Tanrı dövlətimizi və millətimizi qorusun!

ELBARİZ MƏMMƏDLİ

Əvvəl dedilər ki, əks tərəfin təşəbbüslərinə baxmayaraq, bütün həmlələr dəf edilir. Rus ordusu məğlubedilməzdir, dünyada hərbi hazırlığa malik olan ən yaxşı ordudur, və.s. Söhbət gündən günə gərgin xarakter alan Rusiya-Ukrayna savaşından gedir.

Məlumdur ki, Ukrayna ordusu oktyabrın 26-da Donbas istiqamətində ilk hücum həmləsini edib və bu uğurla alınıb. Yəni qardaş Türkiyənin istehsalı olan «Bayraktar» pilotsuz uçuş apparatları qondarma rejimin hücum nöqtələrini dəqiq vurmaqla, separatçıların canına əməlli-başlı vəlvələ salıb. Rusiya telekanalları hadisəni fərqli anlamda şərh etsələr də, üzlərdəki ifadədən aydın olur ki, vəziyyət onlar üçün heç də ürəkaçan deyil. Moskva və Sankt Peterburq şəhərlərində müşahidə etdiyimiz müharibə əleyhinə kütləvi çağırışlar da elə bu narahatlığın ifadəsidir. Əks halda, rus cəmiyyətini yaxşı tanıyırıq və onların hansı xislətdə olduğunu bilirik.

Maraqlıdır, hələlik özünün qanuni ərazisi sayılan bölgələrdə hegemonluq haqqını qoruya bilməyən, Çinin içərilərə doğru girişinə təpki göstərməyən Rusiya, nədən başqalarının halal yaşantısına bu qədər düşmən kəsilib? Bunun əsas səbəbi odur ki, ruslar ətraf ölkələrin sivil dünyaya çıxışını istəmirlər. Çünki bu, həmin ölkələrin ayrı-ayrılıqda güclənməsi və onların təsir dairəsindən çıxması deməkdir. Belə olan halda isə, İmperiyanın davamlı olaraq qalması qeyri mümkündür. Şimal ölkəsində milli tərkib elədir ki, nu xalqlar koloniyasında heç bir millət əbədi olaraq, qalmaq fikrində deyil. Eyni zamanda ölkədə siyasi düşüncənin qeyri müəyyənliyi dünyaya yalançı zor nümayişi hədələrindən başqa heç nə göstərə bilmir. Və onlar var olmağın yolunu Ukraynanı, Gürcüstanı, Azərbaycan və Ermənistanı, Orta Asiya ölkələrini, eləcə də Suriya və digər Yaxın Şərq ölkələrini işğal etməkdə görürlər.

Yeri gəlmişkən, xatırladaq ki, Donbasdakı qanunsuz silahlı birləşmələrdə artıq qorxu və narazılıq başlayıb. Gürcüstanda son seçkilər göstərdi ki, xalq rusların nökərinə çevrilmiş sistemin qalmasını istəmir. Saakaşvilinin ölkəsinə qayıdaraq həbs olunması, dost ölkədə siyasi gündəmi dəyişdirib. Məhz bu səbəbdən Gürcüstan hakimiyyəti seçkilərin nəticələrinin elan olunmasını noyabr ayının ikinci ongünlüyünə qədər uzadıb. Ermənistanda Rusiya əleyhinə çağırışlarla yanaşı, rusmeyllilərin də canlanması yaxşı nəsə vəd etmir. Suriyada rus-türk qarşıdurması intensivləşib.

Belə vəziyyətdə Azərbaycanda hər işin öz axarında olduğunu söyləmək, sadəlövhlük və özünü aldatmaq olardı. Yetərincə uğurlu savaşdan sonra, düşünmək olardı ki, cəmiyyətdə böyük dəyişmələr baş verəcək, oliqarxiyanın xalqa yönəlik istismarçı hərəkətlərinə son qoyulacaqdır.

Reallıqda isə, düşündüklərimizin əksi baş verdi. Enerji daşıyıcılarının qiyməti artırıldı. Qazi və Şəhid ailələrinə gözlənilən münasibət bəslənmədi. Məmur özbaşınalığı bir an belə səngimədi. Qarabağda isə, hadisələrin axarı heç də bizim istəyimizə həmahəng deyil.

Etiraf etmək lazımdır ki, rusların şər niyyətləri qarşını kəsməsə, erməni hakimiyyəti və cəmiyyəti vəziyyətin normallaşmasına meyllidir. Düşmənlərimiz artıq anlayırlar ki, Azərbaycanla ədavətin əbədi davamı onların tamamilə çıxılmazlığa düşəcəyi ilə nəticələnəcək. Belə vəziyyətdə Azərbaycan cəmiyyəti qətiyyən arxayınlığa qapılmamalı, əksinə siyasi aktivliyini artırmaqla, baş verənlərə diqqətsiz olmadığını göstərməlidir.

Yaxşı olardı ki, ölkənin bütün milli siyasi qüvvələri bir araya gəlib, regionda nələrin baş verdiyini gündəlik fəaliyyət normasına çevirəydilər. O zaman ruslar da cəmiyyətin aktivliyini görüb, hərəkətlərini bir az redaktə edərdilər. Təəssüf ki, bunu hələ müşahidə etmirik.

Tanrı dövlətimizi və millətimizi qorusun!

Bu xəbəri paylaşın: