Karantin rejiminin tətbiqi ilə əlaqədar sakinlərə dəstək məqsədilə Nərimanov Rayon İcra Hakimiyyəti tərəfindən karantin rejimi dövründə MKİS-lərin də iştirakı ilə müəyyən edilən, evdən çıxması qadağan edilən yaşı 65-dən yuxarı, tənha yaşayan, imkansız, ehtiyacı olan 2400 artıq ailəyə ərzaq məhsullarından ibarət sovqat paylanılıb.
Bu gün də karantin rejimi tətbiq olunan dövr ərzində artıq ikinci dəfədir ki, 300-dən artıq şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə təkrar olaraq ərzaq payları çatdırılmışdır.
Rayon İcra Hakimiyyətinin əməkdaşları və rayonun gənc könüllüləri yardımların göstərilməsi ilə yanaşı, vətəndaşlara pandemiya ilə mübarizədə həyata keçirilən tədbirlər, şəxsi gigiyena qaydaları, sosial təcridolmanın vacibliyi barədə məlumatlar verilib.

AVMVİB sədrinin müavini, AVMVİB Nərimanov rayon şöbəsinin sədri Qurban Osmanov bildirdi ki, 50 nəfər şöbə üzvü olan veteranlarımız da bu yardımlardan yararlanıb.
Məsələyə münasibət bildirən Qurban Osmanov deyib: «Nərimanov rayonunda veteranlara daim diqqət və qayğı olub. Rayon İcra Hakimiyyətinin Başçısı Abidin Fərzəliyev bu sosial təbəqəyə aid insanların daim qayğı ilə əhatə olunmasını daim diqqətdə saxlayır. Rayonda düzgün yürüdülən sosial siyasət sayəsində ciddi problemlər də yoxdur. Nərimanov rayon İcra Hakimiyyəti Başçısının müavini İradə Mahmudova daim müharibə veteranlarının problemləri ilə maraqlandığını bir çox veteranlarımız yaxşı bilirlər. Elə, məhz bu humanist davranışa görə, çox saylı veteranların təklifiylə İradə xanım Mahmudova təşkilatın Fəxri üzvü seçilib. Bir rayon şöbəsi olaraq ən xırda problemimizin də həllinə yardımçı olub. Ona görə də bu gün bizim rayonda xalqla hakimiyyət arasında ciddi bir fikir ayrılığı yoxdur».

AVMVİB Nərimanov rayon şöbəsinin sədri Qurban Osmanov ölkədə baş verən son olaylara da münasibət bildirdi: «Ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə dünyanı bürüyən COVİD-19 pandemiyasına qarşı Azərbaycan dövləti qəti tədbirlər həyata keçirir. Bu istiqamətdə görülmüş işlər, qəbul edilmiş təxirə salınmaz qərarlar ölkəmizin bu bəladan minimum itkilərlə çıxmasına zəmin yaradır. Ancaq dövlət aparatında çalışan, nəinki iqtidara, eyni zamanda dövlətçiliyə, xalqa xəyanət edən bir sıra insanlar var. Onlar ölkəmizdə pandemiya dövrü aparılan sosial dəstək siyasətinə qarşı mənəviyyata sıxmayan hərəkətlər edirlər. Çoxsaylı şikayətlər, korrupsiya halları, rüşvətxorluq, dövlət əmlakının talama nəticəsində həbs olunmuş Ağstafa, Yevlax, Neftçala, Biləsuvar və İmişli rayon İcra Hakimiyyətlərinin başçılarının törətdikləri əməllərdən nəticə çıxarmayan bəzi məmurlar, belə çıxır ki, ölkə rəhbərinin apardığı iri miqyaslı islahatlara qarşıdırlar.
Ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən dəfələrlə ictimaiyyət qarşısında vəzifəli şəxslərə, xüsusilə icra başçılarına müvafiq tapşırıqlar və göstərişlərin verilməsinə baxmayaraq, İmişli və Biləsuvar rayon İcra Hakimiyyətlərinin başçıları dövlətin mənafeyinə ciddi zərbə vurmuş, pandemiya dövrü ehtiyacı olan şəxslərə dövlət tərəfindən ayrılmış maddi dəstəyi qanunsuz olaraq mənimsəmişdir.
Cənab Prezident tərəfindən verilmiş tapşırıqlardan düzgün nəticə çıxarmayan, rüşvət və korrupsiya hallarına son qoymayan şəxslər dövlət tərəfindən ciddi cəzalandırılacaqlar. Aparılan bu cür tədbirlər ölkə rəhbərinə ümumxalq rəğbətini günbəgün artırmaqdadır.

Azərbaycanda aparılan ictimai-siyasi, iqtisadi, hüquqi və kadr islahatlarının növbəti mərhələsi həyata keçirilir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Milli Məclisin razılığı ilə Azərbaycan Respublikasının yeni Baş Prokurorunu təyin etməsi və ona da müvafiq göstərişlər verməsi cəmiyyətə ötürülən ciddi bir mesaj idi. Bu posta Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəisinin namizədliyinin verilməsi Azərbaycanda korrupsiyaya qarşı aparılan ciddi mübarizənin təzahürüdür. Yeni seçilmiş Baş prokuror öz çıxışında siyasi, hüquqi islahatların, eləcədə aparılan kadr islahatlarının ölkəmizin yeni inkişaf mərhələsinə keçidini şərtləndirdiyini qeyd etdi.
Bununla yanaşı, bu gün Azərbaycan parlament tarixində bir ilk yaşandı. Azərbaycan Respublikasında İcra Hakimiyyəti ilə Qanunvericilik Hakimiyyəti arasında əlaqə, məhz Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsi tərəfindən həyata keçirilməkdədir. Bu ölkədə aparılan siyasi islahatların dərinləşməsinə və yeni siyasi konfiqurasiyanın formalaşmasına dəlalət edir. İctimai Birlik olaraq Nərimanov rayonunun ictimai həyatında daim fəal olmuş bir təşkilat kimi, istər islahatlar sahəsində, istərsə də pandemiyaya qarşı mübarizədə rayon rəhbərliyi ilə bir yerdə olmuş və bu sahədə ölkə rəhbərinin göstəriş və tapşırıqlarını yerinə yetirməyə çalışmaqdayıq. İnamla deyə bilərəm ki, bu ağır günlərdə Nərimanov rayon İcra Hakimiyyətinin göstərdiyi fəaliyyəti çoxlarına nümunə göstərərdim. Cənab prezidentin söylədiyi «Biz birlikdə güclüyük!» devizi, həqiqətən də bir fəaliyyət planıdır. Hər birimiz bu çağırışı əldə rəhbər tutaraq, fəaliyyət göstərsək, ölkədə heç bir problem qalmaz».
Q. Osmanov, rayon veteranları adından bir daha bu islahatlar yolunda cənab prezidenti dəstəklədiklərini bildirib.
N. Məmmədli
