Yağmur duasına çətirsiz çıxanlar …

XAQANİ ƏDƏBOĞLU

Cəlil Məmmədquluzadə yazırdı («Çiçək»): «Gəncədə Kərbəlayi Səkinə ömründə iki yüz adama siğə olub. Hacı Seyid Bağır küçədə hansı dul övrətin baldırını yoğun görəndə, övrətə belə deyirdi: «Əgər mənə siğə olmasan, cəddim ciyərini çıxardacaq».

Bir seks süjeti yayıb arxasında çörəkdən tutmuş yumurtayadək hər şeyin qiymətini qaldırdılar. Bu məmləkət insanı isə moltanı papağın altından bic-bic gözlərini bərəldib süjetdəki qızın ayağını necə «qaldıracağını» görməyə can atır. Bu nə məmləkət, bu nə insanlıq, bu nə əxlaq, bu nə ehtiras… Bu ölkənin qazisi yanır, meşələri yanır, bazarları «yanır», əkinçinin tarlası yanır, insanların dədələri «yanır», ermənilərin əliylə Laçın yanır, yoxsulun ciyərləri yanır. Tək səbəb məmur özbaşınalığı, məmur harınlığı, xoşlasanız da, xoşlamasanız da halalına haram qatılmış bir məmləkətin son halı budur…

Bu gün hərə bir nimçə götürüb qazanılmış Zəfərdən pay istəyir. Bu Zəfəri 30 il məğlubiyyətin acısını öz dərdi kimi yaşadanlar, onların övladları və Ali Baş Komandan qazandı. Bu Vətəni bu Vətəndə heç nəyi olmayanlar qorudu. Övladlarını ölkədən çıxarıb gey adıyla gizləyənlər isə bu Zəfərin tam sahibləri oldular. Torbalarını doldurub, çuvallarını açdılar. İndi də tökülmüş qanlarımız üzərində bu üzdəniraq məxluqları gəzdirib bizləri təhqir edirlər.

General Auqusto Pinoçet bu sözlərində necə də haqlıymış: «Dövlət təhlükədə olanda insanlar Allahı və hərbçiləri köməyə çağırırlar. Təhlükə sovuşandan sonra isə Allahı unudarlar, hərbçiləri isə ittiham edərlər». Bunu 44 günlük Vətən müharibəsi sonrası hər kəs əyani olaraq gördü. Hər kəs bu işi ayrı-ayrı nazirlərin üstünə atsa da mən 10 ildir yazıram ki, erməniyə güllə atanlara qarşı bütün neqativlərin başında ölkəmiz üçün artıq struktur olan Nazirlər Kabineti durub. Bu illər ərzində lüzumsuz şəkildə bu sosial təbəqədən olan insanlara aid bütün qanunvericilik bazaları dəyişdirilib və mürtəce bir hala salınıb. Misal da çəkmişdim. «Şəhid adlarının əbədiləşdirilməsi haqqında» qərarı tədricən yox edib, 1 maddə əlavə etmişdilər ki, 2 dəfə Milli Qəhrəmandan qeyrisinin adı əbədiləşdirilə bilməz (Belə birisi isə bu ölkədə yoxdur). 44 günlük Vətən müharibəsindən sonra çıxdaş edilmiş bu qərarın üzərindən Müzəffər Ali Baş Komandan «Şəhid adlarının əbədiləşdirilməsi haqqında» qanun imzalamalı oldu. Amma köhnə qərarı dəyişənlər üzə çıxarılmadı. Müharibə əlillərinə də şamil edilən “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin təsdiq edilməsi haqqında NK 413 saylı Qərarı bir başa müharibə əlillərini hədəfə almış məqsədli bir qərar olduğunu yazmışdıq. Müharibə veteranlarının bütün hüquqlarını da xətləyən bu «Qocalar Yığıncağı» 44 günlük Vətən müharibəsi iştirakçıları üçün də Aprel döyüşləri ilə bağlı əlavə etdikləri «yaralanmış şəxslərdən başqalarının müharibə veteranı sayılmaması» üçün çox «əlləşdiklərini» də yaxşı bilirik. Konkret bu qərar Aprel döyüşlərindəki kimi qəbul edilsəydi, gələcəkdə hər bir döyüşçünün potensial olaraq özünə qəsdən xəsarət yetirməsinə yol açacaqdı. Bəli, bu təbəqədən olan insanlara qarşı Nazirlər Kabinetində gizli bir əl dayanmadan bu gün də mübarizə aparmaqdadır …

Səngərdən 100 min gənci qayıdan bir ölkənin İdman və Gənclər naziri özünə müavin olaraq Avropadan «rəqqasə» gətirir. Nə demək istədiyini bir anlayan oldumu? Niyə bu xalqa etibar etmirsiniz? Cavabı çox sadədir. Amma yazmıram, zəhmət çəkib özünüz tapın. Çünki bu gün ağzı olan bu ölkədə ya oxuyur, ya da boşuna danışır. Kişiləri qeybət edən bir məmləkətin sonu gəlmiş deməkdir.

Batan gəmidən isə ilk qaçacaq olan siçovullardan biri başı üstünə İran mollasının, biri raşist Putinin, biri üzdəniraq Leninin, biri manyak və qatil Stalinin, biri babası Nikolayın, biri dayısı Andronikin və ən nəhayət biri də elə lap Madaqaskar prezidenti Eri Razaunarimampianinının (soyadı uzun olduğuna görə yazdım) şəklini asır. Bir millətin ruhunu bunca öldürmək olmaz. Milli şüuru bunca təhqir etmək olmaz. Millət 30 illik müstəqilliyi dövründə, nə milli kimliyinə, nə milli tarixinə, nə də milli məfkurəsinə sahib çıxa bilmədi.

Alman faşizminin ideoloqu Göbbels deyirdi ki, tarixini xalqın əlindən alın, bir nəsildən sonra onlar kütləyə çevriləcək, növbəti bir nəsildən sonra isə onları sürü kimi idarə etmək olar. Maraqlıdır ki, bizlər tariximizdən uzaq düşmüş bir toplumuq. Bizlərdən birinə haqqını ver, səninçün erməni olsun. Dünyaya hökm etmiş Türk bu məmləkətdə özünə Türk deməyi təhqir sayıb, özünə moltanı deyirsə, günah səni peydahlayan atada və yanlış tərbiyə verən anadadır. Millətini, bayrağını, kimliyini bilməyəndən bu ölkəyə yalnız zaval gələr. Bayrağımı təhqiramiz şəkildə dartıb yerə atan kim olursa olsun, mənim üçün bir dindaş deyil, köpək soyu ola bilər. O ət torbasına oxşar canlını görmüş köpəklər məni bağışlasın. Mən orada olsaydım, mən də iştirak edirdim, deyən əxlaqsıza köpək adı belə haramdır. Elmsizlik, cahillik, xürafata meydan vermişik. İran qaloşunun reklam etiketini müqəddəs ayə kimi evindən asan azərbaycanlı «dindar», mənə Allahın buyruqlarından dəm vurur. Tarixi yanlış üsulla, yəni avrosentrizmin əmriylə mərhələlərə bölüb öyrənən şəxs özünə tarixçi deyir. Məmurlar öz işlərini görmək qabiliyyətləri yox ikən, hamısı biznesmenlik edir. Bəs bu «uğurlu» tender ovçuları, niyə vəzifədən qovulduqdan sonra bu biznesin başını buraxıb qaçırlar. Dəfələrlə yazmışam və təkrarda fayda var. Avropa kilsədən Dövləti ayırdıqdan sonra inkişaf yoluna çıxdı. Biz də bu gün inkişaf etmək istəyiriksə, biznesi Dövlətdən ayırmaq zorundayıq.

Bu gün güya Avropada təhsil alanların nəsə İsa «möcüzələri» göstərəcəklərini ağlımıza yeridib önlərini açırlar. Kimdi onlar? Milli düşüncəsi necə formalaşıb? Qabaqlar beynimizə yeridirdilər ki, Moskvada təhsil alan rusofillər «savadlı» olurlar. Nümunəsi Əli Həsənovu gördünüz. Məsələ təhsildə deyil, onu yetişdirən ortam ilkin şərtdir. Bir korrupsionerin ailəsindən Sinqapur Respublikasının ilk Baş Naziri (1959 — 1990) Li Kuan Yu kimi Sinqapur «iqtisadi möcüzəsinin» yaradıcılarından birimi çıxacaq? Əsla, bu mümkün deyil.

Li Kuan Yunun iki fikrini sizlərə xatırladıram: «Korrupsiya ilə mübarizəyə üç yaxın dostunuzu həbs etməklə başlayın. Səbəbini siz dəqiq bilirsiniz, onlar da bilirlər».

Li Yu deyirdi: «Mənim iki yolum var idi. Birincisi, dostlarımın və qohumlarımın adlarını xalqı çılpaq qoymaqla və oğurluq etməklə «Forbes» siyahısına saldırmaqdı. İkincisi, xalqa xidmət etmək və ölkəni dünyanın ilk on ölkəsi sırasına çıxarmaqdı. Mən ikincini seçdim».

Bu «xarici təhsillilər»dən biriylə 2007-ci ildə müsahib oldum və and olsun ki, bu adamın Qarabağ müharibəsindən xəbəri yoxdu. Onların bəziləri ilə Azərbaycana kabab iyinə gələn əcnəbilərin elə bir fərqi yoxdur. Qohumları işdən çıxan xarici təhsillilər indi haradadırlar?

Dövlətin strateji qollarına milli şüura malik insanların yolunu açmaq lazımdır. Yeni Dünya düzənində kosmopolitlər qeyri millətlər üçün «hazır yem» kimi nəzərdə tutulub. Milliyyəti olmayan, yəni kosmopolit, millətini sevə bilərmi? Millətinin yaşadığı Vətəni sevə bilərmi? Bu bir absurddur…

Bizimkilərin belə söhbətlərlə işləri olmaz. Ən yaxşısı keçək FHN-nin porno kasetlərindən danışaq. Yenə işi görəni buraxıb «görənin gözünü çıxarmaq üçün axtarış başlayıb». Hamı vur-hayla bu görüntüləri yayanları axtarır. Xatırlayırsınızsa, bir ara bəzi «zavallıların» zorla şalvarlarını çıxarırdılar. Amma bir soruşan yoxdur ki, «ay manyak, bir telefon zəngiylə bu hoqqadan çıxırsınızsa, vay bu millətin canlı-canlı sizlərə işi düşənlərinə» deyə yazmışdım. Allah sənə rəhmət eləsin, Mirzə Cəlil. Cəlil Məmmədquluzadə yazırdı («Çiçək»): «Gəncədə Kərbəlayi Səkinə ömründə iki yüz adama siğə olub. Hacı Seyid Bağır küçədə hansı dul övrətin baldırını yoğun görəndə, övrətə belə deyirdi: «Əgər mənə siğə olmasan, cəddim ciyərini çıxardacaq». İndi elə həmin Hacı Seyid Bağırın siğədən olan cocuqları millətin gününü göy əskiyə düyüblər. Bu Sonanın uşaqları artıq hər yerdədirlər. Ağıllı pulları və ağıllı məqamları öz iyrənc istəklərinə əsir ediblər.

Qocası belə, cavanı ondan betər. Çünki bunlar eyni quyudan çıxıblar. Yetəni gecə yatağında da uzanıb bu xalqa edəcəkləri pisliyin dərəcəsini düşünürlər. Adını sosial dövlət qoyub sosial sahənin baş hərfini bilməyən birisini nazir qoyub, uşaq pulu vermə, pensiya yaşını əl çatmaz et, müharibə əlilinin indeksasiyasını vermə ki, biz sosial dövlətik. Hələ minlərcə əlilin təqaüdünü kəs ki, biz sosial dövlətik. Təqaüdlərin indeksasiyasını bu günədək etməyən bir dövlət necə özünü sosial dövlət adlandıra bilər? Gedin telefonların qabağında şalvarınızı başınıza keçirin. Ən yaxşı bacardığınız iş elə budur. Bunun da adı bir az biyabırçıdır. Əslində lüt insanların cəmiyyətində hər kəs paltar geymiş adama təəccüblə baxar. Bu məmur istefa versə, nə olasıdır ki? Onun yerinə deməli, ondan daha pis olanı tapılıb. Bizdə yaxşıya doğru deyil, inkişaf pisə doğru gedir.

100 il öncə Ömər Faiq Nemanzadə («Çinovniklərimiz») yazırdı: «Hətta elə çinovniklərimiz (məmurlarımız) var ki, gecə-gündüz çalışırlar ki, müsəlmanlığa, müsəlmanlara bir zərər, bir töhmət vursun, hökumətə xilaskarlıq göstərsin, millətini rəzil və həqir etsin». Yaxud: «Bir gürcü və ya erməni çinovniki isə bu rəzalətdən, bu səfalətdən uzaqdır: bunlar hökumətə qanun dairəsində xidmət etməklə bərabər yeri düşəndə öz millətinə də kömək etməkdən, camaat işinə, dərdinə qarışmaqdan boyun qaçırmırlar»…

Aradan 100 ildən çox vaxt keçsə də dəyişən nəsə varmı? Boşuna yazıb, sizlərin boş vaxtınızı almayım. Əgər oxuyub nəticə çıxarsaydınız, biz bu günlərə düşməzdik.

Bunu şalvar soyunma əməliyyatına yazdığım yazıdan iqtibas gətirdim. Deməli yazdıqlarım «müstəcəb» olmayıb. Amma hər dua «müstəcəb» olsaydı, daha qəzavü-qədərə yer qalmazdı ki. Həm də bizlər «Yağmur duasına» çətirsiz getməyə öyrənmiş xalqıq. Çünki öz kəramətimizə yaxşı bələdik…

Yazımı adətim üzrə, mənsub olduğum məşhur kolanı türklərinin bir lətifəsiylə bitirmək istərdim. Deyilənlərə görə quraqlıq kolanılar yaşayan kəndin örüş sahələrini qovurmuş, bulaqlarını qurutmaq üzrə olanda qonşu kənddən biri deyir ki, gedin filan axundun yanına «yağmur duası» yazdırın. Kəndin başbilənləri axundun yanına gedirlər.

Haqqını verib bir dua yazdırırlar və axund deyir ki, dua ilə yanaşı bir baş da qoç qurban kəsilməlidir. Adamlar axund deyənləri edirlər və kəndin sol yanındakı kəndə o ki, yağış yağır, amma Kolanı kəndinə bir damcı da düşmür. Yığışıb yenidən axundun yanına gedirlər ki, bəlkə axund koordinatları yanlış verib? Axund yenə dua yazır və bir qoç qurban kəsmələrini bərk-bərk tapşırır.

Yenə də axundun dediklərini edirlər və bu dəfə də yağış kəndin sağ tərəfindəki kəndlərə yağır, amma Kolanıya bir damcı da düşmür. Bu dəfə hirslənib bir də axundun yanına gəlib olanları danışırlar və axund deyir: «Zalımı çıxmışlar, öz qoyununuzdan kəssəydiniz, yağış sizin kəndə yağardı. Qoçları o kəndlərdən «gətirdiyinizə» görə yağış da o kəndlərə yağıb».

Elə, kolanıların adı çıxıb, bu xalq illərdir ki, yağmur duasına çətirsiz çıxmaqdadır…

Bu xəbəri paylaşın: