Şəhid atası, yazıçı, jurnalist Allahverdi Gündoğdu Haqqa yürüdü

Bu körpüdən kimlər keçdi,
Bu bulaqdan kimlər içdi?
Ömür deyil, köçəköçdü,
Yaşanan günü sayılı…

Şəhid atası, döyüşçü, AVMVİB-nin Fəxri üzvü, yazıçı-jurnalist Allahverdi Gündoğdu Haqqa yürüdü…


Bu səhər sənsiz açıldı. Bizdən ayrılaraq əbədiyyətə yol tutduğunun xəbəri gəldi. Bizmi vəfasızlıq etdik, sənmi? Dağlar kimi vüqarlı qardaşım, dənizlər kimi təlatümlü və ormanlar kimi hüzünlü qardaşım.


Bu acı xəbəri eşidincə, məni zorla səyahətlərə apardığın və hər gün azından 2-3 dəfə zəngləşmələrimiz günlər düşdü. «Xocam, filan şeyi, belə yazsan»… deyə söz sərrafı kimi düzəlişlər edər, təkliflərini bildirərdin. İnsan söz uğrunda necə savaşdığını yazar kimi də, oxucu kimi də gördüyüm az adamlardan idi, Allahverdi Gündoğdu…


Dərdini çiyninə alıb gəzdirən adamdı, Allahverdi Dərd…

Vətəni gülün, yovşanın qoxusuyla qoxlamağı bacaran vətənsevərdi, Allahverdi bəy!..


Bir Yurd aşiqi, Turan sevdalısıydı, bir təbiət vurğunu, məmləkət aşiqi idi, Alahverdi Gündoğdu.


Mənə elə gəldi ki, balasını şəhid verdiyi Vətənin azadlığına, sanki öz ömrünü «nəzir» demişdi, Allahverdi bəy! Gecəli, gündüzlü orada yaşadı, «bala Vətənim Çərəkdar, Ağdərə» dedi. «Qibləm, inancım Vətən» dedi. İçindən əridi, kimsəyə duyurmadan, kimsəyə görünmədən yandı və yandı. Çiyinlərində Vətən dərdi, sinəsində Övlad dağı. Ölümə «xoş gəldin» dedi. Getdi, kimsəni bu səyahətə çağırmadan, getdi.


Ağrılarını bilirdim, 1 ay qabaq bir mesaj yazmışdı: «Acil yardım istəyirəm. Bir aydan bəri gecəli-gündüzlü ağılagəlməz ağrılarıma son vermək üçün bircə tablet məsləhətinizə ehtiyacım var, Xocam! Əsirgəmə! Ölümə nə var ki?»


Telefonla danışdıq. Dedi ki, mən ölümdən qorxmuram ki? Gəlmişik ki, gedək. Ha bu gün, ha sabah…


İnsan çarəsiz qalanda çətin olur. Həmin gecə yuxum ərşə çəkildi. Çünki onu anlayırdım. Onu tanıdığıma görə anlayırdım. Olumundan Ölümünə gedən yoldakı bu ağrıların şiddətini bircə cümləylə mənə anladırdı. Ölümə nə var ki…


Bu adam özünü əhatələyib bir İnsanlıq qalası qurmuşdu. Bu qalaya yetəni qonaq buraxmazdı. Amma bu adam ətrafda hər kəsin dilini bilərdi. Uzaq tutmaq istədiyini bəri başdan sözlə uzaqlaşdırardı. Amma uşaqla uşaq, yaşlıyla yaşlı, tay-tuşla yaşdaş kimi davranardı. Hərdən mənə elə gələrdi ki, bu Adam kimi Adam elə otların da, quşların da dilini bilir. Hər gün kəşf olunmalı jestləri vardı.


Xurafatdan acığı gələrdi. Mərasimlərə, ayinlərə elmi etirazlarını bildirirdi. Bir dəfə dedim ki, bəy, sonunda etiraz edə bilməyəcəyin bir şeyə qarşı mübarizənin mənası yoxdur. Amma bacardı, Allahverdi bəy! Qurani Kərimin oxunuşundan sonra vəsiyyəti üzrə məzarı başında «Yanıq Kərəmi» çalındı. Belə demişdi, bu, onun dünyadan istədiyi sonuncu istəyiydi. Qəzan mübarək olsun, Böyük Adam!


Bir nisgili isə doğma Çərəkdarını görmədən dünyamızı tərk etməsi oldu. Torpağının bu cür sevgiylə həsrətini çəkən çox az adam tapmaq olar. Əlini üzdüyü dünyadan bəlkə də tək istəyi və arzusu Çərəkdarda ölmək idi. Yaşamaq yox, məhz ölmək idi. Onun torpağına qovuşmaq idi. Aşıq Veysəl dediyi kimi:


Dost, dost deyib neçəsinə sarıldım,
Mənim sadiq yarım, qara torpaqdır.


Torpağın bol olsun, Allahverdi bəy…
Sadiq yarına qovuşdun.


…Yaxşı dostlar ulduzlar kimidir. Hər zaman gözə görünməzlər, amma yanında olduqlarını bilərsən. Allahverdi bəy də daim bizimlə qaldı. Danışmasa belə, onu elə sükutundan anlayacağıq. Bilirəm ki, o, səyahət etməyi xoşlayardı. Bu dəfə isə yolçuluğunu çox uzun seçdi. Oğlu şəhid Etibar Əliyevin Cənnətdəki Evinə getdi. O, mütləq oradadır…

Məkanın Cənnət olsun!

AĞLAYIB DURASAN KİRİYƏNƏCƏN…

Tanınmış yazarımız, Ağdərənin ziyalı oğlu, söz xridarı, şəhid atası, döyüşçü Allahverdi Dərd (Gündoğdu) bəyə 

Bir dağın bağrından qopan daş kimi,
Üzü uçrumlarda sındım, qırıldım.
Savaş görməmişdim bu savaş kimi,
Mən yaman yoruldum, yaman yoruldum.

Qarğamam Fələyi, mən öz əlimlə,
Qismət deyiləni yazıb gəlmişəm.
Kimsənin dərdi yox, daha mənimlə,
Sanki bu dünyaya azıb gəlmişəm.

Baxdım ki, urası yığılmış bağdı,
Dərib gediblərmiş, nəyə tuş oldum.
Seyr etdim, dörd yana baxdıqca baxdım,
Gözlərim axtardı, əlim boş oldu.

Ağacından düşən çürük qoz imiş,
Bu nə vur-həşirdi, nə qapaqapdı?
«Axtaran taparmış» yalan söz imiş,
Dərdi də tapmadım, dərd məni tapdı.

Sönmüş ocağında qor axtarmaram,
Ocaq köksümdədir, közü can yaxır.
Yanan dodaqlara qar axtarmıram,
Daha güvəndiyim dağa qar yağır…

Daha «gəl» deyirəm, hər gələn səsə,
Bir istək işləyər, ürəyiməcən:
-Varıb biyabana çıxıb gedəsən,
Ağlayıb durasan kiriyənəcən…

****************

AVMVİB Rəhbərliyi, Turan Elləri Birliyi keçmiş döyüşçü, şəhid atası, yazıçı — jurnalist Allahverdi Gündoğdunun vəfatıyla bağlı mərhumun yaxınlarına dərin hüznlə başsağlığı verir və Allahdan rəhmət diləyirlər.


Allah rəhmət eləsin!

Bu xəbəri paylaşın: