Taciklər qırğızlarla eyni soydandırlar?!

BUGÜN BİR-BİRİNƏ SİLAH QALDIRAN TACİKLƏRLƏ QIRĞIZLARIN, ƏSLİNDƏ, EYNİ SOYDAN OLDUQLARINI BİLİRDİNİZMİ?

2022-ci il sentyabrın 16-dan etibarən Tacikistanla Qırğızıstan arasında sərhəd münaqişəsi yenidən alovlanmış, şiddətli döyüşlər nəticəsində hər iki tərəf xeyli itki vermişdir.

Artıq qəhrəmanlıq nümunələri də vardır. Məsələn, tacik hərbçilətinin mühasirəsinə düşmüş gənc qırğız zabiti Elaman Uraimov özünü və düşmənlərini qumbara ilə partladaraq həlak olmuşdur.

Bu xalqlar zahirən bir-birlərinə heç bənzəmirlər. Taciklər əsasən avropoid irqinin Pamir-Fərqanə qrupuna, qırğızlar isə daha çox turanoid irqinə mənsubdurlar. Taciklər hind-Avropa dil ailəsinə aid edilən fars dilində, qırğızlar isə Altay dil ailəsinə daxil olan türk dilində danışrlar.

Amma gəlin zahirə aldanmayaq…

Genetik tədqiqatların nəticələrinə əsasən, qırğızların 65, taciklərin isə 60 faizə qədəri birbaşa ata xətti ilə (atadan oğula) ötürülən R1a Z93 haploqrupunun daşıyıcısıdır.

Bu isə o deməkdir ki, həm qırğızların, həm də taciklərin əksəriyyətinin əcdadı, təxminən, 5000 (beş min) il əvvəl yaşamış bir kişidir.

Beləliklə, taciklər və qırğızlar, əslində, bir-birlərinə çox yaxın və doğma xalqlardır. Amma bu da bir həqiqətdir ki, qohumlar arasında düşmənçilik və ədavət bəzən daha şiddətli olur.

Onu da əlavə edək ki, Çin Xalq Respublikasının məşhur Fudan universitetinin genetiklərinin məlumatına əsasən, qədim türklərin (göytürklərin) Aşina xaqan sülaləsinin üzvləri məhz R1a Z93 haploqrupunun daşıyıcısı olmuşlar.

P.S. Müasir xoton türkləriinin, təxminən, 87 faizi həmin haploqrupun daşıyıcısıdır. Bu, R1a Z93 haploqrupu ilə bağlı dünyada ən yüksək göstəricidir. İkinci yeri, təxminən, 72 faizlə Hindistanın brahman və kşatriya varnaları (kastaları) tutur. Siyahımızda üçüncü yer isə, qeyd etdiyimiz kimi, 63-65 faizlə qırğız türklərinə məxsusdur.

Müəllif: Araz Şəhrili

Bu xəbəri paylaşın: