ABŞ-ın Azərbaycandakı səfirliyinin sosial şəbəkə hesabında Birləşmiş Ştatların Dövlət katibi Entoni Blinkendən sitat paylaşılıb:
«NATO Ukraynanı işğal etməyib; NATO Gürcüstanı işğal etməyib; NATO Moldova xalqının iradəsinə zidd olaraq Moldovada hərbi qüvvələr yerləşdirməyib”.
Blinken sözügedən fikirləri dünən Almaniyanın xarici işlər naziri Annalena Baerbokla birgə keçirdiyi brifinqdə səsləndirib.
Blinkenə Rusiyanın NATO-nun şərqə doğru genişlənməməsi ilə bağlı son vaxtlar artan təminat tələbləri və yanvarın 10-na planlaşdırılan ABŞ-Rusiya təhlükəsizlik danışıqlarından gözləntiləri barədə sual verilib.
Blinken deyib: «Regionda qeyri-sabitliyin mənbəyi NATO deyil, Rusiyadır».
«Bəli, Rusiya öz ictimai bəyanatlarında və irəli sürdüyü sənədlərdə Avropanın təhlükəsizliyi ilə bağlı məsələləri qaldırıb. Amma gəlin bunu çox açıq deyək: «NATO Ukraynanı işğal etməyib; NATO Gürcüstanı işğal etməyib; NATO Moldova xalqının iradəsinə zidd olaraq Moldovada hərbi qüvvələr yerləşdirməyib”, — deyə dövlət katibi Blinken bildirib.
O qeyd edib ki, ABŞ Rusiyanın narahatlığını dinləməyə hazırdır, lakin Vaşinqtonun da öz narahatlıqları var, Moskva da onlara qulaq asmalıdır.

