Ümummilli Lider Heydər Əliyev irsinə bağlılığın və Müzəffər Ali Baş Komandan İlham Əliyevə sədaqətin canlı mücəssiməsini görmək istəyən hər kəsə tanıdılması gərəkli bir şəxs var: Prokuror, ədliyyə müşaviri və Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair «Bakı Karate-do Akademiyası» -nın fəxri prezidenti Məmməd Ağalar oğlu Əliyev.
44 günlük Vətən Müharibəsində öz maddi və mənəvi dəstəyini əsirgəməyən soydaşlarımızı 87 min üzvü olan Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) öz fəxri üzvü sayır. Bu günlərdə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) İdarə Heyətinin qərarıyla Məmməd Ağalar oğlu Əliyev Dövlətin və Prezidentin tapşırıq və göstərişlərini nümunəvi şəkildə icra etdiyinə, Peşə bayramı, 44 günlük Vətən Müharibəsində Ordumuza verdiyi dəstəyə və müharibə iştirakçılarına göstərdiyi diqqət və qayğıya görə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) fəxri üzvlüyünə qəbul edilib.


Fəxri üzvlük vəsiqəsi və AVMVİB-nin təsis etdiyi Xatirə medalı Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) sədri Füzuli Rzaquliyev tərəfindən Məmməd Əliyevə təqdim olunub. Füzuli Rzaqyliyev fəxri üzvümüzü təbrik edib.
Təqdimatda AVMVİB sədrinin müavini Vahid Abdurəhmanov, AVMVİB NTK sədri Niyazi Quliyev və AVMVİB Mətbuat Xidmətinin rəhbəri Xaqani Ədəboğlu iştirak ediblər.


Prokuror, ədliyyə müşaviri və şair Məmməd Əliyev kimdir?
Əliyev Məmməd Ağalar oğlu 29 iyun 1964-cü ildə zəhmətkeş bir ailədə anadan olub. 1982–1984-cü illərdə SSRİ-nin Daxili Qoşun Hissələrində hərbi xidmət keçib. 1986-cı ilin sentyabr ayında tələbə ikən Bakı Şəhəri sabiq Oktyabr (Yasamal) rayon Partiya komıtəsinin bürosunda partiya sıralarına qəbul olunub. 1990-cı ilin məlum Yanvar hadisələrində Sovet ordusu tərəfindən xalqımıza qarşı törədilmiş amansız qətliyamlara etiraz olaraq rəsmi müraciəti əsasında partiya sralarından imtina edib. Yaradıcılıqla məşğul olan Məmməd Əliyev Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. Azərbaycan Respublikasında (1985–1990-cı illər) mühəndis, Rusiya Federasiyasında (1993–1999-cu illər) hüquqşünas olaraq iki ali təhsil alıb. Əmək fəaliyyətinə Dövlət Neft Şirkətində başlamışdır. Uzun müddət müxtəlif idarəetmə orqanlarında, 14.11. 2000-ci ilə kimi ARDNŞ-də ali hüquqşünas vəzifəsində işləmişdir. Həmin tarixdə 36 yaşında möhtərəm Prezidentimiz cənab ilham Əliyevin 24.10. 2000-ci il tarixli No İ.Ə-34 saylı «Zəmanət məktubu» əsasında ARDNŞ-nin 10-cu dərəcəli hüquqşünas vəzifəsindən müstəsna halda birbaşa Baş Prokurorluğun mərkəzi aparatında şöbə prokuroru vəzifəsinə təyin edilərək II dərəcəli hüquqşünas xüsusi rütbəsi verilmişdir. Ədliyyə müşaviridir. «Bakı Karate-do Akademiyası» -nın fəxri prezidentidir. Ailəlidir, üç oğul atasıdır…


Adətən təqdimatlar yuxarıda verdiyimiz rəsmi sözlərlə bitər. Lakin köhnə döyüşçülərlə ilk görüşdə yaratdığı təəssürat, bizləri yeni fəxri üzvümüzü daha yaxından təqdim etməyə sövq etdi. Maraqlı və mübarizələrlə dolu bir yol keçən Məmməd Əliyevin həyat hekayələri o qədər maraqlı idi ki, vaxt darlığına baxmayaraq onu dinləməyə məcbur qaldıq. Bu adamın həyatı sanki İlahi bir üslubda planlaşdırılıb. Kiçik yaşlarında onu Ulu Öndər Heydər Əliyevlə, sonra isə Müzəffər Ali Baş Komandan İlham Əliyevlə görüşdürüb…
Heydər Əliyev hələ Azərbaycan KP MK-nın I katibi olarkən kənd zəhmətkeşləri ilə tez-tez görüşdüyünü hər kəs yaxşı xatırlayır. M. Əliyev deyir ki, belə görüşlərin birində Heydər Əliyev «Çayka» maşınını saxlayıb Parakənd kəndinin girişində kənd ağsaqqalı Fəyyaz əmi ilə, sovxoz direktoru Səhət Qasımovla və bizlərlə görüşdü, hətta zarafatlaşdı. Yarım saatdan çox çay plantasiyasında bizimlə ünsiyyətdə oldu.


Məmməd Əliyev uşaq ikən keçirdiyi bu görüşün illərlə təsirində olub və elə buna görə də H. Əliyev hakimiyyətə gəlməzdən xeyli əvvəl ilk övladına Ulu Öndərin adını verib. Bu faktı öz səhifələrində işıqlandıran «Səs» qəzetinin saralmış nüsxəsini çıxarır. 12 may 1993-cü il (№24) tarixli məqalədə Məmməd Əliyev yazır: «Hörmətli redaksiya! Ömrümün xoşbəxt bir anını sizinlə bölmək istəyirəm. Ailəmizin nadir şəxsiyyət Heydər Əlirza oğlu Əliyevə böyük hörməti var. Ən böyük arzularımızdan biri odur ki, o, müstəqil Azərbaycanımızın qorunması üçün zaman qarşısında öz sözünü desin!
Bu günlərdə dünyaya göz açmış oğlumun adını Heydər qoymuşam. Bu ürəyimdəki arzularımın yüksəyi və ən böyük təsəllisidir.
Dünyamız yaşadıqca, həm Heydər baba, həm də Heydər bala yaşasınlar, var olsunlar».


Artıq tarixləşən bu sözləri yazan Məmməd Əliyevin arzusu çin oldu. Heydər Əliyev yenidən hakimiyyətə gəldi və ölkəmizin xilası üçün mübarizəyə qalxdı. Bu gün başlanan o mübarizənin baş qəhrəmanı Müzəffər Ali Baş Komandanımız, dünya şöhrətli siyasətçi İlham Əliyevdir. Bu yolu inamla və layiqincə davam etdirir.
Çoxlarımızın bilmədiyi onlarla nüansa aydınlıq gətirən Məmməd Əliyev Yootubedə yayılmış (https://youtu.be/8Dn1Y5FKw1E) bir müsahibəsində ondan korrupsiya barədə soruşan jurnalistə belə bir cavab verir: «Mən 20 ildir ki, prokuroram. Mən öz prokuror vicdanıma and içirəm, mən özümdən danışıram. Mən Ulu Öndərin ruhuna and içirəm. Cənab prezidentin əl basdığı müqəddəs Qurani Kərimə and içirəm. Bu 20 ildə rüşvət və korrupsiyadan uzaq olmuşam. Lap şərait yaradanlar olsa da mən onları doğru yola çəkmişəm»…
44 günlük Vətən müharibəsi günlərdə kənarda qalmayan Məmməd Əliyev öz əmək haqqından hər ay 1113 (Bir min yüz on üç) manatı yaradılmış Fonda yönləndirib. Qazilərə və şəhid ailələrinə öz köməyini əsirgəməyib. Bu gün də bu istiqamətdə fəaliyyətini dayandırmayıb.
Sizlərə tanıtmaq istədiyimiz Məmməd Əliyevin tezliklə şeirlərini də təqdim etməyi və müharibə veteranlarıyla daha bir görüşünü təşkil etməyi planlaşdırırıq.
Təbrik edirik, Məmməd müəllim. Sizə fəaliyyətinizdə uğurlar arzulayırıq.
AVMVİB Mətbuat Xidməti
