Azərbaycan-Özbəkistan ikitərəfli münasibətlərinə daim xüsusi diqqət ayrılır

Müşfiq Əliyev

Azərbaycan Respublikası Şəhid Ailələrinə “Qayğı” Cəmiyyətinin sədri, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) sədrinin humanitar məsələlər üzrə səlahiyyətli nümayəndəsi 

XƏZƏR RAYON SAKİNİ

Bildiyimiz kimi, Azərbaycan və Ğzbəkistanın qədim köklərə malik tarixi əlaqələri çoxplanlı xarakter daşıyır. Azərbaycan və özbək xalqlarının etnik köklərinin eyniliyi ilk növbədə çoxsaylı tarixi faktların da sübut etdiyi dil birliyini şərtləndirir. VII əsrdən başlayaraq Azərbaycan və Özbəkistanda yayılmağa başlayan İslam dini tezliklə əsas dinə çevrilir. Din birliyi memarlıq, ədəbiyyat, miniatür sənətinin inkişafında, ən əsası isə hər iki xalqın mentalitet və dünyagörüşünün oxşarlığında özünü göstərib. Beləliklə də, baş verən siyasi proseslərdən asılı olmayaraq, Azərbaycan və Özbək xalqlarının mənşə, dil, din və folklor baxımından eyniliyi üzə çıxıb. Eyni zamanda, əsas coğrafi mövqelərə nəzarət, siyasi stabillik və ölkələrimizin ərazisindən keçən qlobal ticarət marşrutlarının təhlükəsizliyi də, Azərbaycan və Özbəkistanın bir-birinə olan siyasi-iqtisadi marağının əsasını təşkil edir.

XX əsrin sonlarında müstəqillik əldə etdikdən sonra ölkələrimiz arasındakı münasibətlər yeni mərhələyə qədəm qoydu və bu gün Azərbaycan-Özbəkistan münasibətləri qlobal əməkdaşlığın, eləcə də, təhlükəsizliyin möhkəmlənməsinə böyük töhfə verir. Özbəkistan hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib. İkitərəfli münasibətlər normal olub, amma hazırda bu münasibətlərdə yeni keyfiyyət dəyişikliyi özünü büruzə verməkdədir. Bu həm ikitərəfli münasibətlərdə, həm Türk dünyası ilə bağlı ortaq qurumlarda özünü göstərir. Azərbaycan və Özbəkistanı yaxın milli adət-ənənələr, ümumi dil qrupu, mədəniyyət, din birləşdirir. Hər iki ölkə uzun illər SSRİ-nin müttəfiq respublikaları olublar. Hələ ötən əsrin 30-cu illərində kütləvi repressiyalar zamanı on minlərlə azərbaycanlı Özbəkistan torpağında sığınacaq tapıb. Hazırda 40 mindən çox azərbaycanlı Özbəkistan cəmiyyətinin sosial, ictimai, iqtisadi və digər sahələrində fəal iştirak edir. Qeyd edək ki, hər İki ölkə arasında diplomatik əlaqələr 1995-cü ilə təsadüf edir. 1996-cı ildə Azərbaycanın Özbəkistanda, 1998-ci ildə isə Özbəkistanın Azərbaycanda səfirlikləri fəaliyyətə başlayıb.

Heç kimə sirr deyil ki, Ulu Öndər Heydər Əliyev bütün həyatını Azərbaycana xidmətə həsr edib. Sovet dönəmində də, müstəqillik dövründə də həmişə xalqın yanında olub. Ən ağır dövrdə, xalqımız təcavüzə, təqiblərə məruz qaldığı vaxtlarda o, həmişə xalqın yanında olub. 1990-cı il yanvarın 20-də, Sovet İttifaqının parçalanmasından hələ iki il əvvəl o, sovet ordusunun Bakıya yeridilməsi, Azərbaycanın yüzlərlə günahsız vətəndaşının öldürülməsi və yaralanması ilə əlaqədar sovet rəhbərliyini açıq pisləmişdi. Ən çətin dövrdə, Naxçıvan Muxtar Respublikası təcavüzə məruz qalanda da o, öz xalqının yanında idi. Naxçıvan Muxtar Respublikasına rəhbərlik edərkən əslində o, Azərbaycanın bu tarixi hissəsini, qədim torpağını təcavüzdən müdafiə etdi. Yenə onun təşəbbüsü ilə 1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətinin bayrağı məhz Naxçıvanda, Sovet İttifaqı dağılandan və Azərbaycan öz müstəqilliyini bərpa edəndən xeyli əvvəl dövlət bayrağı kimi rəsmən qəbul edilib. Vətəndaş müharibəsi dövründə xalqın iradəsi ilə məhz Ulu Öndər Heydər Əliyev 1993-cü ildə vətəndaş müharibəsini dayandırdı və ölkəni inkişaf yoluna çıxartdı.

Azərbaycanda dövlətçiliyin möhkəmlənməsi, islahatlar, inkişaf – bütün bunlar onun adı ilə bağlıdır.  Ulu Öndər Heydər Əliyev özbək xalqına böyük sevgi ilə yanaşırdı. 1970-ci illərdə də onun Şərəf Rəşidoviç Rəşidov ilə dostluğu bütün sovet rəhbərliyinə məlum idi, 1990-cı illərdə də onun İslam Abduqəniyeviç Kərimov ilə dostluğu da xalqlarımıza məlum idi və bu, bizim münasibətlərimizin bugünkü inkişafının təməli idi. Bu gün Azərbaycan və Özbəkistan müstəqil xarici siyasət kursu yürüdən, öz resurslarına güvənən, sosial-iqtisadi inkişafda böyük uğurlar qazanmış qüdrətli müstəqil dövlətlərdir. Gələcəkdə qarşılıqlı əlaqələr intensivləşməlidir. Hər bir istiqamət-iqtisadi qarşılıqlı fəaliyyət, əmtəə dövriyyəsinin artırılması, nəqliyyat-logistika sferası, energetika üzrə yaxşı nəticələr olacaq. Bu yolla ticari-iqtisadi sahədə ciddi tərəqqiyə nail ola bilərik. Özbəkistan ölkəmizin ərazi bütövlüyünün bərpası işində Azərbaycanı dəstəkləyib. Azərbaycan xalqı ən ağır dövrdə özbək xalqının qardaşlıq dəstəyini hiss edirdi. Bu, bizim üçün çox qiymətlidir, bunlar bizim münasibətlərimizin tarixində unudulmaz hadisələrdir. Dünyadakı vəziyyəti nəzərə almaqla hər bir ölkə müdafiə qabiliyyətini möhkəmlətməyə çalışmalıdır. Hərbi əməkdaşlıq, hərbi-texniki əməkdaşlıq, habelə hərbi təhsil sahəsində əməkdaşlıq istiqamətində əlavə addımlar atılacaq. Kənar təhdidlər var, ölkələrimiz və xalqlarımız onlarla üzləşməli olurlar. Buna görə də bu sahədə təcrübə mübadiləsi və praktiki qarşılıqlı fəaliyyət həmişəkindən daha vacib olacaq. Kənd təsərrüfatı və texnoparkın inkişafı perspektiv əməkdaşlıq istiqamətləridir. Azərbaycanda ipəkçiliyin inkişafı ilə bağlı məsələlərin operativ həllində Özbəkistan yaxından iştirak edib. Özbəkistanın təcrübəsi və dəstəyi ipəkçilik sahəni inkişaf yoluna çıxarmaq üçün addımlar atmağa imkan verdi. Füzuli şəhərində Özbəkistan hökuməti tərəfindən hədiyyə olaraq orta məktəb inşa olunacaqdır. İşlərə artıq başlanıb və növbəti tədris ilinə qədər məktəbin istifadəyə verilməsi planlaşdırılır.

Azərbaycan bunu çox yüksək qiymətləndirir. Qardaşlıq münasibəti bizim üçün çox qiymətlidir. Bu məktəb praktiki baxımdan həm də bizim qardaşlığımızın rəmzi olacaq. 21 iyun tarixli səfər, aparılmış danışıqlar və imzalanmış sənədlər bunun əyani təsdiqidir. Müzakirə olunmuş mövzular və əldə olunmuş razılaşmalar münasibətlərimizin gələcək inkişafı üçün əsas olacaq. Strateji tərəfdaşlığın dərinləşdirilməsi və qarşılıqlı fəaliyyətin genişləndirilməsi haqqında siyasi Bəyannamə gələcək fəaliyyətimizin yol xəritəsidir. Orada xarici siyasətimizin prioritetləri əksini tapıb, dövlətlərimizin ərazi bütövlüyünün, müstəqilliyinin, suverenliyinin qarşılıqlı dəstəklənməsi ifadə olunub, eləcə də həyat fəaliyyətinin müxtəlif istiqamətləri üzrə konkret məsələlər və hədəflər müəyyən edilib.

Bu gün Xəzər, Mərkəzi Asiya, Cənubi Qafqaz regionlarının sülhə və sabitliyə ehtiyacı var. Ölkələrimiz arasında münasibətlər daha möhkəm olacaq, aramızda daha çox əməkdaşlıq və qarşılıqlı dəstək olacaq. Bunun əsası liderlərin siyasi iradəsi, eləcə də iqtisadi zəminlərdir. Hərbi və hərbi-texniki sahələrdə nəzərdə tutulan əməkdaşlıq xüsusi əhəmiyyət kəsb edir. Bu sahə hər bir ölkə üçün, xüsusən bizim ölkələr üçün prioritet əhəmiyyət kəsb edir. Bizim yerləşdiyimiz regionlar təhlükəsizliyin və müdafiə qabiliyyətinin möhkəmlənməsi məsələlərinə gündəlik diqqət tələb edir. Biz təcrübə mübadiləsi, hərbi-texniki sahədə, müdafiə istiqamətli təhsil sahəsində əməkdaşlıq üzrə fəal əlaqə saxlayacaq, təhlükəsizliyimizi qarşılıqlı möhkəmlədəcək, addımlarımızı planlaşdıracağıq. İmzalanmış siyasi Bəyannamə mahiyyət etibarilə münasibətləri keyfiyyətcə yeni səviyyəyə çatdırır.

Təbii ki, qarşılıqlı dəstək də olacaq–həm mövcud beynəlxalq təşkilatlar çərçivəsində, həm də ölkələrimizin və xalqlarımızın təhlükəsizliyi ilə bağlı bütün başqa məsələlər daimi diqqət tələb edir.

            Yaşasın müstəqil Azərbaycan Respublikası! Eşq olsun Azərbaycan xalqına! Uca Allahdan xalqımızın Ümummilli Lideri Heydər Əliyevə rəhmət diləyirik!. Hər birimiz Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan, cənab İlham Əliyevlə qürur duyuruq!!!…

Bu xəbəri paylaşın: