu, böyük bir anbar vardı. Bu anbar o qədər böyük idi ki, onu ölçmək belə mümkün olmurdu. Bu anbara çoxlu taxıl yığılmışdı. Bir gün bu anbara bir qılçası qırıq qara qarışqa dadandı. Qarışqa hər gün öz yuvasından çıxar, gəlib anbara girər, taxılla oynayar və sonra da bir dən götürüb gəldiyi yolla da yuvasına qayıdardı. Bu minvalla gələrdi, gedərdi, gələrdi, gedərdi, gələrdi, gedərdi, gələrdi, gedərdi, gələrdi, gedərdi, gələrdi, gedərdi…

Ardı var…


Siz oxumaqda davam edin. Ardını da yazacağam…

Bax beləcə qısaca nağıllar yazaq ki, cəfakeş və işsizlikdən yorğun düşmüş xalqımız oxusun. Başı qarışsın ki, noxtalı eşşəyə at deyə bilsin. Leş qarğasına quzğun desin. Anlamasın ki, üzünü dəyişdiklərimizin izini kimsə dəyişə bilməz…


Beləcə nağıl yazacağam və Andersonun nağıllarını sıradan çıxaracağam. Deyirlər ki, bu günləri yaşayan bir təqaüdü və uğaq pulu olmayan bir «sosial dövlətin» vətəndaşı olan azərbaycanlı özündən sonra doğulacaq azərbaycanlıya bir vəsiyyətnamə yazır.


Vəsiyyətnamədə yazır ki, əgər sən də mənim kimi bu dünyaya azərbaycanlı kimi gələsi olsan, bil ki, iki yolun var. Ya Azərbaycanda, ya da xarici bir ölkədə doğulmalısan. Azərbaycanda doğulsan batdın. Xaricdə doğulsan da böyüyüb evlənməlisən. Yenə iki yolun var. Azərbaycanlı alsan batdın. Qeyri millətdən evlənsən iki yolun var. Milli kimliyini üstün tutsan batdın. Tutmasan da yolun bitər. Yazarıq ki, «yemədi getdi». Onsuz da bizim ölkədə ən saxta abidə elə məhz məzar daşlarıdır. Şərəfsizin məzarını bəzəkli bir mərmər qoyub, hələ bir şeir də yazırlar: «Mən də baxırdım, sənin kimi». Həyatda ən böyük lənətulla bir daşın altına girdimi unudulur. Gedib qoşulur o biri ölülərə…


Yox əgər bu yolu bəyənməyib Azərbaycana dönəsi olsan iki yolun var. Hava yoluyla gəlsən batdın. Quruyla isə iki yolun var. Kömrüklük malın olsa batdın. Olmasa iki yolun var. Pulun yoxdusa, batdın. Pulun varsa iki yolun var. Rüşvət verməsən batdın. Versən iki yolun var. Elmli biri olsan, batdın. Yox yaltaq olsan iki yolun var. Karsız birinə yaltaqlansan batdın. Karlı birinə yaltaqlana bilsən iki yolun var. Milli dildə yaltaqlansan batdın. Rus dilində yaltaqlana bilsən iki yolun var. Bakılı ləhcəsiylə yaltaqlansan batdın. Ləhcəni özün vəziyyətə uyğun seçə bilsən iki yolun var. Vəzfəni bazara çevirə bilməsən batdın. Çevirə bilsən iki yolun var. Təkcə pul yığsan batdın. Holdinqlər açsan iki yolun var. Ölkəmizdə holdinq açsan batdın. Ofşorlarda açsan iki yolun var. Öz adına açsan batdın. Özgə adına açsan da geci — tezi batıracaqlar. Pulun azərbaycanlılara qalınca qoy ingilis, firəngə qalsın…

…Bunları bacarmasan, ortalıqda qalacaqsan. Haqqını tələb etsən batdın. Etməsən iki yolun var. Şəhərdə yaşasan batdın. Kənddə yaşasan iki yolun var. Əkin əksən batdın. Qoyun otarsan iki yolun var. Öz qoyununu otarsan batdın. Özgə qoyununu otara bilsən, iki yolun var. Oğurluq etməsən batdın. Oğurluq etsən iki yolun var. Sahə müvəkkiliylə əlbir olsan batdın. Qurdla sazişin olsa iki yolun var. Dərini qurda versən batdın. Əti qurda versən iki yolun var. Qəssablığı qurd etsə batdın. Qəssablığı sən etsən iki yolun var. Uzun ömürlü olsan batdın. Qısa ömürlü olsan iki yolun var. Cənnətə getsən batdın. Çünki orada bizimkilərdən kimsə yoxdu. Amma Cəhənnəmə getsən iki yolun var. Bizimkilərdən varlıların yanına düşsən batdın. Kasıbların yanına düşsən…


Bundan o yana yol bitir. Bizimkilərin hamısı buradadı. Rüşvət yeyən, oğurluq edən, xainlərin qazanı çox bərk qaynayar. Kasıbın qazanı isə elə buradakı kimi qaynamaq bilməz.


Nağlımız burada bitdi. Göydən iki daş düşdü. Götürən də peşmandı, götürməyən də…

Xaqani Ədəboğlu

Bu xəbəri paylaşın: