I hissə
Bu yazımızda Azərbaycan adının mənasını izah edən on iki fərziyyə təsbit olunmuşdur. Əvvəlcə onlardan ən populyarını qeyd edək:
- “Azərbaycan toponimi qədim Atropatena dövlətinin adından törəmişdir. Əhəmənilər imperiyası (e.ə. 550–329) süqut etdikdən sonra, həmin dövlətin satrapı olmuş Atropat (e.ə. 370–321) tarixi Midiyanın (e.ə. 670–550) şimal-qərbində öz şahlığını qurmuşdu. Onun ölkəsi əvvəl Atropat (Aturpat, Atorpat) Midiyası, sonra isə Atropatena adlandırılmışdı. VII əsrdə bölgəni istila etmiş ərəblər Atropatena sözünü Azərbaycan kimi tələffüz etmiş və yazmışlar”.
Yunan əsilli İslam coğrafiyaçısı və səyyahı Yaqut əl-Həməvi (1178–1229) “Kitab əl-Buldan” adlı əsərində Azərbaycan adının mənşəyilə bağlı üç fərziyyə sadalamışdır:
- “Əbu Muhəmməd Abdullah ibn əl-Mukəffa (723–759) deyir ki, Azərbaycan Azərbaz ibn İran ibn Əsvəd ibn Sam ibn Nuh əleyhissəlamın şərəfinə belə adlandırılmışdır”.
- “Digərləri söyləyirlər ki, Azərbaycan adı Azərbaz ibn Bayvarasfın adından yaranmışdır”.
Qeyd. Belə bir ehtimal da var ki, ərəblər Atropat şəxs adını Azərbaz kimi tələffüz etmişlər. Bu fikri nəzərə alaraq deyə bilərik ki, tarixdə Atropat adlı daha bir məşhur şəxsiyyət olmuşdur. Marəspəndanın oğlu Azərbaz (Adurbad-i Mahraspandan, Azərbəd-e Marəspəndan) 290-cı ildə dünyaya gəlmiş, 320-ci ildə Sasanilər imperiyasının Mobədlər Mobədi (zərdüştilikdə ali dini dərəcə) seçilmiş, 371-ci ildə vəfat etmişdir. Azərbaz zərdüştiliyin müqəddəslərindən, eyni zamanda tarixin ən müdrik şəxsiyyətlərindən biri hesab olunur. Yeri gəlmişkən, “özgəsinə quyu qazan, sonda özü o quyuya düşər” məşhur Azərbaycan zərb-məsəlinin müəllifi ola bilsin ki, həmin Azərbazdır.
Zərdüştiliyin “Denkərd” (IX əsr) kitabındakı məlumata görə, Azərbaz İranın Kuran kəndində doğulmuşdur. Güman edilir ki, həmin kənd indiki Pakistanın Sind və Bəlucistan vilayətlərindəki Mekran səhrasında yerləşirmiş. Belə bir iddia üçün yeganə əsas isə, Kuran və Mekran (Makuran şəklində də yazıla bilərdi) toponimləri arasındakı bənzərlikdir. Digər ehtimala görə, Azərbazın əsli İranın Mazandaran ostanının Miandorud şəhristanının Makeran kəndindəndir. Yenə də ad oxşarlığına istinad edilmişdir. Üçüncü fərziyyəyə əsasən, Azərbazın vətəni İranın indiki Fars ostanıdır.
Qeyd etmək lazımdır ki, bugün İranda Kuran adlı ən azı on bir kənd vardır:
Kuran – Qərbi Azərbaycan ostanının Urmiya şəhristanında kənd;
Kurani – Qərbi Azərbaycan ostanının Urmiya şəhristanında kənd;
Kuran – Qərbi Azərbaycan ostanının Mehabad (Soyuqbulaq) şəhristanında kiçik kürd kəndi;
Kuran – Şərqi Azərbaycan ostanının Hurand şəhristanında böyük türk kəndi;
Kuran-e Türkiyə – Şimali Xorasan ostanının Faruj şəhristanında qədim türk kəndi;
Kuran-e Kurdiyə – Şimali Xorasan ostanının Faruj şəhristanında kiçik kürd kəndi;
Kuran-e Tat – Şimali Xorasan ostanının Əsfərəyan şəhristanında əski türk–tat kəndi;
Kuran-e Ulya – Sistan və Bəlucistan ostanının İranşəhr şəhristanında kənd;
Kuran-e Suflə – Sistan və Bəlucistan ostanının İranşəhr ostanında kənd;
Kuran – Hörmözqan ostanının Bəndər-Abbas şəhristanında xırda sünni fars kəndi;
Kuran – Hörmözqan ostanının Bəstək şəhristanında balaca fars kəndi.
Göründüyü kimi, mobədlər mobədi Azərbaz, əslində, azərbaycanlı da ola bilərdi. Zərdüştiliyin “Bundahişn” adlı kitabına əsasən, Azərbaz İranın əfsanəvi Pişdadilər sülaləsindən idi. Xatırladaq ki, İran mifologiyasına görə, qədim zamanlarda bu ölkə bir-birini əvəz etmiş dörd sülalənin hakimiyyəti altında olmuşdur. Onlardan birincisi Pişdadilər, ikincisi Kəyanilər, üçüncüsü Əşkanilər (Ərsaqilər), dördüncüsü isə Sasanilərdir.
Hər hansı bir əfsanə və mifin əsasında müəyyən bir həqiqət, real tarixi hadisə yata bilər. Rəvayətlərdə deyilir ki, Kəyanilər sülaləsi hakimiyyət başına Pişdadilər sülaləsindən sonra keçmişdir. İran mifologiyasının tədqiqatçıları Kəyanilər sülaləsini Əhəmənilər (e.ə. 553–229) sülaləsilə eyniləşdirirlər. Tarixdən isə bəllidir ki, Əhəmənilər sülaləsindən əvvəl indiki İran və Orta Asiyanın da böyük bir hissəsi Midiya (Azərbaycan) şahlarına tabe idi. Deməli, Pişdadilər, o cümlədən, Marəspəndanın oğlu Azərbaz maday, yəni qədim azərbaycanlı olmuşlar.
Belə bir haşiyədən sonra Yaqut əl-Həməvinin diqqətini cəlb etmiş üçüncü fərziyyəyə nəzər salaq:
- “Bəziləri isə güman edirlər ki, pəhləvi dilində azər sözü atəş, bayqan sözü isə keşikçi və ya mühafizəçi deməkdir. Beləliklə, Azərbaycan sözü atəş məbədi və ya atəş mühafizəçisi anlamını ifadə edir. Bu, həqiqətə uyğundur. Çünki həmin ərazidə çoxlu atəş məbədi vardı”.
Ardı var…
Müəllif: Milli Kimlik Araşdırmaları Qrupunun üzvü Araz Şəhrili