Sənsizlik ağırdı, qardaş

  • ELBARİZ MƏMMƏDLİ

Hardan və nədən başlayacağımı da beynimdə düzüb qoşa bilmirəm. Canımın sıxıntısı havasız mühitə düşmüş kimi, ürəyimin ritmini pozub. Qarşımda əriyən siqaret qutusu da məni bu üzüntüdən xilas eləmir.

Hara baxıramsa, onu xatırlayıram. Qürurlu Adamı, Kişi Adamı, Doğma Adamı, Dost Adamı, Millət Adamı, Vətən adamı…

Dostluğumuzdan və yoldaşlığımızdan danışmayacağam. Hər ikimiz həssas və emosional olduğumuzdan, bəzən adi söhbətlərimiz də mübahisə ilə bitirdi. Amma incimək yoxdu. Üzümə baxıb bircə kəlmə ilə fikrini ifadə edərdi:

-«Sənin başın xarabdır»

Üzündəki xəfif təbəssüm məni əridər, yavaşca: «düz deyirsən»,- deyə cavab verərdim. Və beləcə aramızdakı buz əriyərdi.

Allahverdi (Dərd) Gündoğdu Bakı metropolunda, insanlığın, kişiliyin, qürurun, əzəmətin anbaan əridiyi bu qarmaqarışıqlıqda mənim ən çox güvəndiyim və inandığım Adam idi. İndi bu ümidləri keçmiş zaman şəkilçiləri ilə sonlandırmaq asan deyil. Yoxluxuna inanmasam da , doğrusu varlığına da gümanım yoxdu. Təkcə təsəllim odur ki, mənim Ağsaqqal, Şəhid atası qardaşım əsl Kişi ömrü yaşadı. Amansız xəstəliyə düçar olandan sonra az-az görüşmək imkanımız olurdu.

Vətən müharibəsi başlayan gündən hər gün neçə dəfə zəngləşir, ümidlərimizi bölüşürdük. Heç vaxt kövrəkliyini sezmədiyim bu çinar adamı Azərbaycan əsgərinin qəhrəmanlıqları əməlli başlı kövrəltmişdi. Heç vaxt goğma Şəhid balası Etibarın adını tutub bir qapı döyməyən qürurlu kişi, son savaşdan sonra elə bil bir az üsyankar olmuşdu. Bəzi qansız adamların Vətən fədailərinə münasibəti onu hövsələdən çıxarmışdı. Ciddi və üsyankar qələmi ilə haray qoparırdı.

…Fikrim o qədər qarışıqdı ki, sonuncu dəfə nə vaxt üzbəüz oturub dərdləşdiyimizi də unutmuşam. Sonuncu dəfə telefonla danışanda, ümidverici nəticənin olmadığını dedi. Amma heç nə olmamış kimi, sözü fırladıb özündən yayındırdı.

— Yazılarını Xaqaniyə (Xaqani Ədəboğluna) də göndər, boş-boşuna vaxtını yatmağa xərcləmə-dedi.

Bir neçə gündən sonra vəziyyəti ağırlaşmaya doğru getməyə başladı. Dostlardan Aqil Camal, Ziya Zakiroğlu, Rizvan Cəmiloğlu, ağsaqqal İmran Güləhmədov mənimlə zəngləşib Allahverdi müəllimlə görüşmək üçün evinə getmək istədiklərini dedilər. Amma bu mümkün deyildi. Nə mən, nə də onun özü həmişə qürurlu və dik yerişli kişini kiminsə ölüm yatağında görməsini istəmədik. Həmişə yaddaşımızda və ürəyimizdə gördüyümüz kimi qalsın, deyə.

Bilmirəm, bu doğru hərəkətdi, ya yox. Allahverdi ( Dərd) Gündoğdu mənim yaddaşımda Xudu Məmmədov, İsmayıl Şıxlı, Şirməmməd Hüseynov və.s kişilərin arasında bir sıra nəfəri kimi qaldı. Doğma Çərəkdarından tutmuş, bütün Türk dünyasına sevdalı Vətən övladı kimi yaşadı, həyatını.

Sənin sıramızda olmadığını düşünmək çox ağırdı, İlahi Adam.

Torpağın Vətən qoxulu, məkanın ucalıq olsun!

Bu xəbəri paylaşın: